Yuxarı

Hotellərin ilginc tələbi: Nikah yoxdursa, istirahət də yoxdur

Hotellərin ilginc tələbi: Nikah yoxdursa, istirahət də yoxdur

"Həftəsonu istirahət etmək üçün sevgilimlə üz tutduq Qaxa. Fikrimiz orada gecələyib, Qaxı və ətraf rayonları gəzmək idi. Orada istirahət mərkəzlərindən birinə getdik. Amma bizə hoteldə iki nəfərlik nömrə vermədilər. Dedilər ki, rəsmi nikahınız olmadığına görə ayrı-ayrı otaqlarda qala bilərsiniz”.

Bu sözləri Cebhe.info-ya Azər Hacıyev (ad-soyad şərtidir-red) adlı bir oxucu bildirib. Onun dediyinə görə, hotelin administratoru ilə nə qədər mübahisə etsə də, birgə nömrə ala bilməyib:

"Məni maraqlandırır ki, Azərbaycanda həqiqətənmi belə qayda var? Çünki nə qədər tələb etsəm də, hoteldə mənə heç bir sənəd göstərmədilər. Administrator bildirdi ki, əslində, onlar da belə bir qayda ilə razı deyillər, çünki turizmi inkişaf etdirmək istəyən ölkədə belə bir absurd qaydalar ola bilməz. Administratorun dediyinə görə, onları da gözlənilmədən gəlib yoxlayır və cərimə edirlər. Amma kim yoxlayır, kim cərimə edir məsələsini aydınlaşdırmadı. Bilmək istəyirəm ki, bu hansı qanunla tənzimlənir, ümumiyyətlə, bu qaydanı kim çıxarıb?”

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, əksər iaşə obyektlərində, mehmanxana, hotel və istirahət mərkəzlərində tətbiq olunan bu kimi qaydalar çoxlarını narahat edir.
Nəinki bölgələrdə olan hotel və mehmanxanalarda, hətta paytaxtda yerləşən brend hotelləri çıxmaq şərtilə, digərlərində qalmaq istəyən cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunur. Əks təqdirdə onlara nömrə verilmədiyi bildirilir. Çünki hər hansı bir hoteldə nikah haqqında şəhadətnamə təqdim olunmayanda polislər tərəfindən gözlənilmədən edilən reydlər zamanı məkan rəhbərliyi cərimə olunur. Halbuki, həmin mehmanxana və hotellər beşulduzludur və kifayət qədər də nüfuzludur... Bu kimi problemi də təbii ki, heç bir obyekt rəhbərliyi etməz.

"Kimsə sevgilisi ilə ora gəlirsə, ona necə etiraz edə bilərik?”

Paytaxtda yerləşən hotellərdən birinin administratoru bizimlə söhbətində dedi ki, nikah şəhadətnaməsi almadıqda ciddi problemlər yaşayırlar:

"Əgər "Zaqs kağızı” almasaq, obyektdə əməliyyat keçirib, deyəcəklər ki, bura əxlaqsızlıq yuvasıdır. Yəni, nikah haqqında şəhadətnamə tələbimiz məhz bu kimi xoşagəlməz hallara qarşı aparılan yoxlamalar səbəbindəndir. Yoxsa bizim insanların şəxsi həyatı ilə nə işimiz var? Axı əxlaqsızlıq yuvası nəyə deyirlər?

Əxlaqsızlıq yuvası odur ki, orada konkret 10-15 nəfər qadın əyləşir və gələn kişi müştərilərə onları təklif edirlər. Bunun təyinatı bu cürdür. Kimsə sevgilisi ilə ora gəlirsə, ona necə etiraz edə bilərik? Ödənişini və sənədlərini təqdim edir, biz də onun konstitusion hüququnu pozmadan istirahətinə mane olmuruq. Əgər gələn insanlar özlərini əxlaq normalarından kənar apararaq başqa turistlərin istirahətinə mane olmurlarsa, bizim onlara etiraz etməyimiz mümkün deyil”.

Qeyd edək ki, bu tipli şikayət birinci dəfə deyil. Kimlərsə özlərinə digərlərinin ailə statusunun düzgün olub- olmaması barədə qərar vermək səlahiyyəti verib. Heç kimə sirr deyil ki, ölkədə heç də hamı rəsmi nikahda yaşamır. Təkcə bir faktı qeyd edək ki, qeyri-rəsmi nikahdan ötən illər 26 min uşaq dünyaya gəlib. Qeyri-rəsmi nikahda, müasir dildə vətəndaş nikahında yaşayan çoxsaylı insanlar var ki, müxtəlif səbəblərdən münasibətlərini rəsmiləşdirmirlər. Amma bu, həmin vətəndaşların şəxsi işi olduğundan qarışmaq niyyətimiz yoxdur. Belə çıxır ki, bu insanlar hər hansı bir regionda birlikdə dincəlmək ixtiyarına malik deyillər və ya ikiqat xərc çəkməlidirlər. Dünyanın heç bir silvil ölkəsində yerində görünməyən absurd bir qayda...

Məsələnin maraqlı tərəfi bundadır ki, həmin qayda elə həmin hotellərə gələn əcnəbilərə tətbiq olunmur ki, bu da sual yaradır - əgər hotelə nikahsız gəlmək olmazsa, bu prinsipi niyə əcnəbilərə də tətbiq etmirlər? Yox, əgər olarsa, belə olan halda Azərbaycan vətəndaşlarına niyə qadağalar qoyulur?

Əxlaqsızlıqla mübarizəni bəhanə edib, bu tip qaydalar tətbiq olunursa, bir çox məsələlərə eyni prizmadan baxıb bir çox şeyləri qadağa etmək olar - məsələn, gecə klubu, karaoke, bar və sairə. Əsas odur ki, bəhanə olsun, hər şeyə bir səbəb tapmaq olar.

Sivil ölkələrin hotellərində qaydanı da yada salsaq, bilməyənlər bilər ki, orada ikinəfərlik nömrədə qeydiyyat üçün iki nəfərdən birinin sənədi kifayət edir. Nömrəni rezerv edərkən orada belə qeyd olunur - Rezerv edən insanın adı və + 1 nəfər qonaq.

Həmin qonağın kim olmasının, sənədinin olub-olmamasının isə heç kimə aidiyyatı yoxdur.

"Bu, Sovet dövründən qalma yalançı mənəviyyat məsələsidir”

"Boutique Travel” jurnalının məsul redaktoru, səyyah-jurnalist Vyaçeslav Sapunov Cebhe.info-ya bu məsələ barəsində şərh verərkən "Zənnimcə, belə bir hal sovet dövründən qalma yalançı mənəviyyat məsələsidir, digər tərəfdən də dözülməz bir haldır” - deyə bildirib: "Hansı səbəbdən eyni bir hal əcnəbilər üçün keçərlidir, azərbaycanlılar üçün yox? Bu başabəla hotel biznesmenləri nə təklif edirlər? Vətəndaş hər hansı bir rayona gedərkən özü ilə bütün sənədlərini, o cümlədən, nikah haqqında şəhadətnaməsini götürməlidir? Digər tərəfdən, hotelə gələn cütlüyün nikahı yoxdursa, onlara iki otaq götürməli olduqlarını demək, imkan olduqca həmin adamdan daha çox pul qazanmaq arzusundan irəli gəlir. Bu gün bizim turizm irəli inamlı olmasa da, gözlə görünən addımlar atılır. Bu yolda nə qədər az ağılsız qadağalar olsa, bir o qədər tez biz turizm industriyasını lazımi səviyyəyə qaldıra bilərik”. 

Məşhur səyyah-jurnalist Azər Qərib isə öz növbəsində qeyd edir ki, əslində, nüfuzlu, brend hotellərdə nikah şəhadətnaməsi tələb edilmir.

"Digər nisbətən aşağı səviyyəli hotellərdə bu hala rast gəlinir. Deyilənə görə, bu onunla bağlıdır ki, həmin hotellərə polis gəlir, reydlər keçirir. Belə bir hal aşkarlayanda, deyirlər ki, bura əxlaqsızlıq yuvasıdır. Həmin məkanları da cərimələyirlər. Ona görə də həmin hotellər nikah şəhadətnaməsini istəməklə özlərini sığortalayırlar. Yəni burada başqa bir səbəb görmürəm. Sözsüz ki, bu düzgün deyil. 21-ci əsrdə yaşayırıq, kiminsə özəl həyatı digərinin nəyinə gərəkdir? Yəni bu halı məntiqə uyğun saymıram, düzgün hal hesab etmirəm. Həm də, bildiyimə görə, qanunda belə bir tələb yoxdur”.

"Bu hal qanunla tənzimlənmir”

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bizimlə söhbətində bildirdi ki, nazirlik tərəfindən bu məsələ ilə bağlı heç bir qayda və ya hər hansı bir göstəriş yoxdur: "Azərbaycan respublikasında 18 yaşdan yuxarı istər ölkə, istərsə də, əcnəbi vətəndaşı olan hər bir şəxs ya pasportu, ya da şəxsiyyət vəsiqəsini təqdim edərək, hər hansı bir mehmanxanada gecələyə bilər. Nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı heç bir normativ, hüquqi akt yoxdur. Yəni bu hal qanunla tənzimlənmir, belə bir qanunvericilik yoxdur ki, mehmanxanaya və ya hotelə gedən zaman mütləq nikah haqqında şəhadətnaməni göstərməlisən”.

Hotellərdə nikah haqqında şəhadətnamə ilə bağlı müəmma hələ də davam edir. Qanunla bu qadağan olsa da, hotellər şəhadətnamə tələb edir...

- Qanunvericilikdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı müddəa yoxdur. Belə bir müddəanın olmadığı halda mehmanxanaların şəhadətnamə tələb etməsi düzgün deyil. Beynəlxalq qaydalara və təcrübəyə əsasən mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi zamanı hər bir vətəndaş xüsusi forma - gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini qeyd edir.

Yeri gəlmişkən, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov müsahibələrindən birində bu məsələyə toxunmuşdu. Demişdi ki, qanunvericilikdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı müddəa yoxdur: "Belə bir müddəanın olmadığı halda mehmanxanaların şəhadətnamə tələb etməsi düzgün deyil. Beynəlxalq qaydalara və təcrübəyə əsasən mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi zamanı hər bir vətəndaş xüsusi forma - gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini qeyd edir.

Bu məlumatlar mehmanxanada gecələmək üçün kifayət edir. Bu baxımdan, istər yerli, istərsə də ölkəmizi ziyarət edən xarici turistlərin istirahət etdiyi zaman öz hüquqlarını tam olaraq bilməsi, eləcə də bu sahədə kifayət qədər məlumatlandırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq ictimaiyyətə müxtəlif maarifləndirici press-relizlər çatdırır. Digər tərəfdən, nazirliyin müvafiq əməkdaşları tərəfindən mütəmadi olaraq mehmanxana rəhbərləri və idarəedici şəxslərlə əlaqə saxlanılır və bu sahə üzrə qanunvericilik barəsində maarifləndirmə işləri aparılır”.

Və sonda... Belə olan halda sual yaranır, nəyə əsasən, polislər tərəfindən qeyd etdiyimiz məkanlara gözlənilmədən reydlər edilib, məkan rəhbərliyi cərimə olunur? Əgər hotellərə basqın edib, əxlaqsızlıq yuvası axtarılırsa niyə bu "qayda” bütün beşulduzlu hotellərə də tətbiq edilmir? Əgər səmimi şəkildə insan alverinə qarşı mübarizə aparılırsa, bu prinsipə niyə əməl olunmur?

Yadınızda saxlayın, heç bir halda, heç kim sizin hoteldə qaldığınız otağa sizin icazəniz olmadan daxil ola bilməz. Çünki hər hansı bir oteldə pul ödəyib, daxil olduğunuz otağa öz şəxsi eviniz kimi sahiblik hüququna maliksiniz.

Aytən Həsənova






Həftənin ən çox oxunanları