Yuxarı

Qazanca göndərilən balacalar

Qazanca göndərilən balacalar

Bütün dünyada uşaq əməyi istismar edilir və bu heç kimə sirr deyil. 

Ötən gün saytlardan birində 1 ilə yaxındır dövlət tədbirlərində, ad günlərində, xüsusi məclislərdə Nuray Rəhman adlı 7-8 yaş aralığında olan bir qızcığazla bağlı material yer aldı. Sən demə, Nuray artıq ailəsi ilə birgə məclislərə qatılıb, içki və siqaretin olduğu məclislərdə müğənniliyə başlayıb... 

Bu yaşda olan qızın vaxtını dərslərə, uşaq dünyasına həsr etməli olduğu halda, belə şənliklərə qatılması nə dərəcədə doğrudur? Ümumiyyətlə, uşaq əməyinin istismarı hansısa qanunla tənzimlənirmi?

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov deyir ki, Azərbaycan Konstitusiyasına görə, 15 yaşdan aşağı olan uşaqların əmək fəaliyyəti ilə məşğul olması qadağandır:

 "Ancaq burada şərtlər var. Uşağın psixi, fiziki və cinsi sağlamlığına, təhsilinə, rifahına zərər verməmək, asudə vaxtının pozulmaması şərti ilə o  yalnız qısa müddətlərdə işə cəlb oluna bilər. Gecə saatlarında isə uşaqların əmək fəaliyyəti valideynin razılığının, təhlükəli olub-olmamasının fərqi olmadan məqsədəuyğun deyil. Çünki bu, birbaşa onların sağlamlığına və rifahına zərər yetirir. Xüsusilə, tütün tüstüsü, içki olan restoran, bar və gecə klublarında uşaqların əməyə cəlb olunması qanuna zidd hərəkətdir. Bu qanun pozulduqda, İnzibati Xətalar Məcəlləsilə tənzimlənir. Əgər uşağın psixi, fiziki və cinsi sağlamlığı pozularsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunur. 18 yaşına çatmamış hər bir şəxs dövlətin himayəsindədir və dövlət müvəqqəti olaraq öz vəzifələrinin yerinə yetirilməsini valideynlərə həvalə edir. Ancaq valideynlər burada dövlətin qaydaları çərçivəsində fəaliyyət göstərməlidir. Uşaqların mənafelərinə birbaşa cavabdeh dövlətdir. Dövlət də bunu Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin üzv olduğu Uşaq Haqları Konvensiyasına uyğun olaraq tənzimləyir. 

Onların psixi, fiziki və cinsi sağlamlığına zərər gətirən hərəkətlər və hərəkətsizliklərdən müdafiəsi dövlətin, valideynlərin və sahibkarların birbaşa vəzifə borcudur. Ona görə də, uşaqların əmək və könüllü fəaliyyəti zərərlidir. Çünki orada alkoqollu içkilər, siqaret varsa, bu uşağın psixi sağlamlığına zərər yetirir. Uşaqlar bunu görür və bu onlar üçün artıq normal sayılmağa başlayır. Valideyn deyə bilər ki, evlərdə içki içilir və siqaret çəkilir. Ancaq bununla əmək fəaliyyəti zamanı gözün öyrəşməsi tamam başqa şeylərdir”.

Azərbaycan Uşaqlar Birliyi nəzdində yaradılmış "Uşaq sığınacağı”nın direktoru Dadaş Əhmədov Azərbaycanda belə halların çox olduğunu söyləyir:

"Qanuna ziddir, 18 yaşına çatmayan hər bir uşaq işləməli deyil, təhsil almalıdır. Amma müəyyən hallarda, ailənin imkanı olmayanda, 16 yaşından əmək müqaviləsi əsasında işləyə bilər. Bir şərtlə ki, onlar tam maaş alsınlar, amma yarım gün, yəni 4 saatdan artıq olmamaq şərtilə işləsinlər. 

Amma bizdə bu qaydalar pozulur, heç bir qanuna əməl olunmur və demək olar ki, heç kimlə də müqavilə bağlanmır. Çünki müqavilə bağlandığı halda, onlar yarım gün işləyən adama bütöv maaş verməlidirlər. Bu da heç kimə sərf etmir. Dövlət orqanları, aidiyyatı qurumlar göz yumurlar. Bu hallarla mübarizə aparmırlar Bununla QHT-lər mübarizə apardılar. Amma indi bu qurumların özlərinin durumu o qədər ağırlaşıb ki, demək olar vəziyyət tamamilə nəzarətdən çıxıb. Kim nə istəyir, onu da edir”.

Aytən





Həftənin ən çox oxunanları