Yuxarı

"JEK” müdirinin arvadının 7 minlik sırğaları bazarda

Məhərrəmliyin başlaması ilə toy mövsümü bağlanıb. Şadlıq evləri, xidmət sektoru, müğənnilər üçün bu müddət "çörəksiz dövr” kimi xarakterizə olunur. Toylar yoxdursa, şadlıq evləri və müğənnilərin işsiz qalması qaçılmazdır. Ancaq bu müddətdən heç də az təsirlənməyən bir bazar da var-qızıl bazarı. 

Hindistan bazarı "bağlayır”

Qızılın təkcə sərmayə yox, həm də ən yaxşı aksesusar kimi qiymətləndirildiyi ölkələrdə mövsümi olaraq bazarda canlanma və ya əksinə proseslərin baş verməsi təbiidir. Məsələn, dünyanın ən çox qızıl zinət əşyaları istehsalçı və istehlakçısı olan ölkələr arasında xüsusi yer tutan Hindistanda toy mövsümü bazarı az qala "altını-üstünə çevirir”. Bu müddətdə təkcə daxili bazarda yox, həm də dünya bazarında qiymət artımına təsir edəcək proseslər cərəyan edir. Qızıl istehsalçısı və istehlakçısı olan Hindistanda toy mövsümündə daxildə qızıla olan tələbat dəfələrlə artdığına görə ixrac qabiliyyəti azalır və dünya bazarına daha az miqdarda qızıl-zinət əşyası çıxarılır. Bu isə təbii olaraq tələbi qarşılayacaq təklifin azalması ilə qiymət artımına səbəb olur. 

Köhnə mallar da yeni qiymətə

Azərbaycandan fərqli olaraq əksər dünya ölkələrində qızıl bazarı da valyuta bazarı kimi günlük məzənnə ilə işləyir. Yəni, qiymətlər gündəlik olaraq artıb-azala bilər. Ölkəmizdə valyuta bazarında bunu müşahidə etsək də, qızıl bazarında vəziyyət fərqlidir. Azərbaycanda qızılın qiymətində kəskin azalma nəinki müşahidə olunmur, əksinə, tələbin azalması fonunda belə qiymət ya yerində sayır, ya da artım hiss edilir. Hətta köhnə qiymətlərlə ölkəyə gətirilən mallar belə yeni, yəni artan qiymətlərlə satıcıya təklif edilir. Bu vəziyyət iki devalvasiyadan sonra əksər ticarət mərkəzlərində müşahidə olunub. Dolların məzənnəsindəki kəskin artımdan əvvəl, yəni manatın daha baha olduğu dönəmlərdə ölkəyə gətirilən qızıl-zinət əşyaları devalvasiyadan "pay alıb”, daha baha qiymətə satıcıya təklif edilib. Bu isə təbii ki, bazardakı alıcılıq qabiliyyətinə təsir göstərib. 

Tələb azalıb, qiymət isə yox

Ümumiyyətlə, ekspertlər sərmayə olaraq milli valyuta, xarici valyuta ilə yanaşı qiymətli daş, qızılın da müəyyən paya sahib olmasını təklif edir. Azərbaycan insanında qızıla xüsus marağın olmadığını söyləmək olmaz, həm bəzək əşyası, həm də sərmayə olaraq qızıla maraq göstərənlər çoxdur. Ancaq son zamanlar qızılın qiymətində kəskin bahalaşma və gələcəklə bağlı qeyri-müəyyənlik alıcı sayına təsir göstərir. İndi isə Məhərərmlik ayının başlaması, toy mövsümünün bağlanması bazarda alıcı sayını kəskin azaldıb. Ancaq buna baxmayaraq, gözlənildiyinin əksinə olaraq bazarda ucuzlaşma hələ də hiss edilmir. 

Bazar bir neçə nəfərin əlindədir

"Moskva” Univermağında bir-birinin yanına sıralanmış qızıl şöbələrində alıcıdan daha çox satıcı var. Hər çeşiddə, hər qiymətdə zinət əşyalarına rast gəlmək mümkündür. Qiymətlər isə demək olar ki, bütün şöbələrdə eynidir. Elə satışa çıxarılan məhsullar da. Burda eksklüziv nəyəsə rast gəlmək çətindir. Satıcılar bunun səbəbini qızıl bazarının bir neçə nəfərin əlində olması ilə izah edir. Başqa sözlə, bazara ancaq bir neçə nəfər nəzarət edir və onların ölkədən xarıcdə işlədikləri istehsalçı şirkətlər də eyni olduğundan bazara bir-birinin eyni olan mallar çıxarılır. 

Bahalı butiklərin minlərlə 
manata açılan qapısı

Eksklüziv mal üçün gediləcək ünvan isə başqadır. Satıcılar brend qızıl mağazalarının ünvanını söyləyir. Söhbət Dənizkənarı Milli Parkla üzbəüz küçədəki butiklərdən gedir. Ancaq cibinizdə minlərlə manat yoxdursa, o butiklərin qapısına yaxınlaşmağa dəyməz. Çünki eksklüziv və brendlərin qiyməti də özünə yaraşandır. 

Bazarlığa gedəndə 2 min manat götürün

Əgər həmin o minlərlə manat sizdə yoxdursa, toyunuzu bir dəstlə yola verməli olacaqsınız. Bu dəstləri isə bazarda ən müxtəlif qiymətə tapa bilərsiniz. Qızılın qiymətini əyarı müəyyənləşdirsə də, Azərbaycan bazarında bu fərq də getdikcə aradan qalxmaqdadır. Əhalinin əsasən İtaliya qızılı kimi tanıdığı 750 əyar qızılın hər qramı 75 manatdan başlayır. Rus qızılı adlandırdığımız 583 və türk qızılı kimi tanınan 585 əyar qızılda qram 65 manatdan təklif edilir. Ancaq bu, son deyil. Məhsulun istehsal edildiyi şirkət, zavod və ya zərgər işi olması da qiymətə təsir edir. Satıcılar da etiraf edir ki, indi bazarda çox sayda "əl işi” adlandırılan məhsul var. Bunlar zavod məhsulundan fərqli olaraq daha az alıcı toplayır. Çünki məhsula etibar edilmir və tərkibi şübhə yaradır. Üstəlik, zavod istehsalından xarici görünüşünə görə də fərqlənir. Ancaq bu məhsullarda qiymət müəyyən qədər ucuz olur. Qızıl bazarında indi bir toyu yola vermək, yəni gəlini zinət əşyaları ilə təmin etmək üçün azı 2000 manat olmalıdır. Söhbət nişandan sonrakı mərhələyə aiddir. Nişan üzüyünün daxil olmadığı qızıl dəst (boyunbağı, qolbaq, üzük-sırğa) 2000-dən başlayan qiymətlərlə təklif olunur. Əgər seçiminzi brilliantdan yana olacaqsa, o zaman bunun üstünə daha 1000 manat gəlməlisiniz. 

"Ev malları” bazara necə çıxır?

Ancaq bu qiymətli daşın alışı zamanı da ehtiyatlı olmaq lazımdır."Səpmə brilliant” deyilən və tozabənzər daşlar daha ucuzdur.Tək və bütöv daşlarda qiymət bahalaşır.Brilliantın qiymətinə istehsalçı ölkə də təsir edir.Sibir brilliantı Belçika brilliantına nisbətən daha bahadır və satıcılar bunu daşın təmizliyi ilə izah edirlər.Əlavə edirlər ki, indi təmiz Sibir brilliantı tapmaq çox çətindir və sovet dönəmlərində istehsal olunan bu qiymətli daşdan istifadə edilən "ev malları” daha baha qiymətə satılır."Mənə bir sırğa gətirilmişdi.Sovet vaxtı vəzifədə olan şəxsin arvadına məxsus olub.Vəzifə deyəndə ki, "JEK” müdiri olub.Təkcə bir sırğanın 7000 manat qiyməti vardı, 2 karata yaxın daşı vardı və olduqca təmiz idi. Ancaq belə məhsulları adi alıcı almır”,- deyə qızıl satışı ilə məşğul olan Elnur deyir. 

Alıcı necə aldadılır?

Həmsöhbətimiz onu da bildirir ki, alıcılara daşları çox olan məhsulu tanımadıqları, etibar etmədikləri adamdan almaq tövsiyə olunmur. Çünki aldadılmaq ehtimalı çox yüksəkdir: "Satanların hamısı deyir ki, daşlar yoxlanılıb veriləcək. Əslində edirlər də.Amma təsəvvür edin ki, malın üstündə 50-yə yaxın xırda daş var, əsasən də səpmə birilliantda bu, daha çox olur.Yoxlama zamanı onlara diqqətlə nəzarət etmək çox çətindir.Arada bir neçə daşın yoxlanılmaması və ya brilliant olmaması ehtimalı yüksəkdir”.

Facebook-da "Nikolay 
beşliyi” 290 manat

Qızıl mağazaları satışın olmamasından şikayətlənir.Bunu qiymətlərin bahalığı ilə yanaşı, başqa bir faktorla da izah edirlər- onlayn qızıl satışının genişlənməsi.Mağaza üçün kirayə haqqının olmaması, vergidən yayınma, mağazanın saxlanması üçün digər xərclərin yoxluğu onlayn satışda qiymətlər daha ucuzdur.Facebook və İnstagram-da qızıl satışı ilə məşğul olan ayrıca səhifələr, şəxslər var. Hər birinin də öz müştərisi.İstədiyiniz zərgərdə qızılı yoxladaraq götürmək imkanınız tanınır.Məsələn, "Nikolay beşliyi” kimi tanınan sikkəni Facebook satıcısından 290 manata almaq mümkündür.

Univermaqlardakı şöbələrdə isə bu qiymət 350-400 manatdır.Onlayn satışda 750 əyarlı qızılın qramını mağazadan azı 7 manat daha ucuz almaq olar.Rusiya və Türkiyə əyarlarında isə qram 55-57 manat təşkil edir. Ancaq onlayn satışın üstünlükləri ilə yanaşı alıcılar üçün problemləri də az deyil. İlk növbədə məhsulun keyfiyyətinə zəmanət mağazaya nisbətən daha az olur. Malın qaytarılmaq imkanı sıfıra bərabərdir.Çünki satıcının telefonunu, sosial şəbəkədəki adresini dəyişdirməsi an məsələsidir və onu tapmaq qeyri-mümkündür. Bununla belə, onlayn satışın müştəriləri az deyil və alıcılar da razılıqla danışır. Bəzən bir satıcı bir neçə müştəri ilə işləyir və bu, artıq onlar arasında etibarlı əlaqəni təmin edib.

Qızıl almaq istəyənlər bölgələrə...

Bakının qızıl bazarı nə qədər cəlbedici görünsə də, bölgələrdə vəziyyət fərqlidir.Çeşid baxımından Bakı bazarına uduzan bölgələr qiymət sarıdan daha cəlbedicidir.Müştəri üçün bölgələrin qızıl bazarı Bakıdan daha səfrəlidir.Səbəb bölgələrdə kirayənin, əməkhaqqının daha aşağı olmasıdır.Məsələn, Bakıda son olaraq 2200-ə təklif edilən dəsti Goranboyda 1900 manata almaq mümkündür.Bakı bazarı bir də buna görə müştəri itirir.Müştərilər Məhərrəmlik ayından fürsət kimi yararlanaraq toy hazırlıqlarını görmək istəyirlər.Satıcılar isə onlara bu imkanı verməməkdə israrlı görünür."Sərf etmir” deyib ayaqlarını möhkəm dirəyiblər. Belə görünür ki, Məhərrəmlik də qızıl bazarını canlandıra bilməyəcək...

Sevil Ağazadə






Həftənin ən çox oxunanları