Yuxarı

Azərbaycanda neçə nazirliyə ehtiyac var?

Azərbaycanda neçə nazirliyə ehtiyac var?

Gürcüstanda siyasi və struktur islahatları çərçivəsində  5 nazirlik ləğv olunacaq. 

Bu günə qədər ölkədə  18 nazirlik fəaliyyət göstərib. Ətraf Mühitin Mühafizəsi Nazirliyinin tərkibindəki Təbii Resurslar İdarəsi və Energetika Nazirliyi Gürcüstan İqtisadiyyat Nazirliyinin tərkibinə verilib. Fövqəladə Vəziyyətlərin İdarəsi Agentliyi, eləcə də Təhlükəsizlik və Böhranların İdarəedilməsi Şurasının yerində Fövqəladə Situasiyaların İdarəsi Mərkəzi yaradılacaq. Mədəniyyət Nazirliyinin tərkibində yer alan Gənclərlə İş üzrə İdarə isə Təhsil Nazirliyinə veriləcək. Mədəniyyət Nazirliyinə isə ləğv edilmiş İdman və Gənclər Nazirliyinin idmanla bağlı funksiyası veriləcək. 

Ətraf Mühitin Mühafizəsi Nazirliyi, ümumiyyətlə, tam ləğv ediləcək və Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə veriləcək. Avrointeqrasiya İşləri üzrə Dövlət Nazirliyi isə Gürcüstan Xarici İşlər Nazirliyinə birləşdiriləcək. 

Manatın devalvasiyasından sonra Azərbaycanda da idarəetmənin stimullaşdırılması, sadələşdirilməsi məsələsi gündəmə gəlmişdi və paralel strukturların ləğvi gözlənilirdi. Hətta hökumət rəsmiləri də ciddi islahatların keçiriləcəyini istisna etmirdilər. Son iki ildə Azərbaycanda bu kimi addımlar atıldı. Belə ki, Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bundan öncə isə Dövlət Sosial Müdafiə Fondu ləğv olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verildi. Bu islahatların davamlı olacağı deyilsə də, hələ ki, hökumət bu yöndə heç bir addım atmır. 

Qeyd edək ki, hal-hazırda Azərbaycanda 19 nazirlik, 9 komitə fəaliyyət göstərir. Ölkəmizdə də nazirliklərin sayının azaldılmasına, paralel strukturların, oxşar qurumların birləşdirilməsinə və ya heç bir fəaliyyəti olmayan təşkilatların ləğv olunmasına ehtiyac varmı?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda da bu cür islahatların imkansız olduğunu deyib: "Gürcüstan demokratik ölkədir və orada məmurlar hakimiyyətin müdafiəçisi olmadığına görə məmurların sayının çox olması əhəmiyyətli deyil. Ona görə də ixtisar edirlər”.

Partiya sədri hesab edir ki, Azərbaycanda ən çox 12-13 nazirliyə ehtiyac var: "Bəzi nazirliklər və komitələr birləşdirilərək bir nazirliyin tərkibində fəaliyyət göstərə bilər. Çünki Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə kiçik bir dövlətdir. Məsələn, Rusiyanı da eyni sayda nazirlik idarə edir, Azərbaycanı da. Rusiyada da həmin nazirliklər 150 milyonluq əhalini idarə edir. Azərbaycan isə əhalisinin sayına görə Moskvanın 1 məhəlləsi qədərdir, amma eyni sayda nazirlik var. Əhalinin sayı, ərazinin həcmi idarəedənlərin sayına ekvivalent olmalıdır”. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları