Yuxarı

Məmur balalarının harınlıq yarışı

Məmur balalarının harınlıq yarışı

Son vaxtlar yüksək vəzifəli məmur övladlarının qanunsuz əməlləri ilə bağlı xəbərlərin sayı artıb.Geridə qoyduğumuz həftədə ard-arda bəzi harın məmurların ərköyün övladlarının törətdiyi faciələrin şahidi olduq.

Əvvəlcə generalın oğlu kasıb avtobus sürücüsünü döyür, ardınca baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev, ardınca Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov, daha sonra isə Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törətdi. Hər üç məmur övladı avtomobilləri ilə sürət həddini aşdıqlarından avtoqəza "qəhrəmanı” oldular.Cəmiyyət hələ də bu harın gənclərin "qəhrəmanlıq”larından danışır.Baş verən hadisələrdə maraqlı bir nüans diqqəti çəkir.Adətən varlı məmur övladları bu cür cinayətləri törətdikdən sonra özlərini haqlı hesab edirlər.Qanunlara tabe olmur, hüquq-mühafizə orqanları yanında özlərini yüksək çinli şəxs kimi tanıdır, polis əməkdaşlarına belə tabe olmaqdan imtina edirlər.

Halbuki, ölkə başçısı məmur övladlarının özbaşınalığı və qeyri-qanuni əməlləri ilə bağlı dəfələrlə xəbərdarlıq edib.Prezident öz çıxışında məmurlara səslənərək onları qanunlara tabe olmağa çağırıb.Əks halda cəzalanacaqlarını bildirib.Görünən odur ki, bəzi məmurlar dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxarmayıblar. Bu məmurların harın balaları yenə öz qanunsuz  əməllərini davam etdirməkdədirlər. Onlar öz varlı, imtiyazlı "papalarına” güvənirlər.Amma unudurlar ki, bir gün cızalanacaqlar.Prezident xəbərdarlığını nəzərə almamaq sonda kimlərəsə Çovdarov aqibəti yaşadacaq.Narahatedici məqamlardan biri də budur ki, belə məmur övladları əksər hallarda cəzasız qalırlar.İlk vaxtlar barələrində cinayət işi açılır, bir müddət azadlıqdan məhrum edilirlər, sonradan məlum olur ki, onlar əslində cəza çəkməkdən hansısa yolla azad olublar.

Bu arada diqqətiçəkən maraqlı və narahatedici məqamlardan biri də Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun qəza ilə bağlı mətbuata verdiyi açıqlamasıdır.Yüksək vəzifəli məmur qəza törətmiş oğlunu müdafiə edir, onun günahsız olduğunu, hətta qəzada dünyasını dəyişmiş qadının əvvəldən xəstə olduğunu söyləyir.Məsələdən ustalıqla yayınaraq diqqəti başqa bir məcraya yönəltməyə çalışır.Halbuki araşdırma aparmadan ölümün hansı səbəbdən baş verdiyini iddia etmək mümkün deyil.

Bu məsələ mətbuatın və ictimaiyyətin diqqətindən yayınmır.Eləcə də ekspertlərin ciddi etirazına tuş gəlir.

Yol-nəqliyyat eksperti Ərşad Hüseynov iri məmur uşaqlarının rezonans doğuran kriminal əməlllərini sistemli xarakter kimi qiymətləndirib. O deyib ki, bununla bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır: "İlk növbədə qanun çərçivəsində... Yaxşı presedent yaradılmalıdır ki, əsl xəbərdaredici effekt versin. Məsələn, cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəsini araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.).Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir.Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin "gül bala”ların avtomobil kolleksiyasının mənbəyi, onların belə dədbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır.Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək "gül bala”ya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları