Yuxarı

Şeyx ətrafında "sular durulur”?

Şeyx ətrafında

Azərbaycan dünyəvi dövlətdir və qanunvericiliyə uyğun olaraq din dövlətdən ayrıdır. Ancaq bəzi hallarda din və dövlət anlayışı qarışdırılır və bu da lüzumsuz qarşıdurmaların yaranmasına rəvac verir. Bir müddət öncə də Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında bəzi məlumatlar yayıldı və bu mövzu geniş müzakirəyə çıxarıldı. 

Son olaraq isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Şeyxülislam Allahşükür Paşazadə haqqında mətbuatda yazılanlara münasibət bildirib. M.Qurbanlı açıqlamasında Şeyxi müdafiə edib və Qafqaz Müsəlmanları İdarəsinin ölkədə şəriət məsələlərinin tənzimlənməsi, İslam maarifləndirməsinin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini deyib.

"Şeyxülislam Azərbaycan və Qafqazda İslam dinini təmsil edən ən yüksək statuslu din xadimidir. Onun fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də prezident cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Şeyxülislam kimi dövlətimizin orden və medalları ilə təltif olunub. Eyni zamanda, vaxtilə Şeyxülislama qarşı mətbuatda gedən yazılara Ulu Öndər öz kəskin etirazını bildirib”,- komitə sədri açıqlamasında deyib.

Maraqlıdır, Mübariz Qurbanlı bununla da Şeyx ətrafında başlanmış müzakirələrə  nöqtə qoya biləcəkmi? 

Əslində görünən odur ki, məsələ bununla da bağlanacaq. Çünki diqqət etsək görərik ki, komitə sədrinin açıqlamasından sonra tərəflər arasında sakitçilik hökm sürür. 

Digər tərəfdən, QMİ-nin mətbuat xidmətinin yaydığı məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyəyə yola düşür. Səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə "Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirəcəyi "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. Bu səfərin özü də hökumətin Şeyxə etimadının göstəricisi kimi qiymətləndirir.

Ehtimal olunur ki, Şeyx haqqında deyilənlərlə məsələyə nöqtə qoyulur. Ancaq bu məsələnin nə ilə yekunlaşacağı çox güman ki, ictimaiyyətə açıqlanmayacaq. Çünki qarşıdurmanın əslində nədən qaynaqlandığı, informasiyaların mətbuata niyə ötürülməsi haqqında da dəqiq məlumat yoxdur. Bu baxımdan baş verənlərin və nəticənin gizli saxlanılacağı ehtimalı yüksəkdir.

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları