Yuxarı

Azərbaycanlı milyarder hədəfdə

Azərbaycanlı milyarder hədəfdə

Rusiyanın dövlət neft şirkəti "Rosneft"in prezidenti İqor Seçin Veronedə keçirilən Avrasiya iqtisadi forumu zamanı jurnalistlərə açıqlamasında deyib ki, onun heç vaxt "Lukoil" şirkətini almaq niyyəti olmayıb.Xatırladaq ki, Rusiya mətbuatı dəfələrlə İqor Seçinin "Lukoil” şirkətini əldə etməyə çalışdığı haqqında xəbərlər yazıb.Məlumdur ki, İqor Seçinlə "Lukoil" şirkətinin azərbaycanlı prezidenti, milyarder Vahid Ələkbərov arasında münasibətlər yaxşı deyil.Hesab olunur ki, neft maqnatlarının münasibətində yaranan "soyuqluğun” da səbəbi məhz Seçinin "Lukoil” şirkətində olan marağıdır.

Bir müddət öncə Vahid Ələkbərovun "Lukoil”i Rusiyadan Türkiyəyə daşıyacağı haqqında məlumatlar yayılmışdı."Lukoil” rəhbəri yayılan məlumatlara bir müddət susqunluqla yanaşsa da, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra yayılan bu məlumatları təkzib etmişdi.Qeyd edək ki, yayılan məlumatlara səbəb kimi isə Rusiyaya tətbiq olunan sanksiyalar və bu ölkədə biznesin daha əvvəlki kimi gəlir gətirməməsi göstərilirdi.Son olaraq isə azərbaycanlı milyarderin Rusiya ərazisindəki yanacaqdoldurma məntəqələrinin satışa çıxarılacağı haqqında məlumatlar yayıldı.

Məlumatlarda həmçinin göstərilirdi ki, Vahid Ələkbərov Rusiyadakı  yanacaqdoldurma məntəqələrini satıb Türkiyədə yenilərini alacaq. Ancaq Putinlə görüşdən sonra Vahid Ələkbərov buna dair yayılan informasiyaları təkzib etdi: "Bizim bütün yanacaqdoldurma stansiyalarını satacağımıza dair informasiya yayılıb. 10 illik inkişaf strategiyamızı nəzərə alaraq bunu qəbul etmədik”.Ekspertlər hələ o, zaman bildirirdilər ki, Ələkbərov Putinlə bir sıra qaranlıq məqamlara aydınlıq gətirdiyi üçün Rusiyada qalmaq haqqında qərar verib.

Ancaq bütün bu baş verənlərə baxmayaraq "Lukoil” və "Rosneft” arasında yaranan qarşıdurma hələ uzun müddət davam edəcək."Rosneft”in isə "Lukoil”i almaqdan belə asanlıqla əl çəkəcəyi inandırıcı görünmür.Sadəcə, bu məsələdə kilid rolunu oynayan, hər iki şirkətin də bazarda qalmasını təmin edən amil hər iki şirkət rəhbərinin Kremlə yaxın olmasıdır.Məhz bu yaxınlıq hər iki şirkəti mehriban düşmənə çevirib.Yəni, hər iki şirkət bir-biri ilə həm mübarizə aparır, həm də Kremlin siyasi kursuna uyğun olaraq "dostcasına” fəaliyyət göstərir."Lukoil” şirkətinin, başqa sözlə, Vahid Ələkbərovun taleyinin necə olacağına gəlincə isə azərbaycanlı milyarderin Rusiyadan çıxarılacağı o qədər də inandırıcı görünmür.Nəzərə alsaq ki, Ələkbərov məhz Putinlə görüşündən sonra Rusiyada qalacağını bəyan etdi.Bu Putindən təhlükəsizlik təminatını alması anlamına gəlir.

"Rosneft”lə isə mübarizənin hələ uzun müddət davam edəcəyi gözləniləndir.Eyni sahədə fəaliyyət göstərən şirkətlər bazarda daha geniş imkanlara sahib olmaq üçün mübarizə aparmalıdır.Bu biznesin yazılmamış qanunlarındandır.Vahid Ələkbərovla Seçin də bu qaydalara uyğun olaraq mübarizə aparır.Sonda kimin qalib gələcəyini isə proqnozlaşdırmaq çətindir. Vəziyyət kritik hal alarsa,  son qərarı məhz Kreml verəcək.

Vilayət Muxtar