Yuxarı

Məmurların dəbdəbə və şöhrət azarı

Məmurların dəbdəbə və şöhrət azarı

Azərbaycanda daha bir yüksək çinli məmur  "Buta Palace”da öz övladına toy edib. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov oğlu Orxan Qurbanovun toy mərasimini keçirib. Toy məclisində bir çox şuo-biznes nümayəndələri də iştirak edib. Mətbuatda yayılan məlumata görə, Qüdrət Qurbanovun tapşırığı ilə qonaqlardan toydan çəkilən foto və video görüntüləri sosial şəbəkələrdə paylaşmamaları xahiş edilib. Buna səbəb məclisin dəbdəbəli keçirilməsi və yüksək çinli məmurların məclisdə iştirak etməsi olub. 

Ümumiyyətlə, son zamanlarda azərbaycanlı məmurların tez-tez övladlarına etdikləri dəbdəbəli, bahalı toylarla gündəmə gəlməsi adi hala çevrilib. Əlbəttə, Azərbaycan kimi inkişaf səviyyəsi "üçüncü dünya dövlətləri”nə aid edilən bir ölkədə məmurların ən adi qayda ilə keçən bir toyun xərcinə belə, bəs edəcək qədər maaş almadıqlarını hər kəs bilir. Ən ucuz şadlıq saraylarında belə bir toy minimum hesabla 10 min manata başa gəlir. Bu halda da məmurlarımızın bahalı restoran və şadlıq saraylarına hansı pullarla müraciət etdiklərini bilmək ilk baxışda çətin tənlik kimi görünür. Əlbəttə, söhbət təkcə Qüdrət Qurbanovun öz övladına dəbdəbəli toy etməsindən getmir. Başqa dəbdəbə həvəskarı nazirlər, deputatlar, komitə sədrləri var.

"Toy”dan toya

Bu bir həqiqətdir ki, adi bir məmur öz övladına bahalı toy edəcək qədər maaş almır. Lakin bu o demək deyil ki, məmurların vəziyyətləri acınacaqlıdır, dilənçi kökündədirlər. Bu o deməkdir ki, məmurlar bahalı toy etməyin, bahalı avtomobil almağın, nəhəng malikanələr tikdirməyin, xarici ölkələrdə milyonlarla dollar dəyərində mülk sahibi olmağın yollarını yaxşı bilirlər. Nə yazıq ki, həmin yol xalqı bir dəri, bir sümük qoyub. Həmin yolun adı korrupsiyadır. Ölkədə məmur statusu olan çoxları rüşvət alır, öz vəzifəsindən sui-istifadə edib xalqdan oğurlayır. İndi bir "montyor”a "sən məmursan”, desən rüşvət almağa başlayacaq. Hər halda xalqın başına açılan "toydan” övlad toyuna getmək məmurlarımız üçün adi bir şeydir. İnsanlarımız da buna öyrəşmiş kimi görünürlər. 

"Bizdə pul ancaq məmurlardadır”

Tərcüməçi-yazar Nadir Qocabəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dəbdəbəyə meyil hər yerdə - bütün dünyada var. Yazarın sözlərinə görə, harada ki, zəhmətsiz gəlir, çoxlu pul var, orada istər-istəməz dəbdəbə var: 

"Biz son illərə qədər bilmədiyimiz bir çox şeyləri sadəlikdə çox zaman özümüzə örnək bildiyimiz Qərb ölkələrindən götürmüşük. Sovet vaxtı bəzi şeylər olsa da insanların qiyməti milyon dollarlarla ölçülən brilyant qaşlı gəlinliklərdən, ekzotik sahillərdəki bal aylarından, orada günü 10 min dollar olan bahalı otellərdən, bir zəhmət adamının bütün ömrü boyu işləsə belə ala bilməyəcəyi şərablardan, milyonluq "Kabriolet”lərdən xəbəri yox idi. Bunlar hamısı Qərbdən gəldi. İnsanımız Amerika, Avropa milyonçularının etdiklərini eynilə təkrarlaya bilməsələr də onları yamsılamaqla təsəlli tapmağa çalışdılar. Hərə bunu öz səviyyəsində, öz cibinə uyğun etməyə çalışdı. Siz harın, rüşvətxor, korrupsioner məmurlardan danışırsınız, amma əksər kasıb insanlar da bu dəbdəbənin imitasiyasını yaratmağa çalışırlar. Daha doğrusu, onları buna istiqamətləndirən, sövq edən gözəgörünməz bir əl var. Bu kapitalizmin qara əlidir ki, o da ölkəmizə Qərb dediyimiz yerdən uzanır”. 

Nadir Qocabəyli hesab edir ki, əsas günahkar müstəmləkəçi, istismarçı Qərb, onun apardığı qlobal siyasətdir: 

"Ondan sonra bu prosesin mahiyyətini dərk etmədən ona qarışan şüursuz insan gəlir. İstər varlı olsun, istər kasıb, istər məmur olsun, istərsə meşşan, fərqi yoxdur. Hamı eyni qazanda qaynadılır və o qazandan çıxmaq çox az adama nəsib olur. Müxtəlif iqtisadi cinayətlər, korrupsiya, rüşvət yoluyla varlanan məmurlar, təbii ki, harınlaşır, zəhmətsiz əldə etdikləri milyonları və milyardları xərcləməyə yer axtarırlar. Ekzotik sahillər, qumarxanalar, Las-Veqas, Monte-Karlo, bahalı restoranlar, bahalı müğənnilər, manekenlər və nəhayət, özünütəsdiq vasitələrindən biri olan toy. Bizim ölkədə məmurlar bu sahədə ona görə daha qabarıq təsir bağışlayırlar ki, burada pul ancaq məmurlardadır. Bizim məmurlar hələ ki, özlərini Qərbdəki kimi məharətlə pərdələyə bilmir, "iş adamları” deyilən zümrəni öz gəlirlərinə şərik etmək istəmirlər. Onlarda hələ arxa planda gizlənə bilmək məharəti və "mədəniyyəti” formalaşmayıb”.

Mənsur





Həftənin ən çox oxunanları