Yuxarı

"Azəravtoyol"la sakinlər arasında təzminat davası

"Bazar şərtlərinə uyğun kompensasiya istəyirik”

Anar Nəcəfli: "Sakinlərin bir neçəsi kompensasiyanın məbləği ilə razılaşıb”

Nəsimi rayonunda Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisi layihəsi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. 

Cebhe.info xəbər verir ki, sakinlər yaşadıqları binanın sökülməsinə görə bazar şərtlərinə uyğun kompensasiya verilməməsindən narazıdır. Bilal Süleymanov ad-soyadlı sakin deyir ki, 1991-ci ildə aldığı mənzili indi ondan "su qiymətinə” satın almaq istəyirlər. 

Müsahibimizin sözlərinə görə, deyir ki, mənzillərin sökülməsi ilə bağlı onlara artıq bildiriş göndərilib. Deyirlər ki, təxminən bir ay öncə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb və yaxın vaxtlarda binanın söküləcəyi ilə bağlı xəbərdarlıq edib: 

"Bizə ədalətli kompensasiyanın veriləcəyi vəd olundu. Amma vədlərinə əməl etmədilər. Belə ki, 22.08.2017-ci il tarixdə bizə bildiriş verilib və 1 kvadratmetr üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi qeyd olunub. Məlumat üçün bildirək ki, binadakı mənzillərin kvadratmetri 1 otaqlılar 14-28 kvadratmetr, 2 otaqlılar isə 30-40 kvadratmetr arasında dəyişir”.

Bu məbləğdə kompensasiyanın bazar şərtlərinə uyğun olmadığını bildirən B.Süleymanov deyir ki, onların yaşadığı ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri-mümkündür: 

"Yaşadığımız metrounun "28 May” stansiyası ətrafında, Kövkəb Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadratmetr üzrə minimum 2500 manata satılır. İndi bizim tələbimiz odur ki, ya digər pilot layihələrdə olduğu kimi, bizə də elə bir kompensasiya məbləği verilsin ki, mənzillərə uyğun şəhərdə başqa mənzil ala bilək, ya da elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Onu da deyim ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manatdır. Biz ədalətli kompensasiya tələb edirik. Bildirişdə qeyd olunan məbləği daşınmaz əmlakın sahibi olaraq qəbul etmirik və bazar şərtlərinə uyğun təzminat istəyirik. Əks halda, biz razılığa getməyəcəyik”.

Qeyd edək ki, Kövkəb Səfərəliyeva 25 saylı binanın sökülməsinə dair qərar "Azərabtoyol" ASC tərəfindən həyata keçirilən layihələrlə bağlıdır. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı həyata keçirilir. Bu tədbirlər planı çərçivəsində həmin yol birləşmələri üzrə layihələr reallaşdırılır.

"Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyir ki, bu ilin mart ayında Kövkəb Səfərəliyeva küçəsi 26-da binaların qarşısındakı əlavə tikililərin söküntü işlərinə başlanıb. Yeni tikilən yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə imkan yaradacaq, bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olacaq:

"Layihəyə uyğun işlər aparılıb. İkimərtəbəli bina, köhnə həyət evlərinin söküntüsü həyata keçirildi. Növbəti mərhələdə isə qeyd etdiyiniz növbəti ünvanda yataqxananın sökülməsi nəzərdə tutulub. Bu istiqamətdə müstəqil qiymətləndirici bazara uyğun olaraq qiymətlər müəyyənləşdirib. Artıq həmin qiymətlərə uyğun olaraq sənədləri toplamışıq, aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilib. Sakinlər üçün kompensasiyanın ödənilməsi istiqamətində maliyyə vəsaiti ayrılıb. Sakinlərin bir neçəsi kompensasiyanın məbləği ilə razılaşıb. Alqı-satqı müqaviləsi də artıq imzalanıb. Bəzi sakinlər isə kompensasiya məbləğinin az olması ilə bağlı hətta bizə iki dəfə müraciət ediblər. Tərəfimizdən qiymətləndirici şirkətə yenidən müraciət olunub ki, yenidən qiymətləndirmə işləri aparılsın və bizə təqdim olunsun. Biz də yenidən həmin sənədləri müvafiq icra orqanına təqdim edək ki, əgər hər hansı bir dəyişiklik olarsa, müvafiq icra hakimiyyəti orqanından əlavə vəsaitin ayrılması təmin olunsun”.

Aytən





Həftənin ən çox oxunanları