Yuxarı

QMİ-dən təhlükə xəbərdarlığı

QMİ-dən təhlükə xəbərdarlığı

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Salman Musayev Bakıda ərəb turistlərinin yaratdığı təhlükədən danışıb. Onların nəzarətdə saxlanmasını tövsiyyə edib. QMİ nümayəndəsi  bildirib ki,  Azərbaycana turist kimi gələn bəzi insanlar burada həftələrlə qalır və insanları ətrafına yığır, müəyyən işlər görür və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsmirlər. Onlar məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar.  Məsələyə həssas yanaşılmasa, mənfi nəticələr müşahidə edilə bilər. Eyni zamanda QMİ müvafiq orqanları bu yöndə "ciddi işlər” görməyə çağırıb. 

Maraqlıdır, Azərbaycana gələn ərəb turistlərindən hansı təhlükə ola bilər?

Araşdırmaçı-ekspert Namiq Hacıheydərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əgər belə bir ittiham QMİ  rəsmisi tərəfindən səsləndirilibsə, demək ki, məsələyə ciddi yanaşılmalıdır: "Sözsüz ki, Azərbaycana axın edən ərəblər arasında xüsusi missiya ilə gələnlər də var. Bunu araşdırmaq isə xüsusi xidmət orqanlarının işidir. Azərbaycanda xüsusi xidmət orqanlarının yaxşı işlədiyini düşünürəm. Bu səbəbdən böyük ehtimalla ölkəyə gələn digər turistlər kimi ərəblər də nəzarətdən kənarda qalmır. Ərəblər heç vaxt bu torpaqlara xoş niyyətlə gəlməyib. Onlar tarixən bu torpağa  şəxsi və tayfa maraqları, daha çox varlanmaq, daha yaxşı yaşamaq ehtirası ilə gəliblər.  Son zamanlar isə daha çox əyləncə üçün gəlirlər. Təəssüflə deməliyəm ki, onlar ölkəmizdə asanlıqla özlərinə "dost" tapa bilirlər. 

Bu gün 100 minlərlə insanımız işsizdir. Bunların da böyük qismi ailə başçıları və gənclərdir. Azərbaycana gələn ərəblərin çoxu isə heç bir maddi sıxıntı yaşamayan insanlardır. Onlar bizim ehtiyac içərisində olan gənclərimizi çətinlik çəkmədən ələ ala və "dost"laşa bilirlər. Onları müşayiət edən hər hansı bir gəncimiz müşayiət etdiyi ərəbin hesabına bir neçə gün havayı yeyib-içə və hətta müəyyən qədər maddi gəlir əldə edə bilir. Təbii ki, maddi sıxıntı içində olan gənc də belə bir "dost"u və ya "dostları" itirmək istəmir. Xüsusi missiya ilə gələn ərəb də bu əlverişli durumdan yararlanır, çətinlik çəkmədən kimlərisə "özlərinə işlədir". Bunun qarşısını almaq üçün gənclərimiz maddi sıxıntıdan azad olmalıdı. Heç bir sıxıntısı olmayan gənc hansısa ərəbin buyruq qulluqçusuna çevrilməyəcək”. 

Namiq Hacıheydərlinin qənaətinə görə hakimiyyət orqanları, səlahiyyət sahibi olan qurumlar bu yöndə xüsusi proqramlar hazırlamalı, insanlarımızın maddi durumu yüksəlməlidir ki,  onlar hansısa ərəbin, farsın, rusun əlinə baxmasın, eləcə də onların təsiri altına düşməsin: "Dövlətindən hər cür qayğı görən və təminatı yüksək olan hər hansı bir insan  heç vaxt xəyanət etməz. Bununla bağlı yəqin ki, xüsusi xidmət orqanlarımızın ayrı-ayrı nəzarət mexanizmləri mövcuddur. Əyər yoxdursa belə, bunu onlar düşünüb tapmalıdır. 

Ziyalının və eləcə də jurnalistin vəzifəsi  gözlənilən təhlükə ilə bağlı hakimiyyət orqanlarını xəbərdar etməkdi. Bu təhlükəni necə önləyəcəklər, bunu artıq aidiyyatı qurumlar  düşünsün.  Mənim dediyim sadəcə olaraq odur ki, ölkə insanının sosial-iqtisadi durumu nə qədər aşağı olacaqsa, kənardan gələ biləcək hər hansı bir təhlükə ehtimalı daha real olaraq qalacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları