Yuxarı

Azərbaycanlı milyarderlərin biznes "savaşı”

Azərbaycanlı milyarderlərin biznes

Mərkəzi ofisi Türkiyədə yerləşən "Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov Rusiyanın "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu məhkəməyə verib.

Məhkəmə iddiasına görə "Lukoyl” şirkətinin törəməsi olan "Litasco” treydinq şirkəti "Palmali”yə 2 milyard dollar ödəməlidir. "Nezavisimaya qazeta” həmin iddia ətrafında baş verənlər haqda yazıb.

Məqalədə deyilir ki, "Palmali” "Litasco”nu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, başqa sözlə, "Palmali” ilə bağlanmış müqavilədə göstərilmiş həcmdə neft verməməkdə günahlandırır. 

Vahid Ələkbərov isə buna cavab olaraq, "Bu gün bildiyiniz kimi "Palmali” müflisləşmə ərəfəsindədir. Mən belə fikirləşirəm ki, bu məhkəmə iddiası sadəcə olaraq diqqəti yayındırmaq üçündür. Bizim əlimizdə sənəd var, hansı ki, onlar 2015-ci ildə imza atıblar ki, bizə hansısa iradları yoxdur”-deyib.

İki azərbaycanlı milyarderin savaşının arxasında nə dayanır? 

Məlumdur ki, bir müddət öncə adıçəkilən şirkətlər haqqında müxtəlif informasiyalar yayılmışdı. Belə ki, "Palmali”nin müflisləşməsi və aktivlərinin satışa çıxarılması haqqında məlumat dolaşsa da, sonradan şirkətin sahibi Mübariz Mənsimov bu iddiaları təkzib etdi. Digər tərəfdən, "Lukoyl” şirkətinin də Rusiyadan çıxarılacağı haqqında şayiələr gəzirdi. Gəzən şayiələrə uzun müddət reaksiya verməyən Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra yayılan məlumatların əsassız olduğunu bildirdi. Qeyd edək ki, Vahid Ələkbərovun "Lukoyl” şirkətini Türkiyəyə daşıması haqqında müxtəlif fikirlər səslənirdi.

Ehtimal olunur ki, bu gün iki azərbaycanlı milyarder arasında yaşanan problemlərin səbəbi yalnız iqtsadi maraqlar deyil. Mübariz Mənsimov bir müddət öncə Türkiyə mediasına müsahibəsində maraqlı fikirlər səsləndirib. "Belə iddialar hələ öncədən də vardı ki, Azərbaycanda və Rusiyada müəyyən çevrələr "Palmali”ni milyarderin nəzarətindən çıxarmaq və ya səhmlərinin müəyyən hissəsinə sahib olmaq istəyində olublar. Hətta onun Azərbaycandakı biznesi də bu səbəbdən sıxışdırılıb, Rusiya isə "Palmali”nin tankerləri ilə İŞİD-ə neft daşınması iddiası ilə gəmilərinin ölkə dənizlərində hərəkətinə müəyyən maneələr yaradılıb”.

İddia olunur ki, Vahid Ələkbərovun da "Palmali”də maraqları olub. Bu istiqamətdə birbaşa işlər görməsə də, dolayısı yolla "Palmali”nin səhmlərinə sahib olmaq niyyətinə düşüb. Ancaq bunlar sadəcə iddiadır və Vahid Ələkbərov bununla bağlı fikir bildirməyib. Vahid Ələkbərova istinadən rns.online portalının dərc etdiyi məqalədə deyilir ki, "Palmali”nin "Lukoyl”un törəmə şirkətini məhkəməyə verib-verməməsi, bu iddianın nə dərəcədə əsaslı olması bir tərəfə, türk şirkətinin özü və onun sahibi qanunsuz işlərə getdikcə daha çox bulaşır. Belə ki, 2013-cü ildə Rusiyada vergi xidmətinin yoxlaması zamanı "Palmali”nin bu ölkədəki törəmə şirkəti olan "Palmali” MMC-nin iri məbləğdə vergidən yayındığı üzə çıxıb.

Vahid Ələkbərovun dediklərindən belə bəlli olub ki, "Lukoyl” rəhbəri "Palmali”ni yaxından izləyirmiş. Əks halda, bu cür informasiyalara sahib ola bilməzdi. Mübariz Mənsimov səslənən iddialarla bağlı hələlik susur.

Hər iki şəxs kifayət qədər böyük nüfuza sahib iş adamlarıdır. Sahib olduqları şirkətləri təmsil etdikləri ölkələrin birincilərindən etməyi bacarıblar. Ancaq iki azərbaycanlının belə bir məsələ ilə gündəmə gəlməsi və bir-birilərini ittiham etməsi heç də xoş qarşılanmır. Təbii ki, hər kəs özü haqqını, hüququnu tələb etməli və məhkəməyə müraciət etmək də yaşanan problemlərin ən sivil qaydada həll variantıdır. Kim haqlıdırsa, məhkəmədə qalib gələcək. Ancaq uzun illər uğurları və qurduqları biznes imperiyası ilə gündəmə gələn azərbaycanlı maqnatların, bu cür neqativ məsələlərlə bir-birinin nüfuzuna xələl yetirmək cəhdi normal qarşılana bilməz. 

Hər iki şəxsin Azərbaycanda da biznesləri var və azərbaycanlılar tərəfindən kifayət qədər hörmət və nüfuz qazanıblar. Ancaq bütün bunlara baxmayaraq iş dünyasında qarşıdurmasız keçinmək mümkün deyil. Bu artıq bu cür qəbul olunub. Hər kəsin öz mövqeyi, öz yolu, öz qaydaları var. Ümid edək ki, iki azərbaycanlı milyarder arasında yaşananlar da məhz qaydalara uyğun olaraq yoluna düşəcək. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları