Yuxarı

Kirayə bazarında dələduzlar "at oynadır”

Kirayə bazarında dələduzlar

"Qızım universitetə daxil olub. Özümüz rayonda yaşayırıq, şəhərdə evimiz yoxdur deyə, Bakıda ev kirayələmək qərarına gəldik. İyirmi gündən artıqdır ki, şəhərin bütün rayonları üzrə yerləşən makler məntəqələrinə müracit etdik. Kirayə evlərin baha olması bir yana, maklerlər adama qiymət "oxuyurlar”... "Əhmədli” metrostansiyası yaxınlığında 2 otaqlı mənzil kirayələmək istədik. Ev dəllalı olan Aygün adlı qadın 350 manatlıq mənzili kirayələməyə görə məndən 100 manat pul istədi. "Elmlər Akademiyası” metrosu yaxınlığında 300 manata ev tapdıq, bu dəfə makler bizdən 150 manat pul istədi. Mən bir şeyi anlaya bilmirəm. Maklerə verilən pullar, az qala ev sahibinə çatacaq faizdən daha çoxdur...”

Bu sözləri Cebhe.info əməkdaşı ilə söhbətində Zərifə Səmədova deyir. Əlavə edir ki, bir aydır axtardığı mənzili hələ ki, tapa bilməyib: 

"Hələ bu harasıdır, maklerlər adama elə kələk gəlirlər. Hansısa mənzilin boş olduğunu deyirlər, yollanırıq ünvana. Ora çatanda makler deyir ki, ev artıq başqasına verildi. Bir sözlə, hərcmərclik, özbaşınalıqdır. Mən özüm də tələbə olmuşam, bizim vaxtımızda belə kələkbazlıqlar yox idi”. Bəli, doğrudan da son illər evlərin kirayə verilməsində bu kimi ciddi özbaşınalıq hökm sürür. Artıq insanlar mənzil kirayə götürmək istədikləri halda aldanmamaq üçün kimə müraciət edəcəklərini də bilmirlər. 

"Axı bizdən nə istəyirsiniz?!”

Qərara aldıq ki, biz də ev alqı-satqısı və kirayəsi ilə məşğul olan bir neçə rieltorla söhbət edək. Yasamal rayonu "İnşaatçılar” metrostansiyası yaxınlığında fəaliyyət göstərən ev alqı-satqısı və kirayəsi ofisində işləyən makler jurnalist olduğumuzu biləndə sərt danışmağa başladı: 

"İşiniz-gücünüz yoxdur? Axı nə istəyirsiniz bizdən?! Hər yerdən yazmısınız, qalmışıq biz?! Gedin, işinizlə məşğul olun. Artıq cana doymuşuq, yaşamağa imkan verin. Gəlmisiniz, buradakıları işindən etməyə?”

Ev axtaran şəxslərə yaxınlaşdıq. Əsmər adlı bir xanım Sabirabad rayon sakini olduğunu söylədi: 

"Kirayə ev axtarıram. Artıq neçə gündür buraya gəlib-gedirəm. Lakin münasib ev tapa bilmirəm. Hansı ofisə yaxınlaşıramsa, ən ucuz evin 350-400 manata olduğunu söyləyir. Ayda bu qədər pul verməyə imkanım yoxdur”. 

"Ev sahibləri ilə kirayənişinlər arasında bağlanan müqavilələr saxta olur”

Müsahibimiz şikayət edir ki, ev alqı-satqısı ofislərindəki dəllallar dələduzlardır:
"Hansısa evi bəyənirsən, makler müqavilədən, nə bilim sənəd məsələsindən danışır. Ötən il mənim yaxın qohumlarımdan biri adıçəkilən ofislərdən birinin vasitəsilə ev kirayələmişdi. Sonradan qışın oğlan çağında çıxarıb atıblar bayıra... O, da tələb edib ki, müqaviləsi var, ancaq araşdırma aparılıb, müqavilənin saxta olduğu ortaya çıxıb. Təkrar həmin ofisə müraciət edib və məlum olub ki, o adam alqı-satqı ofisini icarəyə götürüb, bir neçə ay əvvəl oradan köçüb. Bir qohumum da deyir ki, bu kimi alqı-satqı və evlərin kirayə verilməsi üçün nəzərdə tutulan ofislərin bağladığı müqavilələr də simvolik xarakter daşıyır və heç bir hüquqi yükü yoxdur. Bunun üçün mütləq notarial qaydada müqavilə bağlamaq lazımdır”.

"Ev yiyəsi kirayə verdiyi mənzilə xəbər etmədən gəlir”

Digər müştəri xanım Nigar Xəlilova da söhbətə qoşulur: "Bu günə qədər bəlkə 7 yer dəyişmişəm. İndi daha maklerə inanmıram. Çünki pul qazanmaq üçün adamı elə insanlara calayırlar ki... Tez-tez ev dəyişməyimin əsas səbəblərindən biri də ev yiyəsinin mənə xəbər etmədən, mənzilə gəlməsi, qəfil qapını döyməsidir. Məncə,  qanunla buna icazə yoxdur. Heç olmasa, yarım saat öncədən kirayənişinə xəbər verilməlidir. Bir dəfə də "Nəriman Nərimanov” metrostansiyası tərəfdə ev kirayələmişdim, ev yiyəsi evdə olduğumdan xəbərsiz, gəlib, mənzilin ehtiyat açarı ilə qapını açıb, içəri girmişdi. Böyük davamız düşdü, sonra da həmin evdən çıxdım. Sözümün canı odur ki, ev verən adamlar  kirayənişin hüquqlarını kobud şəkildə pozurlar. 300-400 manat verib, mənzil kirayələyirsən, ev yiyəsi deyir ki, evi təmiz saxla, başqa adam gəlib getməsin və sair. Adama deyərlər ki, bu evi mən kirayələyirəmsə, artıq ixtiyar sahibi də özüməm. Axı sənin nə ixtiyarın var ki, evə soxulasan?!”

"Vergiyə pul ödəsək, bəs bizə nə qalar?” 

"Nəsimi” metrostansiyası yaxınlığında yerləşən ofisdə işləyən makler isə açıq-aşkar bəyan edir ki, vergi ödəmə məsələsində ciddi deyillər: "Kimdir vergiyə pul ödəyən? Axı bizim nəyimizə lazımdır vergiyə pul ödəmək?.. Dolanışıq çətindir, vergiyə pul ödəsək, bəs bizə nə qalar? Qəpik, quruş?”

"Evini kirayə verən şəxs aylıq gəlirin 14 faizini dövlətə ödəməlidir”

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı cebhe.info-ya açıqlamasında təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanda hazırda bu fəaliyyət növü qanunvericiliklə tənzimlənmir: 

"Yalnız Mülki Qanunvericilikdə vasitəçiliklə bağlı bir bənd var. O da vasitəçiliyə görə ödəniş məbləğini müəyyən etməkdir. Məsələn, tutaq ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlana bilər. Bu müqavilənin məbləği tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən olunur. Və yaxud tərəflər arasında vasitəçiliklə bağlı müqavilə bağlana bilər.  Müqavilənin qiyməti tərəflərin qarşılıqlı razılaşması ilə həyata keçirilir. Təqribən 3 il əvvəl Milli Məclisdə "Rieltor fəaliyyətinin tənzimlənməsi haqqında” qanun təşəbbüsü ilə çıxış etdilər, amma təmin olunmadı. Hesab edirəm ki, ev kirayəsi ilə bağlı bu cür problemlərin həll olunması məqsədilə qanunun qəbuluna ehtiyac var”.

"Kirayənişin evdən çıxarıldığı halda, ev yiyəsini məhkəməyə verə bilər”

Ekspert vergidən yayınma məsələsinə də toxunub: "Həmin ofislər hüquqi, yaxud da fiziki şəxs kimi qeydiyyatdan keçiblərsə, sadələşmiş vergi ödəyicisi kimi 4 faiz ödəyirlər. Başqa vergi öhdəliyi nəzərdə tutulmur. Bu ofislərin daxilində bağlanan müqavilələrin də heç bir hüquqi yükü yoxdur. Yaxşı olar ki, tərəflər bu kimi müqavilələri notarial qaydada imzalasınlar. Bunu ona görə etmirlər ki, kirayə verən şəxs həmin pulun 14 faizini gəlir vergisi kimi dövlət büdcəsinə ödəməlidir. Ona görə də bu məbləğdən yayınmaq məqsədilə tərəflər əksər hallarda bu cür razılaşmaları rəsmiləşdirməkdən yayınırlar. Notarial qaydada müqavilə bağlamadıqda isə sonradan xoşagəlməz hallar yaranır. Tərəflər arasında notarial qaydada müqavilə olarsa, qanunvericiliyə görə, icarə verilən obyektin hər hansı bir tərəfdən boşaldılması, ən azı 1 ay əvvəldən qarşı tərəfə məlumat-xəbərdarlıq verilməlməsi formasında həyata keçirilə bilər. İstər kirayə verən, istərsə də kirayə götürən, mənzili boşaltmaq istəyirsə, ən azı 1 ay əvvəlcədən qarşı tərəfə məlumat verməlidir. Amma müqavilə bağlanarkən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən bu müddət 2-3 ay da ola bilər. Maklerlərin, rieltorların tərtib etdiyi müqavilələrin heç bir hüquqi əsası yoxdur. Sadəcə, məhkəmədə zərurui hallarda sübut kimi istifadə oluna bilər. Bizdə əksər hallarda tərəflər məhkəməyə qədər gedib çıxmırlar, ona görə də bu müqavilənin heç bir hüquqi qüvvəsi olmur. 

Sözsüz ki, məhkəmə qaydasında tərəf məhkəməyə müraciət edib, həmin müqavilə öhdəliyinin yerinə yetirilmədiyini tələb edə bilər. Belə bir müqavilə notarial qaydada imzalanıbsa, öhdəliyi pozan tərəf qanuna müvafiq qaydada, ya inzibati şəkildə cərimə oluna bilər və yaxud tərəflərdən biri digərinə, müqaviləni pozan şəxsə-maddi, ya da mənəvi ziyana görə təzminat ödənilməsi tələbini qoya bilər. Belə hallar mövcuddur. Vergi məcəlləsinə müvafiq olaraq tərəf vergidən yayınmağa görə inzibati məsuliyyətə, hətta bəzi hallarda cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Aytən Həsənova





Həftənin ən çox oxunanları