Yuxarı

15 yaşlı analar

15 yaşlı analar

Aynur Veysəlova: "Bu kimi faktların artması valideynlərin övladlarına məsuliyyətsiz yanaşmalarının təzahürüdür”

Son 16 il ərzində Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayı 6 dəfə, 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2 dəfə artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq, 16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib. Son 16 il ərzində 16 yaşda olan qadınlar tərəfindən ən çox uşaqların doğulduğu il 2010 və 2011-ci illər olub. 2010-cu ildə Azərbaycanda 16 yaşda olan qadınlar tərəfindən 855, 2011-ci ildə 964 uşaq doğulub. 

Son 16 il ərzində 16 yaşa qədər olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox  2014 və 2015-ci illərdə qeydə alınıb. 2014-cü ildə belə qadınlar tərəfindən 228, 2015-ci ildə 175 uşaq doğulub. 2016-ci ildə yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2014 və 2015-ci illərlə müqayisədə azalsa da, ötən il bu yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı yenə də 2000-ci illərin əvvəlində doğulanlardan çoxdur.

2016-cı ildə Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən 150, 16 yaşda olan qadınlar tərəfindən 600 uşaq doğulub.

Ümumilikdə, 2016-cı ildə Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən 16894 (2015-ci ildə 18056 uşaq) uşaq doğulub ki, onların 150-si yaşı 16-dək, 600-ü 16 yaşda, 2059-u 17 yaşda, 5278-i 18 yaşda, 8807-i 19 yaşda olan qadınlar tərəfindən doğulub. Ötən il 15-19 yaşlı qadınlar tərəfindən diri doğulan 16894 uşağın 14110-u qadının 1-ci, 2636-ı 2-ci, 140-ı 3-cü, 8-i 4-cü uşaq kimi dünyaya gəlib.

Maraqlıdır, Azərbaycanda arzuolunmaz statistik rəqəmlərin artmasına səbəb nədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi üzrlü səbəblər olduqda, bu yaş bir il azalır: "Nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər”. 

A.Veysəlovanın sözlərinə görə, 2000-ci illə müqayisədə rəqəmlərin artaraq, 2016-cı ildə 150-yə çatması valideynlərin övladlarına məsuliyyətsiz yanaşmalarının bir təzahürüdür: 

"Bu rəqəmlərin artmasının səbəbi insanların övladlarına qarşı məsuliyyətsiz davranmasıdır. Valideynlərin bir çox hallarda uşaqların gündəlik həyat tərzi, dostları, ətraf mühitləri ilə yaxından maraqlanmaması bu kimi problemlərə yol açır. Övlad-valideyn arasında olan məsafə bəlli ölçüdə olmalıdır. Bəzən bu sədd o qədər möhkəm olur ki, uşaq baş verən qorxunc hadisə haqda valideyninə məlumat verə bilmir. Valideyn-övlad arasında olan pərdə o qədər şəffaf olmalıdır ki, uşaq bunu hiss etməməlidir. Xüsusilə də keçid yaş dövründə valideyn övladı ilə dost olmalıdır. Hər hansı səhv olarsa belə, valideyn övladının yanında olmalı, onu müdafiə etməli, qorumalıdır. Uşaq hiss etməlidir ki, onun arxası, dayağı var. Valideyn üzərinə böyük yük düşdüyünü deyən A.Veysəlova bildirir ki, ildən-ilə qanunvericilikdə valideyn məsuliyyətinin artırılması ilə bağlı əlavə və dəyişikliklər olur. 

Valideynlərin kifayət qədər məlumatlanmasına zərurət var: "Təəssüfləndirici haldır ki, qayğıya ehtiyacı olan qız uşaqları özləri övlad dünyaya gətirərək qayğı çəkməli olur. Cəmiyyətin bir hissəsinin məlumatlı  olmaması bu cür problemlərin yaranmasına yol açır. Cinayəti  törədən ictimai qınağa cəlb olunmalı, həm mənəvi, həm də ictimai məsuliyyəti hiss etməlidir”. 

A.Veysəlova bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin 2-ci bəndi həddi-buluğa çatmayanların nikahı haqdadır ki, burada məsuliyyət ikiqat artıqdır: 

"Bu zaman uşağın qəyyumçusu, valideyn cinayət msəuliyyətinə cəlb edilir. Artıq bu cür hallar, məcburi nikaha təşviq etməklə bağlı az da olsa, cinayət məsuliyyətinə cəlb olunan valideynlər var”. Maraqlıdır, bu doğuşlarda qeyri-rəsmi nikahların sayı çoxdur, yoxsa, zorakılıq hallarının. A.Veysəlova bu suala cavab olaraq bildirib ki, bu doğuşlar təkcə təsadüfi intim münasibət və zorakılığın nəticəsi deyil: "Burada qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların da da çəkisi var. Bu səbəbdən yalnız bir səbəb göstərmək mümkün deyil”. 

A.Veysəlova bildirir ki problemin qarşısını almaq üçün insanların şüurunu dəyişmək lazımdır: 

"Qız uşaqları təhsil almalı, öz ayaqları üstdə durmağı bacarmalı, yalnız bundan sonra ailə həyatı qurub övlad dünyaya gətirməlidir. Bir çox hallarda valdieynlər bunu qəbul etmir, istyəirlər ki, qızları tez ailə həyatı qursun”. 

Bəs, əksər hallarda bu cür doğuşların sonu necə nəticələnir? Valideynlər daha çox nəyə maraqlıdır: problem tez ört-basdır olsun deyə, qızlarını həmin şəxsə ərə verməyə, yoxsa aidiyyəti üzrə şikayət edərək həmin şəxsə cəza kəsilməsinə?

A.Veysəlovanın sözlərinə görə bəzi hallarda bu cür münasibətlər evliliklə başa çatır: 

"Digər tərəfin yaxınları məsuliyyətdən yaxa qurtarmaq üçün tərəflərin ailə qurmasına cəhd edirlər. Bir çox hallarda bu ailələr uğurlu alınmır. Çünki təsadüfi münasibət yaranan bu cür ailələrdə fikir ayrılığı daha çox olur. Bir çox amillər də problemlərə səbəb olur”.

Dövlət komitəsinin rəsmisi bildirib ki, bu cür hadisələrin daha çox hansı bölgələrdə müşahidə olunması ilə bağlı heç bir təsnifat aparılmır. 

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları