Yuxarı

Hicab qadağası: "Bizə heç kim heç nə deyə bilməz”

Hicab qadağası:

Mingəçevir Dövlət Universitetində üzü tüklü və hicablı tələbələrin dərsə buraxılmaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Universitetin direktoru Akif Hacıyev də bu barədə yayılan məlumatların doğru olduğunu deyib. Rektor vurğulayıb ki, Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim forması Elmi Şuranın qərarı ilə müəyyənləşdirilib.

Akif Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: "Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.

Məsələ burasındadır ki, Mingəçevir Dövlət Universiteti xüsusi geyim forması olan orta məktəb deyil. Ümumiyyətlə, bu gün hətta orta məktəblərdə tətbiq olunan vahid məktəbli formasına keçidlə bağlı heç bir əmr, göstəriş belə yoxdur. Bu başqa məsələ. Təhsil  qanunverciliyi ilə də müəssisələrdə geyimlə bağlı normativlər qəbul edilməyib. Hər bir universitetin daxili nizam-intizam qaydası var, ancaq bu əksər hallarda geyim normalarını müəyyən etmir. Əslində, bütün bu qadağalar narazı qrupun formalaşmasına xidmət edə bilər. Halbuki ölkə başçısı beynəlxalq tribunalardan Azərbaycanın tolerant ölkə olduğunu dəfələrlə diqqətə çatdırıb. Universitetin son addımı bu istiqamətdə aparılan dövlət siyasətinin əksinə olan addım kimi dəyərləndirilə bilər. Onu da nəzərə alaq ki,  bu gün İrandan, Səudiyyə Ərəbistanından, Pakistandan və digər islam ölkələrdən Azərbaycana təhsil almağa gələn hicablı tələbələr var.  Onların aqibəti necə olacaq? Belə çıxır ki, geyiminə görə həmin tələbələri bu universitetlərə buraxmayacaqlar? Bəs tolerantlıq?  Belə qadağaların qoyulması birbaşa insanların hüququ və Konstitusiyanın müvafiq bəndlərinin pozulması demək deyilmi?

Universitetin mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev Cebhe.info-ya bildirib ki, Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim forması Elmi Şuranın qərarı ilə müəyyən olunub: "Mingəçevir Dövlət Universiteti yarananda, Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndə Nizamnamənin həmin bəndi orada göstərilib. Universitetin daxili qaydaları var. Tələbələrin vəzifələrinin içərisində, yəni 2.3-cü bənddə göstərilib ki, tələbələrin hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü vəziyyətdə ali məktəbə daxil olmalarına icazə verilmir. Burada söhbət tək hicabdan getmir. Məlum olduğu kimi, Azərbaycanda müxtəlif dini qurumlar var. Bütün dinlərə aidiyyəti olan, istər üzü tüklü, istər hicablı , istərsə də xüsusi geyim formasına malik digər dini cərəyanlar olsun, qayda hamıya şamil edilir. Universitetdə bu qaydalara əvvəldən riayət olunur”.

Universitet sözçüsü onu da qeyd edib ki, sözügedən məsələ ilə bağlı universitetə heç bir xəbərdarlıq olunmayıb: "Bu, universitetin daxili işidir. Daxili nizam-intizam qaydasını universitet özü tətbiq edir. Yəni, ali məktəbin nizamnaməsi Elmi Şurasının qərarı ilə müəyyənləşir. Buna görə də bizə heç kim heç nə deyə bilməz. Ümumiyyətlə, sivil qaydada tələbə ali məktəbə necə gəlməlidir, bunu universitet özü müəyyən edir”.

Nazim Niftəliyevin sözlərinə görə, tələbələr universitetin nizamnaməsindən məlumatlı olub: "Hər il qəbul olan tələbələrə fərdi qaydada tələbə biletilə birlikdə universitetin daxili nizam-intizam qaydaları haqqında buklet təqdim olunur”.

Yeganə Oqtayqızı 






Həftənin ən çox oxunanları