Yuxarı

Bölgə üçün qorxunc proqnoz

Bölgə üçün qorxunc proqnoz

Rusiya və ABŞ arasında yüksələn gərginlik ikinci "soyuq müharibə” ehtimalını artırır.Münasibətlər 1945-1990-cı illər arasındakı "soyuq müharibə”dən daha təhlükəli hal alıb, bölgələri əhatə edən hərbi təhdidlər və təxribatçı fəaliyyətlər əvvəlki səviyyədən də yüksəkdir.Eyni zamanda iki ölkə arasındakı iqtisadi qarşıdurma da gərginliyi pik həddə qaldırıb.Rəqibi küncə sıxışdırıb öldürücü zərbə vurmaq üçün qarşılıqlı sanksiyalar tətbiq edilir və ticari əlaqələr məhdudlaşdırılır.

İnformasiya və ideologiya müharibəsinin davam etdiyi vaxt, aparılan təbliğat fəaliyyətləri isə müharibə qorxusu yaradıb.ABŞ bir tərəfdən sanksiyalarla Rusiyanın iqtisadi gücünü zəiflətməyə çalışdığı halda, digər yandan da rəqibinin dünyadan təcrid edilməsi siyasətini davam etdirir. Bu məsələdə Orta Asiya, Uzaq Şərq, yaxud Sakit Okean bölgəsi, Şərqi Avropa və Qafqaz Rusiyanı təcridetmə siyasətində əhəmiyyətli faktorlardır. Şübhəsiz ki, tərəflər arasında qalxan təzyiqlərin bu bölgələrə mənfi təsirlərinin olacağı qaçılmazdır.

Rusiya "Şərq üçbucağı”nda

Rusiya Barak Obama dönəmində müharibə ehtimalını artıran gərgin münasibətlərin Donald Trampın hakimiyyəti illərində başa çatacağına ümid edirdi.Trampın seçkiqabağı kampaniyada bununla bağlı verdiyi vədlər də Rusiya - ABŞ münasibətlərində yeni perspektivlərin yaranacağı gözləntisini yaratmışdı. Lakin bir tərəfdən yeni prezidentin səlahiyyətlərini azaltmaq məsələsini gündəmə gətirən Amerika Konqresi, digər yandan xarici dövlətlər üçün hazırladığı 120 səhifəlik sanksiya layihəsində Rusiyaya 98 səhifə ayırmaqla gərginliyi Obama dönəmindəki münasibətlərdən də riskli mərhələyə qaldırdı. Tramp məlum layihəni imzalamaqla Rusiyanı Şimali Koreya və İranın daxil olduğu "Şər üçbucağı”na daxil etdi. Beləliklə, ABŞ-la münasibətlərin yumşalmasına azalan ümidi Rusiyanı yenidən ABŞ-ın onu təcrid etməyə çalışdığı Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölgələrində fəallaşmasına rəvac verib.Hətta, münasibətlərin müharibə riski daşıdığı vaxtlarda belə ABŞ qarşısında Şimali Koreyanı dəstəkləməyən Rusiya artıq rəsmi Pxenyana dəstək üçün fəallaşıb.

Gərginlik nə vəd edir?

Krımın ilhaqından sonra Ukrayna üzərindən Şərqi Avropada gərginləşən münasibətlər son sanksiyalarından sonra daha da pisləşib. ABŞ-ın Ukraynanın Qara dəniz sahillərində (Oçakov limanı) hərbi baza tikməsinə cavab olaraq, Rusiya Kalininqrad bölgəsindəki hərbi qüvvələrinin sayını artırmaqla yanaşı, regionda uzaqmənzilli ballistik raketlərini yerləşdirib. NATO isə Baltikyanı bölgəyə 100 minlik qoşun yeridib.Analitiklərə görə, tərəflərin qarşılıqlı şəkildə silahlanma yarışına cavab kimi Rusiya Ukraynada hərbi əməliyyatlarını bərpa edə bilər.Qara dəniz və Baltikyanı bölgədəki qüvvələrinin və təlimlərinin sayını artıran NATO və ABŞ eyni zamanda Cənubi Qafqaz - Gürcüstanla bağlı məqsədlərini də ortaya atıb.Bir müddət əvvəl vitse-prezident Mayk Pensi Gürcüstana göndərən Ağ Ev həmçinin Ukraynada olduğu kimi bu ölkədə də hərbi baza tikmək məsələsini nəzərdən keçirir.Başqa sözlə, ABŞ-ın bu bölgələrdə fəallaşmasına Rusiyanın sakit dayanmayacağı, Azərbaycanın da daxil olduğu regionlar üçün yeni təzyiq mexanizmlərini işə salacağı gözləniləndir.

Bölgələr hibrid müharibə təhlükəsi qarşısında

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ - Rusiya münasibətlərinin kəskinləşməsi və "soyuq müharibə” ab-havasının yaranması sülh və sabitliyin qorunması ilə bağlı çox ciddi risklər yaradır. Politoloq diqqətə çatdırıb ki, maraqların kəsişmə bölgələrində bu risklər daha qabarıq nəzərə çarpır:

"Belə ki, bu vaxta qədər tarazlaşdırılmış xarici siyasətə üstünlük verən ölkələrin ənənəvi yanaşmaları indi onlar üçün başarğısına çevrilə bilər. Söhbət, həm Rusiya, həm də ABŞ-ın təzyiqlərindən gedir.Konkret geosiyasi seçim də gələcək üçün təhlükə yaradan amil kimi çıxış edir.Yaxud, bu cür seçim qərarı Rusiya tərəfindən hibrid müharibə elan olunmasına, ABŞ tərəfdən isə sanksiyalara məruz qalmaq perspektivi yarada bilər.Əlbəttə, hazırda vəziyyət hələ ki, bu həddə qədər pisləşməyib.Amma proseslər durmadan bu istiqamətdə cərəyan edir, bu perspektiv o qədər də uzaqda deyil.Digər tərəfdən ABŞ - Rusiya rəqabəti maraqların kəsişmə məkanlarında - Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi bölgələrdə yerləşən ölkələr manevr imkanlarını məhdudlaşdırır”.

Zaur İbrahimli qeyd edib ki, ən qorxulu perspektiv isə bu bölgələrdə Suriyada baş verənlərin başqa formada təkrarlanmasının mümkünlüyüdür:

"Hazırda NATO Şərqi Avropada, Baltikyanı bölgədə hərbi potensialını artırır. Cənub Qafqazda da bu tendensiya hiss olunur. Bu yaxınlarda Gürcüstanda NATO hərbçilərinin iştirakı ilə təlimlərin keçirilməsi bu istəyi göstərdi.Bütün bunlar Ukraynada olduğu kimi, bu bölgələrdə hibrid müharibələr təhlükəsini reallığa çevirir.Hazırda bu bölgələrdə yerləşən ölkələrdə ciddi informasiya savaşının, lobbillərin fəallığını müşahidə edirik.Bu bəzən elə formada baş verir ki, hökumətlər belə əlacsız qalırlar. ABŞ - Rusiya münasibətlərinin kəskinləşməsi eyni zamanda qlobal silahlanma, yeni ittifaq və blokların yaranmasına da təkan verib. Bir sözlə, ABŞ - Rusiya münasibətlərinin kəskinləşməsi bütün dünya üçün qarşıdakı illərdə sınaqlar və böhranlar vəd edir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları