Yuxarı

Eldar Mahmudov təhlükədən qurtuldu?

Eldar Mahmudov təhlükədən qurtuldu?

"Azərtürkbank” ASC-nin "Bakı” filialının sabiq müdiri İlham Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov postunu itirdikdən sonra həbs edilən əmisi oğlu azadlığa çıxıb. Amma prokuror onun yenidən həbs edilməsini istəyir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən İlham Mahmudov 2015-ci ildə həbs edilib. O, həmin ilin mart ayının 3-dən etibarən tutduğu vəzifədə işləyərkən saxtakarlıq etməkdə təqsirli bilinir. Sabiq nazirin qohumu 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilib. 

Onun barəsində həbs qətimkan tədbiri seçilib. Mahmudov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Mahmudovun bəraət ümidi

Qohumunun azadlığa buraxılması, Eldar Mahmudov ətrafında gedən proseslərin içindən tamamilə başqa ehtimalları ortaya çıxarır. Bu ehtimal bir dəfə İlham Mahmudovdan əvvəl keçmiş rabitə naziri Əli Abbasov ona qarşı irəli sürülmüş ittihamlar qarşısında barəsində həbs qətimkan tədbirlərinin seçiləcəyi gözlənildiyi vaxt yeni vəzifəyə təyin edilməklə bu ittihamlardan uzaqlaşdırılanda yaranmışdı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalov hər ay Əli Abbasovun adına yüz minlərlə manatın olduğu paketlər gəldiyini deyəndə və sabiq nazirin özü aldığı maaşa tərs mütənasib xərcləmələr etdiyini etiraf edəndə gözlənilirdi ki, həbs ediləcək. Amma gözləntilər özünü doğrultmadı. AMEA-da vəzifə verilən Əli Abbasov barəsində irəli sürülmüş bütün ittihamlar beləliklə özünə hüquqi qiymət tapmadı. Üstəgəl, bunlar heç istinaq araşdırması üçün əsas olmadı.

Hüquqi məsuliyyətdən qaçırılma

İlham Mahmudov və Əli Abbasovun ittihamlar qarşısında bəraət alması Eldar Mahmudovun da özünə qarşı irəli sürülmüş ittihamların içindən istədiyi kimi çıxacağı ehtimalı inandırıcı görünməyə başlayıb. Halbuki istər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şöbə rəsi Akif Çovdarov, istər Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyev, istərsə də Vidadi Zeynalov işlərində E.Mahmudova qarşı onu hüquqi məsuliyyətə cəlb edəcək ittihamlar səsləndirilmişdi. "METAK” ASC-nin rəhbəri Alik Kərimov və Əli Abbasov da istintaq ifadələrində keçmiş MTN başçısının hədəsi ilə onun adamlarına külli miqdarda pul verdiklərini iddia etmişdilər. MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev də məhkəmədə sözügedən qurumun keçmiş rəhbəri Eldar Mahmudovun əleyhinə olan faktları açıqlayıb. E.Quliyev E.Mahmudovun ona təzyiq edərək, bir neçə dəfə milyonlarla manat məbləğində pul aldığını dedi. O, həmçinin keçmiş şefinin ona pullu adamları və şirkətləri işarə olaraq göstərdiyini də etiraf etmişdi.

İttihamlar Eldar Mahmudovun istintaq araşdırmasına cəlb edilməsini labüd edirdi. Lakin gözlənilənlər hansısa səbəblərdən özünü doğrultmadı. Ehtimal var ki, Mahmudovu üzərinə düşən ağır məsuliyyətin altından onu yüksək səviyyədə müdafiə edən nüfuzlu çevrələr çıxarır. Hansı ki, həmin çevrələrin vaxtilə Əli Abbasovu da bu yolla müdafiə edib növbəti dəfə vəzifədə yüksəlmək şansı verdikləri iddiası indiki məqamda daha çox inandırıcı görünür.

Mənsur





Həftənin ən çox oxunanları