Yuxarı

Azərbaycan qadını üçün "ikinci bahar”

Azərbaycan qadını üçün

Azərbaycan xanımlarının ikinci dəfə ailə qurması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu günlərdə Xocalı faciəsindən sonra könüllü orduya gedən və 1992-ci ildə şəhid olan Rəşid Bağırovun həyat yoldaşının ikinci dəfə ailə qurması və bu məsələyə yanaşmalar problemi  yenidən gündəmə gətirdi. 

Qadın ikinci dəfə ailə qura bilərmi?

Ailəsini itirən və ya boşanan qadının növbəti dəfə ailə qurmasına  Azərbaycanda heç də müsbət yanaşılmır. Müxtəlif əsaslandırmalarla bu halda qadın qınanılır, günahlandırılır və daim basqı altında qalır.Halbuki İslam hüququnda da qadının neçə dəfə ərə getməsi haqda bir məhdudiyət yoxdur.

Məlumdur ki, evliliyə qərar verən bütün insanların ailə həyatı heç də həmişə uzunömürlü olmur.Yəni müxtəlif səbəblər bəzən evli cütlükləri ayrılıq qərarı vermək məcburiyyətində qoyur.Təbii ki, bir çox yetkin insanlar boşandıqdan sonra həyatını yenidən qurmağa meyllənir. Hətta araşdırmalar da boşanan cütlüklərin 3-5 il sonra yenidən evləndiklərini sübut edir. Araşdırmalardan məlum olur ki, kişilərin yenidən evlənmə nisbəti qadınlara görə daha çox və tezdir.

İslamda çoxevlilik...

Məlumat üçün bildirək ki, İslam hüququnda evliliyin ölüm, boşanma və ya fəsih səbəblərindən biriylə sona çatması halında qadın yenidən evlənə bilər. Bunun üçün qadının gözləməyə məcbur olduğu müddət (iddət) var. Amma qadın eyni anda iki insanla evli ola bilməz. Bu haqdakı nümunələrdən birini qeyd edək.Cəmiyyətdə belə bir fikir var ki, qadın həyat yoldaşını itirəndən və ayrılandan sonra özünü yalnız övladlarına həsr etməlidir.Qız övladı olan dul qadınlar nədənsə ikinci dəfə ailə qurmaqdan çəkinirlər. Düşünürlər ki, özgə kişi onun yeniyetmə qız övladına ata gözü ilə baxmayacaq, bu mənada başqa problemlər ortaya çıxa bilər. Çox hallarda bu istiqamətdə düzgün seçim etməyi də bacarmırlar.Amma unutmaq lazım deyil ki, qadınlar zərif, zəif və şəfqət qəhrəmanları olduqlarına görə tək yaşamaları çətindir.Həm də tək qalıb günaha girmək təhlükəsi olan qadın mütləq evlənməlidir.

Kök atan stereotiplər...

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Cümhuriyət” qəzetinə bildirib ki, ümumən bu məsələ Azərbaycanda həmişə problem olub:

"Hətta Sovet dövründə ərə gedib boşanmış, əri ölmüş dul qadınların təkrar ailə qurması ciddi ictimai qınağa səbəb olmuşdu.Bizim stereotiplərə, düşüncə tərzimizə görə ana fədakar, dözümlü olmalı, ana öz həyatını qurmamalı, yalnız öz övladına görə yaşamalıdır.Yəni bu düşüncə tərzi bizim şuurumuzda o qədər kök atıb ki, biz ananı müqəddəsləşdirmişik və onun mənəvi, bioloji ehtiyacları barədə düşünmək belə istəmirik.Bizə elə gəlir ki, o artıq insan deyil.Ana olaraq uşağına görə bütün fədakarlıqlara dözməli, hər şeydən imtina etməli, çərçivə içində yaşamalıdır. Hətta övladını uşağının atasının ruhu ilə  böyütməlidir. Digər bir məsələ isə ondan ibarətdir ki, övladı olan qadınların ikinci dəfə ailə qurmasında ictimai fikirlər rol oynayır ki, kişi qadının övladına baxmayacaq, cinsəl və digər hərəkətlər mövcud ola bilər. Əvvəllər belə qadınları ailələri himayə edərdi.Yəni qadın qayın, qayınata tərəfdən dəstəklənərdi.İqtisadi, sosial və digər ehtiyaclar tam təmin olunardı. Qadın həmin evdə qala və bərabərhüquqlu ola, övladını o nəslin davamçısı kimi böyüdə bilərdi. Bu dəstəyə görə də qadının təkrar ailə qurması o qədər də qəbul olunmurdu. Çünki dəstək var idi. Amma indi görün nə baş verir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu gün dul qadına ailəsi tərəfindən göstəriləcək dəstək yoxdur:

"İndi qonşular, qohumlar, yaxınları belə qadınlara dəstək vermir. İkinci bir məsələ isə xanımlar özlərinə güvənməklə yox, yenidən kişilərə güvənməklə yaşamaq istəyirlər. Yəni həyat yoldaşı, yol yoldaşı, bir insan  yox, sadəcə ona baxan kimsə olsun. Xarici ölkələrdə dul qadınlar özünə dost, ömür yoldaşı axtarırlar, bizdə isə daha çox ehtiyaclarını qarşılayacaq, bir sözlə ona baxacaq kişi axtarırlar. Ola bilsin ki, şəhid qadının ərə getməsinin qınağa çevrilməsi də şəhid müqəddəsliyinin qorunub saxlanılmasından irəli gəlir. Çünki şəhidin ruhu müqəddəsdir. Kiminsə kimləsə ailə qurması heç kimi narahat eləmir. Şəhid arvadının ailə qurmasını isə qınaq kimi qəbul edir. Mən o qadını tanımıram və onun şəxsi həyatını müzakirə etmək mənə yaraşmaz. Kim deyir ki, ailə qurmamalısan, həyatını yaşamamalısan? Ailənin qurulması vacibdir, ən əsası isə qadının özü də güclü olsun. Qadının bütün ehtiyacları təmin edilsə də, bəlkə onun bioloji tələbatı  var və istəyir ki, bunu ailə çərçivəsində yaşasın. Bəlkə qadın ələbaxmağı götürmür. Ümumiyyətlə, şəhid adının qabardılması və onun adı ilə bu cür məsələlərin gündəmə gətirilməsi düzgün deyil. Adam ailə qurursa, bu onun problemidir. Ola bilsin ki, nə qədər şəhid arvadı ailə qurubsa, bunu qəsdlə mətbuata çıxarmaq şəhidlərin ruhuna hörmətsizlikdir”.

Mehriban Zeynalova qeyd edib ki, nə qədər ki, qadınlar özləri seçim edə biləcək, o qədər də bu qınaqlar olmayacaq:

"Qadınların seçimləri də təkrar yanlışlıqlarla nəticələnir. İnsan özünə güvənməlidir. Bəlkə də bu qınağın yaxşı tərəfi odur ki, qadınların özgüvənliyini artırıb, özü ayaq üstə durmaq mesajını verərdi. Amma o mesaj səslənmədiyinə görə daha çox qadının ayrı-seçkiliyə məruz qalan obyekt kimi gözə görünür. O qədər kişilər arvadının qırxı çıxmamış evlənir. Heç onlara bir söz deyən yoxdur. Hələ bir misal da var ki, kişi arvadının qırxı çıxana qədər evinə gələn qadınlara nəzər yetirməlidir ki, görsün kimi seçir. Məsələnin də mahiyyəti budur ki, kişiyə qınaq olmur, amma qadına olur. Mən inanmıram ki, kifayət qədər qadının həyatında seksual-intim münasibətlər önəmli olsun, qalan məsələlər isə ikinci plana keçsin. Hələ bizim şuurumuz o qədər deyil ki, biz o seksual-intim münasibətlərdə harmoniyanı başa düşək və ona görə seçim edək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları