Yuxarı

Mövsüm gəldi, binalara hələ də istilik verilmir: SƏBƏB

Mövsüm gəldi, binalara hələ də istilik verilmir: SƏBƏB

Noyabrın 15-dən qış rejiminə keçilsə də yaşayış binalarına istiliyin verilməsi gecikir. Təkcə yaşayış binaları deyil, məktəblər, idarələr, uşaq bağçaları və xəstəxanalar da istiliklə təmin olunmayıb. Baxmayaraq ki, "Azəristiliktəchizat"" Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri noyabrın 15-dən binaların istilliklə təmin olunacağını demişdilər. Amma nə istilik var, nə də normal təbii qaz verilir. Problemdən əziyyət çəkən insanların bu məsələdə çıxış yolu qalmır. 

Alternativ üsullardan istifadə etmək isə mümkün deyil. Həyət evlərinin istiliklə təminatı ilə bağlı qismən alternativ vasitələrdən istifadə etmək mümkün olur. Binalarda isə bu mümkün deyil. Əsasən isə güc qızdırıcı radiatorlara verilir ki, bu da kifayət qədər elektrik enerjisi sərfiyyatı deməkdir. 

İnsanları soyuqla imtahana çəkən qurumlar

Bu günlərdə "Azəriqaz” İstehsalat Birliyinin rəsmilərindən biri mediada absurd bir açıqlama ilə çıxış etdi. Onun sözlərinə görə, ölkədə hava xoş keçdiyindən qazın təzyiqinin artırılmasına və istiliyin verilməsinə gərək yoxdur. Bu tip açıqlamalarla çıxış edən aidiyyati qurumlar əslində insanların əsəbi ilə oynayaraq, özlərini "ağıllı” göstərməyə çalışırlar. Amma dünyanın heç bir ölkəsində vətəndaşlarına qarşı bu cür "davranış və qayğı” nümayiş etdirilmir. 

"Azəristiliktəchizat” cəzalandırılmalıdır...

Qeyd edək ki, AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli binaların istiliklə təminatındakı problemlərdən narazılığını bildirib. Deyib ki, "Azəristiliktəchizat" ASC-yə konkret tələb qoyulmalıdır: "

Nəyə görə binalar noyabrın 15-də istiliklə təmin olunmadı? Yaxşı olar ki, bununla bağlı açıq müşavirə olsun, günahkarlar, yalandan açıqlama verənlər cəzalandırılsın. Sovetlər dövründən qalma bir qayda var ki, noyabr ayının 15 - dən qış rejiminə keçilir. Bu gün artıq ayın 17- dır. Səlahiyyətli orqanlar Bakının qışa tam hazır olduğunu bəyan etdilər, bildirdilər ki, soyuqlar düşsə də nə işığımız, nə qazımız kəsiləcək. Yağış yağanda evimiz dammayacaq, lift şaxtaları su buraxmayacaq, liftlər sönməyəcək. Hündürmərtəbəli binalarda, özəlliklə də beton binalarda, istilik yoxdursa, həyat da yoxdur. Evində körpə uşaqları, qocası və xəstəsi olanlar var. İstilik evlərə niyə vaxtında verilmədi? Vətəndaşlar yalanla doğrunun arasında qalıb. Artıq vətəndaşların özləri çarə tapır, yollar arayırlar”. 

Partiya rəsmisinin sözlərinə görə bina evlərinin istiliklə təmini ciddi problemə çevrilib:

"Dünyanın ən gözəl və səliqəli şəhərlərindən olan Bakıda 3140 hündürmərtəbəli bina istiliklə təmin edilir. Bunun 30-40 %-i sadəcə, statistik göstəricidir. Çünki, elə binalar var ki, istilik bir saat verilir, bir sutka kəsilir. Yaxud, binaya 30 dərəcəyə qədər istilik belə gəlib çatmır. Amma, yüzlərlə belə bina da "Azəristiliktəchizat" tərəfindən istiliklə təmin olunan 3140 binanın siyahısına salınır. Bu isə korrupsiyaya yol açır. Az sayda da olsa, bəzi binalara istilik verilir, amma sayı çox göstərilir.Bəs, istilik verilməyən binaların sakinləri donub ölsünlər? Paytaxt məktəbləri, idarələri, xəstəxanaları, evləri pis-yaxşı da olsa, istiliklə təmin ediləcək. Bəs kənd məktəbləri necə olacaq? Ən pis vəziyyət əyalət məktəblərindədir. Çünki, məktəblərə verilən yanacaq, odun, digər ləvazimatlar, materiallar oğurlanır, yeyilir və talanır. Soyuqdan donanlar isə məktəblilər olur. Belə vəziyyətlə qışa hazırıqmı?”.

İstilik hissə-hissə veriləcək...

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, düzdür, 100 faiz ərazilərə istilik hələ verilməyib: "550 qazanxanadı. Bunun hamısını eyni vaxtda istifadəyə vermək də mümkün deyil. "Azəriqaz” İstehsalat Birliyinə müraciət etmişik. Tədricən qazanxanaların qaz təchizatı açıldıqca, qoşulmalar gedir. Hazırda konkret nə qədər qazanxananın istifadəyə verilməsi haqda bilgim yoxdur. O məlumatları sabah verə bilərəm. Birdən-birə istiliyi vermək də mümkün deyil. Ərazilərdə müəyyən tənzimlənmə işləri gedir. Çünki qazın təzyiqi artırıldıqca, mənzillərə gedən qaza da təsir göstərir. Açığı o texnologiyanı dəqiq bilmirəm. Amma tənzimləmə işləri tədricən həyata keçirilir. Bizim qazanxanalarımız tam hazırdı. Sadəcə, qaz təchizatı qoşulduqca, onlar işə salınır”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları