Yuxarı

Tələbələri xaricə qaçıran səbəblər

Tələbələri xaricə qaçıran səbəblər

"90-cı illərdə az qala ölkədə alim qalmamışdı, hamısı xarici ölkələrə üz tutmuşdu”

Gürcüstanda ali məktəblərin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin sayı artıb. Gürcüstanda "4+1” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına  qəbul olunan azərbaycanlı və erməni tələbələrin sayında artım var. Gürcüstanın Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin direktoru Maya Miminoşvili keçirdiyi brifinqdə bildirib ki, 2013-cü ildə "4+1” proqramına qəbul olunmuş azərbaycanlı və erməni tələbələrin sayı 887 nəfər idisə, bu il onların sayı artaraq 1047 nəfərə çatıb. Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 39 min abituriyentin 28 176-sı tələbə adını qazana bilib. 

Qeyd edək ki, Gürcüstanda 2010-2011-ci tədris ilindən tətbiqinə başlanılmış "4+1” proqramına əsasən, milli azlıqlardan olan abituriyentlər doğma dillərində ümumi biliklər üzrə imtahan verərək ali məktəbin intensiv gürcü dili kursuna daxil olur. Bir illik kursu başa vuran tələbələr tələb olunan krediti topladıqdan sonra bakalavr pilləsi üzrə təhsilini davam etdirir.

Bu gün Azərbaycanda gənclərin ən çox müraciət etdiyi sahə xaricdə təhsil proqramlarıdır.Gənclərin çoxunun xaricdə təhsil arzularının altında müxtəlif səbəblər yatır.Kimi xaricdə təhsil almağı seçərkən büdcəyə, kimi gedəcəyi şəhərlərə üstünlük verir.Təbii ki, başqa maraqlar da olmamış deyil. Eyni zamanda ödənişi ya heç olmayan, ya da az olan universitetlər tələblərin diqqətini özünə çəkə bilir. Təbii ki, təhsil haqqının az olması xaricdə təhsili daha cəlbedici edir.

Xaricdə təhsilin üstünlüklərilə yanaşı bir sıra neqativləri də var. Belə ki, öz vəsaiti hesabına təhsil alan gənclərin böyük əksəriyyəti ölkəyə qayıtmaq istəmir. Bunun səbəbini isə iş və maaşla əlaqələndirmək olar. Burda mədəniyyətlərarası fərq də əsas faktordur.Çünki tələbələr inkişaf etməkdə olan ölkədən gedərək inkişaf etmiş ölkələrdə təhsil alır.Adətən xaricdə təhsil almağa gedən gənclər itirilmiş hesab olunur. Doğrudur, bəzən dövlət rəsmiləri "beyin axını”na faciə kimi baxmırlar. Onların təbirincə desək, ölkəmizdə "beyin axını” kütləvi hal almayıb. Əgər bu proses bir axına çevrilirsə, ölkənin inkişafı baxımından problem yaranar. Dövlət belə mütəxəssislərin vətənində işləyə bilməsi üçün onu dəvət edən ölkədə olan şəraiti yaratmalıdır.

Təhsil eksperti Kamran Əsədov "Cümhuriyət” qəzetinə bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni  təcrübə deyil:

"Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı 99 il əvvəl  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan Respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur.Ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə, ya da öz vəsaitləri hesabına. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb.Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar.Öz vəsaiti hesabına xaricdə təhsil alanların sayı isə 40 minə yaxındır. Bu il gedənlərin sayı da az deyil.

Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətə davamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub. Məlumat üçün bildirim ki, 2017-ci il aprelin 1-də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1 faiz), Almaniya (12,4 faiz), Kanadanın (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə isə 2008-2017-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 190 451,3 min manat, o cümlədən 2017-cı ilin yanvar-mart ayları üzrə 2 015,3 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (773,5 min manat), təhsil haqqı (1 108,0 min manat), yol (73,5 min manat), sığorta (59,3 min manat), digər (0,2 min manat), viza və qeydiyyat (0,8 min manat) xərclərinin ödənilməsinə yönəldilib”.

Ekspertin sözlərinə görə, xaricdə təhsilə marağın artması abituriyentlərin ali məktəbə qəbul göstəricisi və müəllimlərin imtahan nəticələrindən daha çox bu məsələnin ölkədə təbliğilə əlaqədardır:

"Xaricdə təhsil almaq həm də yeni ölkələr görmək, xarici ölkə müəllimlərinin iş prosesilə tanış olmaq istəyilə bağlıdır. Yerli ali məktəblərdə təmənnalılıq, müəllimlərin amiranəliyi, tələbələri incitmələri yaxın dövrlərə qədər ciddi problem idi. Düzdür, son dövrlərə bu hallara qarşı müəyyən addımlar atılır.Lakin bu problemlər də gəncləri xaricə yönləndirən səbəblər sırasındadır.Xaricdə isə hər hansı problemlə bağlı tələbə müəllimə 10 dəfə müraciət edirsə, o, yenə də suallara xoş rəftarla cavab verir.İnsani münasibətlərdəki mədəniyyət, tələbəyə, gələcək kadra ehtiram hissi azərbaycanlıların xarici ölkəyə marağını alovlandırır. Həmçinin xarici ali məktəbi bitirənlərin dünyada məşhur şirkətlərdə iş imkanları da yüksək olur. Bütün bu imkanlarla yanaşı, xaricdə təhsil dünyaya çıxışın bir yoludur.Buna görə də 700 bal toplayanlar, imkanı olanlar övladlarının xaricdə təhsil almasını istəyir”.

Kamran Əsədov tarix boyu gənclərin xaricdə oxumaq həvəsinin olduğunu da qeyd edib:

"Onlar daha yaxşı təhsil, yaxşı imkanlar üçün xaricə gedirlər. Bu məsələdə ən təhlükəli məqam ölkədən "beyin axını”nın başlamasıdır. Ötən əsrin 90-cı illərində Rusiyada bu proses başlamışdı. Az qala ölkədə alim qalmamışdı, hamısı xarici ölkələrə üz tutmuşdu. Prosesin qarşısını almaq üçün maaşların artırılmasını çıxış yolu kimi gördülər.Xaricə getmək çox da narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir.Bu mənada təhsil sahəsində çalışanların maaşlarının artmasına diqqət ayrılmalıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları