Yuxarı

Şəhəri siçovullar basıb

Şəhəri siçovullar basıb

Bakının müxtəlif rayonlarında mənzillərə siçan və siçovullar ayaq açıb, sakinlər də bundan şikayətçidir. 

Cebhe.info xəbər verir ki, əsasən köhnə binaların zirzəmilərində, zibilliklərdə və anti-sanitariyanın hökm sürdüyü digər yerlərdə məskunlaşan gəmiricilər mənzillərə soxulmağa başlayıb. Ümumiyyətlə, müşahidələr əsasında şəhərdə siçan və siçovulların artdığı bildirilir. Maraqlıdır, Bakıda gəmiricilərlə mübarizə üçün hər hansı tədbir görülür? 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Cebhe.info-ya açıqlamasında deyib ki, mənzil ərazi şöbələri bununla bağlı onlara müraciət etdiyi təqdirdə məsələ ilə bağlı ölçü götürülür: 

"Yalnız müqavilə bağlandıqdan sonra ayda iki və ya üç dəfə həmin ərazilərdə deratizasiya tədbirləri aparılır. Müqavilə təsdiqlənmiş qiymət cədvəlinə uyğun həyata keçirilir. Qiymət sahənin harada yerləşməsinə, qapalı və açıq olmasına, həmçinin də sahənin böyük və kiçikliyinə baxır. Hər kvadratmetrin öz qiyməti var.Bundan başqa, hansısa müəssisə və ya təşkilat istəyərsə, eynilə bizimlə müqavilə bağlanılır və tədbirlər görülür”. Respublika Dezinfeksiya Mərkəzinin əməkdaşı isə deyir ki, siçan və siçovulların artmasından narazı olan sakinlər tez-tez mərkəzə müraciət edirlər: "Sakinlərdən bizə şikayətlər daxil olsa da, təsərrüfat birlikləri ilə müqavilə olmadan hər hansı tədbir görə bilmərik. Bu səbəbdən bunu sakinlərə izah edib rayon üzrə təsərrüfat şöbəsinin nömrəsini verərək, onlara yönləndiririk. Hansısa bina sakini fərdi olaraq "JEK”lərlə müqavilə bağlaya bilir. Bu zaman "JEK” işçiləri siçan və siçovullarla mübarizə üçün ərazini dərmanlayırlar”.

Mərkəz əməkdaşı həmçinin siçan və siçovulların artma səbəbi kimi antisanitar şəraitlə yanaşı, isti havaların da buna səbəb olduğunu vurğulayıb. 

Yeri gəlmişkən, bir müddət əvvəl Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova ötən il ölkə üzrə 17 min insanı heyvan dişləməsi haqda hesabat açıqlayıb. O bildirib ki, insanları dişləyən heyvanlar arasında itlər üstünlük təşkil edir. 90 faiz hallarda it, yerdə qalan hallarda isə pişik, çaqqal, siçovul və digər heyvanların dişləməsi halları müşahidə edilir. Qeyd edilib ki, son iki il ərzində Azərbaycanda 23500 nəfəri heyvan dişləyib. 

Aytən Həsənova 





Həftənin ən çox oxunanları