Yuxarı

İntihar kəndirindən asılan talelər

İntihar kəndirindən asılan talelər

Ötən gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə intiharlar haqda açıqlama verərkən bildirib ki, bu qrup şəxslərin böyük əksəriyyəti ruhi xəstə, narkomandır. Onun sözlərinə görə, intiharların və Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan cinayət işlərinin təhlili də onu göstərir ki, dünyanın hər yerində olduğu kimi, respublikamızda da özlərinə qəsd edən insanların böyük əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizmdən, narkomaniyadan, digər ağır xəstəliklərdən əziyyət çəkənlər, problemli ailələrin üzvləri və başqalarıdır. 

Sitat: "Son 10 ildə ölkə əhalisinin sayının təxminən 1 milyon nəfərdən çox artması da bu rəqəmlərə təsir göstərir. Cəmiyyət varsa, insanların qanunlara sığmayan fəaliyyəti mövcuddursa, deməli, istənilən cəmiyyətdə cinayətin, o cümlədən, intiharların da baş verməsi labüddür”.

Qısaca da olsa, ölkədə baş verən bir neçə intihara səbəb olan hadisələrə nəzər yetirək. Bir müddət bundan öncə, iyulun 26-da Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb. Ailədə yaranan problemlərə əsas səbəb qadının ögey qayınanası olub.Qadının həyat yoldaşı Nəsrəddinin analığı olan Dursunla Pərvanə arasında -söhbətlər səngimək bilməyib.Yaranan növbəti münaqişə onun 3 yaşlı Sənan və 9 aylıq qızı Səma ilə özünü qatarın altına ataraq intihar etməsinə səbəb olub.

Bu və bu kimi bir neçə intihar hadisəsinin baş vermə səbəblərinə nəzər saldıqda daha çox ailədaxili münaqişələr, münasibətlərin düzgün qurulmaması, sosial problemlərin belə bədbəxt olayları doğurduğunu deyə bilərik.Azərbaycanda qadınlar daha çox ailə-məişət problemlərindən, kişilər isə sosial və iqtisadi yüklərdən azad olmaq üçün intihara əl atırlar.Əlbəttə, bu çıxış yolu olmasa da, insanlar üçün son nöqtədir.Lakin heç bir əsasla inithar edən şəxslərin ruhi xəstə, yaxud da narkoman olduğunu söyləmək olmaz.Çünki onlar sosial problemlərlə yüklü deyil.Ekspertlər də belə deyir.

Zəif iradəli insanlar düşünürlər ki, intihar etməklə bu girdabdan yaxa qurtara bilərlər.Dəfələrlə olub ki, sağalmaz xəstəliyə düçar olan şəxslər əzabdan qurtulmaq üçün intihar ediblər.İntiharların müəyyən fəsli amillərlə bağlılığı da dəfəlrələ təsdiqlənmiş elmi məlumatlar sırasındadır.

Əlbəttə, intihar statistikasının artımında mənəvi problemlər maddi çətinliklərdən daha ön cərgədə qərarlaşıb.Nəsil münasibətlərinin dağılması, hətta valideyn-övlad əlaqəsinin zəifləməsi problem yaranarkən insanları aciz durumda qoyur.Kömək üçün kimə ağız açasan, bilmirsən.Yalnız bu zaman, arzuolunmaz hadisələr baş verir.
Maraqlıdır, ekspertlər bu haqda nə düşünür?İntihara səbəb olan amillər hansılardır?

Digər millət vəkili Musa Quliyev hesab edir ki, intiharların baş verməsinə əsas səbəb sosial problemlər deyil. M.Quliyev bildirib ki, 50-100 il öncə insanlar indiki ilə müqayisədə qat-qat kasıb yaşayıblar. İntihar statistikası sosial problemlərdən asılıdırsa, gərək ki, 50-100 il öncə də bu qədər insan intihar edəydi. 

Ekspertlər də bildirir ki, intiharların azalaması üçün ilk növbədə səbəblər araşdırılmalı, bir sıra məsələlər ciddi analiz edilməlidir.

Psixoloq Elnur Rüstəmov "Cümhuriyət”ə açıqlamasında intiharların yaranma səbəbindən danışıb.Onun sözlərinə görə, informasiya əsri, qloballaşma və başqa səbəblər insanların ruhi hallarına birbaşa təsir edir.Bu gün intihar hadisələri adiləşib.Adamlar artıq sosial şəbəkələr üzərindən intihar edəcəklərini bəyan edirlər.

E.Rüstəmov bildirir ki, intiharların çəkisinin artmasında Verter sindromunun rolu danılmazdır: "Belə xəbərlər nə qədər geniş yayılsa, arxasınca da kütlə gələcək ki, bu da sonda cansız bədənlərin sayının artmasına təsir edəcək. Sosioloji sorğuya görə dünyada intihar statistikasına görə, daha çox şimal qütbündə yaşayan ölkələr ön planda olub.Hava şəraiti ilə əlaqədar olaraq insanlar yaranan depressiyanın təsirindən intihara əl atır.Azərbaycanda bu rəqəmin böyüməsinin müxtəlif səbəbləri var. Sosial-iqtisadi vəziyyətin gərgin olmasının da xüsusi çəkisi var.

Açıqlanan rəsmi statistikalar son illər ölkədə intihar hallarının sayının azalmasını göstərir. Belə ki Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova 2016-cı il Azərbaycanda 327 tamamlanmış, 470 tamamlanmamış intihar hadisəsinin qeydə alındığını söyləmişdi. Mərkəzin rəsmisi ölkədə intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu bildirmişdir. Sitat: "Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsidir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub”. K. Talıbovanın sözlərinə görə, 25-50 yaş insanlar daha çox intihara cəhd edir. Bütün bunlar əlimizdə olan rəsmi məlumatlardır.

Ölkənin rəsmi qurumları ilə yanaşı Dünya Sağlamlıq Təşkilatının hesabatında da Azərbaycanda intihar statistikası az göstərilir. 2014-cü ildə intiharların statistikasına görə Azərbaycan 165-ci yerdə qərarlaşıb.Bu zaman Azərbaycanda hər yüz minə 1.67 intihar hadisəsi qeydə alınıb.2015-ci ildə isə ölkəmiz 167-ci yerdə qərarlaşıb.Belə ki, qeyd olunan ildə Dünya Sağlamlıq Təşkilatının ölkələrin intiharlarla bağlı hesabatında 183 ölkə sırasında hər yüz min nəfərə düşən intihar statistikasına görə siyahıya Şri-Lanka rəhbərlik edib.Burada hər 100 min nəfərə 34.6 intihar hadisəsi düşüb ki, onların da sırasında kişilər üstünlük təşkil edib. 4-cü yerdə Qazaxıstan, 17-ci yerdə Rusiya, 21-ci yerdə Ukrayna, 112-ci yerdə Türkiyə, 146-cı yerdə Gürcüstan, 152-ci yerdə Ermənistan, 164-cü yerdə İran qərarlaşıb. Azərbaycanda hər yüz min nəfərə 5.3 intihar hadisəsi, Rusiyada, 32.2, Gürcüstanda 9.7,Türkiyədə 12.6, İranda 4.2, Ermənistanda 8 nəfər düşüb. Qeyd edək ki hər il dünyada 788 000-dən artıq insan intihar edərək dünyasını dəyişir. Bu isə hər yüz min nəfərə 10.7 intihar hadisəsi deməkdir.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları