Yuxarı

Bakıda "göydələn”lərin "yerini dar edən” zoopark

Bakıda

Çox az adam tapılar ki, Bakı Zooloji Parkında olmasın. Bu məkan gənc ailələrin, həm uşaqların, həm də böyüklərin sevimli məkanı sayılır, desək, yanılmarıq.Yay, ya da qış - fərq etməz, bütün fəsillərdə şəhərin səs-küylü ab-havasından uzaqlaşmaq, özünü təbiət qoynunda hiss etmək istəyənlər məhz bu məkana üz tutur.Biz də bu məkanın son vəziyyəti ilə maraqlanmaq və ziyarətçilərlə söhbətləşmək üçün yollandıq sözügedən məkana.

Məlumat üçün bildirək ki, burada 154 növdə 1200 heyvan məskunlaşıb.Zoopark 40 növ məməli, 40 növ balıq, 11 növ sürünən, 63 növ quşun məskənidir. Bakı Zooloji Parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, Şotland ponisi, Avropa cüyürü, pavian qamadril, yenot, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar da saxlanılır. Burada adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan heyvanlar yaşayır.Bunlara nəcib maral, ceyran, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu aiddir.Aralıq dəniz tısbağası və Amur pələngi yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.

"Gənclik” metrostansiyası yaxınlığında yerləşən parkın girişində yerləşən kassada öyrəndik ki, ötən illə müqayisədə qiymətlər bahalaşıb. 2016-cı ildə qiriş haqqı azyaşlı uşaqlar üçün pulsuz, orta yaşlı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 1 manat 50 qəpik nəzərdə tutulurdusa, bu il 2-10 yaş arasında uşaqlara giriş 1, 10-dan yuxarı yaşlılara isə 2 manatdır. Yəni qimətlər 50 qəpik bahalaşıb.

Parkın rəhbəri Azər Hüseynov deyir ki, səhər saat 09:00-dan axşam 21:00-a kimi fəaliyyət göstərən parkın hər saat müştərisi olmur: 

"İndi məktəblilərin payız tətili olduğundan parkda uşaq əlindən yer yoxdur. Özünüz də görürsünüz ki, çox sıxlıqdır.Normalda zooparka gələn çox azdır, həddindən artıq azdır.Tətil olmayan vaxtlarda isə parkın daimi qonaqları tələbələrdir.Ümumilikdə isə parkda hər yaşda insana rast gəlmək mümkündür".

Parkın direktoru ilə ayaqüstü söhbətdən sonra parkı gəzmək qərarına gəlirik.Bura gələn qonaqlar üçün girişdə sadə xidmət təklif olunur.Kiçik bir köşk və qarşısında bir neçə masa qoyulub.Açıq kafedə 1 çaynik çayın qiyməti 3 manatdır.Zooparkı gəzib, yorulan ziyarətçilər burada kofe, çay, su içə və dincələ bilərlər.Son günlər də havaların xoş, günəşli keçdiyini nəzərə aldıqda həmin masalarda bir dənə də olsun boş yerin gözə çarpmadığını görürük.

Sevgililərin görüş yeri

Müşahidələrimiz nəticəsində məlum olur ki, ziyarətçilər quşlardan çox meymunları və vəhşi heyvanları izləməyə maraq göstərir.Uşaqların ən çox əyləndikləri heyvan isə meymunlardır.Meymunlar onlara yaxınlaşmadıqda isə, özlərinə məxsus səslər çıxararaq insanları səsləyirlər.Zooparkın ziyarətçiləri arasında gənc sevgililər də var. Onlar əl-ələ tutaraq heyvanlar haqqında qızğın müzakirələr aparırlar. Adlarının açıqlanmasını istəməyən sevgililər deyir ki, bura onların ən çox sevdiyi məkandır: 

"Biz artıq 3 ildir ki, sevgiliyik. İlk dəfə burada tanış olduğumuz üçün bu park bizə doğmadır. Hər ay bir dəfə də olsa, heyvanları ziyarət edirik.Bizim ən gözəl günlərimiz bu məkanda keçib.İnşallah, gələcəkdə övladlarımızı da buraya gətirəcəyik”.

"Zoopark" lazımsız məkandır...

Parkdakı heyvanlar onları izləyən ziyarətçilərə məhəl qoymadan yatır, yeyir, bir-biriləri ilə oynayır, bəziləri də payız günəşininin şüaları altında uzanırlar.Qəfəslərin ətrafında dolaşarkən canavarları müşahidə edən gənc xanım diqqətimizi çəkir. Aygül hesab edir ki, zoopark sadəcə, insanların əyləncəsini təmin edən və heyvanların narahatçılığına səbəb olan məkandır: 

"Əsasən burada iki canavarın ayağını yerə sürtərək qəfəsin o baş, bu başına qaçması mənə çox pis təsir edir. Təbiətdə elə heyvanlar var ki, onlar sürü halında yaşamağa uyğunlaşıblar.Belə heyvanların qəfəsdə yaşamağı nə dərəcədə düzgündür?İnsanlar kimi heyvanlar da azad olmaq istəyir.Xüsusilə, quşlar azadlıq simvoludur.Onları təbiətin gözəlliklərindən məhrum etmək heç də doğru deyil”.

"Əşi, heyvandır da, heç nə olmaz...”

Heyvanları müşahidə edən zaman əlindəki pendir çubuqları ilə quşları yemləməyə çalışan ailə diqqətimizi çəkir.Onlar lövhədə yazılan "heyvanları yemləmək olmaz” sözlərinə məhəl qoymurlar.Uşaqlarını əyləndirmək üçün gah qəfəsə əllə zərbələr vurub, quşları uçurur, qıcıqlandırır, gah da heyvanları çörəklə qidalandırırdılar. Onlara lövhədə yazılanları xatırlatdıqda isə, "əşşi, heyvandır da, heç nə olmaz” cavabını alırıq: "Guya plakata kim məhəl qoyur ki, biz də fikir verək. Uşaqlarım onları yemləməkdən həzz alır.Biz də zəhər vermirik ki, yem verib qarınlarını doyururuq”.Məlumat üçün bildirək ki, zooparkda heyvanları müşahidə etməkdən əlavə, müxtəlif əyləncə formaları da var. Ponidə gəzinti, müxtəlif attraksionlar daha çox uşaqların sevimli əyləncə vasitəsidir.Gəzinti zamanı vəhşi quşların, yırtıcıların qəfəslərində önlərində ət olduğunu görürük.Digər heyvanların isə önlərində yemlərinin bol olduğu, yerləşdikləri qəfəs və yerlərin təmizliyi diqqətimizdən yayınmır.

Parkın rəhbəri bizimlə söhbətində bildirir ki, qış fəslinə hazırlıq işləri başa çatıb:

"Qışa tam hazırıq. Yem tədarükü etmişik.Yonca otu, tayaya vurulub.Arpa, buğda, qarğıdalı, darı alınıb.Bundan əlavə, tenderi udan tədarükçülər heyvanlara lazım olan meyvə-tərəvəzi həftədə bir dəfə gətirirlər.Özünüz də gördünüz ki, heyvanların qabağında yemləri boldur.Heyvanların qış rasionu başqadır. Yay rasionundan fərqli olaraq, heyvanlara 20 faiz  çox qida verilir. Bu ətyeyən və otyeyən heyvanlarımızın hamısına aiddir.Çalışırıq ki, quşlara vitaminli yemlər verək.Bundan savayı, qışa hazırlıq dedikdə, istilik yada düşür.Bütün istilik sistemləri saz vəziyyətdədir.Artıq qoşulub, işləyir, bizdə kombi sistemidir.İsti döşəmə su hovuzunda timsahda var. İquanada var. Kenquru və yaquarda qızdırıcı radiator qoymuşuq.Dilsiz-ağızsız heyvanlara biz işçilər tərəfindən lazım olan bütün diqqət və qayğı göstərilir".

Zooparkın direktoru əlavə edir ki, bu il sentyabrın 21-də bura Daşkənd Zooloji Parkından 1 baş dişi lama, 1 baş yallı qoyunun erkəyi və iri yapalağ-bəyquş sinfinə aiddir- gətirilib. A.Hüseynovdan soruşanda ki, 4,25 hektar ərazisi olan Zooparkın Qobuya köçürülməsi məsələsi nə yerdədir? Direktor israrla deyir ki, həmin ərazi Bakı Zooloji Parkı üçün ayrılmayıb:

"Ölkə başçısı tərəfindən 2008-ci ildə 3 milyon manat vəsait ayrılmışdı. Öncə Qobuda 55 hektar yer ayrılmışdı.Sonra həmin sahə Ceyranbatana dəyişilmişdi.Sonra da necə olduğu bilinmədi.Ayrılan məkan və vəasitin sonrakı aqibəti mənə məlum deyil.Deyilirdi, amma bizim Zoopark yerində qalıb. Yəni bizə aid deyildi..."

Məsələyə aydınlıq gətirmək məqsədilə Bakı Zooloji Parkının tabeçiliyində olduğu Bakı Şəhər Mədəniyyət və Turizm idarəsi ilə əlaqə saxladıq.Oradan bildirdilər ki, Zooparkın yerinin Qobuya dəyişdirilməsi məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılıb, aqibəti isə məlum deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, "Zooloji Parkın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə ilkin olaraq Zooloji Parkın yerləşdirilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Abşeron rayonunun Qobu qəsəbəsində 55 hektar ərazi ayrılıb, lakin ərazinin əsas təbii göstəricilərinin qeyri-qənaətbəxş olması səbəbindən (su mənbəyinin olmaması, torpağın qeyri-münbit və şoranlığı , yol infrastrukturunun inkişaf etməməsi və s.) aparılmış monitorinqlərin nəticələri əsas götürülərək onun münasib ərazi ilə dəyişdirilməsi təklif edilib: 

Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsi "Ekodenge Engineering and Consultancy Ltd” şirkəti tərəfindən 2012-ci ildə hazırlanıb. Nazirlik öz növbəsində Ceyranbatan gölünün yaxınlığında yerləşən, Qumyataq gölünün sahilində olan meşə fondu torpaqlarının bu məqsədlə ayrılması üçün təşəbbüs irəli sürüb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Zooloji Parkın yerləşdirilməsi üçün Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisindən 55 hektar torpaq sahəsi ayrılıb. 

Parkın layihə-dizayn sənədləri işlənilərkən yeni ayrılmış ərazinin təbii göstəriciləri nəzərə alınmaqla və onların təbii xüsusiyyətlərindən (Qumyataq gölünün suyundan, bitən ağac və kollardan, təbii relyefdən) istifadə etməklə safari-park konsepsiyası əsasında hazırlanıb.

Layihə-dizayn işlərinin aparılmasına son illər dünyanın bir sıra ölkələrində (Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Sinqapur) yaradılan yeni zooloji parkların layihəsini hazırlayan şotlandiyalı, Yeni Zelandiyalı, sinqapurlu mütəxəssislər cəlb olunub. Yeni Zooloji Parkın layihə sənədlərinə əsasən Azərbaycan Zooloji Parkında müvafiq olaraq 9 əsas sərgi zonası, 80 əsas (elementar) sərgi sahəsi, 224 müxtəlif növ və 1518 heyvan fərdinin nümayiş etdirilməsi nəzərdə tutulub. 

Layihə əvvəlcədən müəyyən olunmuş vaxtda tam hazır edilərək aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və bütünlüklə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunub, burada 29 noyabr 2013-cü il tarixində ekspertizadan keçdikdən sonra təsdiq olunaraq, inşaat üçün tam hazır vəziyyətə gətirilib. 

Nəzərə alsaq ki, 55 hektar ərazisi olan Zooloji Park üçün tələb olunan qapalı kanalizasiya sisteminin qurulması, etibarlı enerji şəbəkəsinin, su rezervuarlarının yaradılması, qaz təchizatı və digər məsələlər külli miqdarda vəsait tələb edir, Zooloji Parkın xarici kommunikasiya vasitələri ilə təminatı üçün zəruri vəsait ödənildikdən sonra inşaat işlərinin başlanılmasına yetərli olmayacağı nəzərə alınaraq, Zooloji parkın tikintisi üçün vəsaitin ayrılması barədə Hökumət qarşısında məsələ qaldırılıb. 

Həmin dövrdə iqtisadiyyatda gedən proseslərlə bağlı daha vacib məsələlərin ortaya çıxması səbəbindən yeni Zooloji Parkın tikintisi gələcək vaxta keçirilib və ayrılan vəsaitin büdcəyə qaytarılması tam şəkildə təmin edilib.Məlumat üçün bildiririk ki, hazırda fəaliyyət göstərən Bakı Heyvanat Parkı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindədir.Son illərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə Bakı Heyvanat Parkında saxlanılan bir sıra növlərin saxlanma şəraiti xeyli dərəcədə yaxşılaşdırılıb və onların saxlandığı qəfəslərin sahəsi bir neçə dəfə genişləndirilib.

Bir daha qeyd etməyi lazım bilirik ki, yeni Zooloji Parkın müasir standartlar əsasında işlənilmiş və qanunvericiliyə uyğun qaydada təsdiq olunmuş layihəsi tam hazırdır və Hökumət tərəfindən tələb olunan maliyyələşmənin ayrılacağı və müvafiq qurumlar tərəfindən yeni Zooloji Parkın tikintisi işlərinin aparılması mümkündür.

Eyni zamanda, yeni Zooloji Parkın Bakı şəhərinin yaxınlığında yerləşən Şirvan və Altıağac milli parklarının ərazisində bölmələrinin yaradılması və burada əsasən Azərbaycan təbiətinə məxsus vəhşi heyvan və quş növlərinin turistlər üçün sərgilənməsi və safari -park konsepsiyası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.

Aytən Həsənova






Həftənin ən çox oxunanları