Yuxarı

Erkən nikah cinayətdir, bəs nişan?

Erkən nikah cinayətdir, bəs nişan?

Tanınmış televiziya aparıcısı Zaur Kamalın "5də 5” verilişinin "Elçilik” rubrikasında etdiyi kobud səhv ictimaiyyətdə ciddi narazılıq yaradıb. Aparıcı sözügedən rubrika üçün rayonlardan birinə elçiliyə gedərək qanuvericiliyə zidd olan erkən nikahı təbliğ edib. Bu isə ciddi etiraz və müzakirə yaradıb. Qadın təşkilatları bu məsələyə sərt təpki göstərib, müxtəlif bəyanatlarla çıxış ediblər. Bildirilib ki, ölkə erkən nikahla bağlı bu qədər iş görərkən, Zaur bu ölkənin qanunlarından və siyasətindən xəbərsiz addımlar atır. Görünür, şoularını qanundan yüksəkdə tutur... 

Qeyd edək ki, verilişdə oğlan evi qiz evini razı sala bilmədiyi üçün qız qapısına aparıcını göndərib. Zaur Kamal 7-ci sinif şagirdinin valideynlərindən onu istəyən oğlana ərə verilməsi üçün xahiş edib. Valideynlər qızlarının ailə qurmaq yaşında olmadığını bildirsələr də, aparıcı dirəniş göstərib və qanunvericilikdən xəbərsizliyini nümayiş etdirərək, erkən nikahı təbliğ edib. 

Məsələ ilə bağlı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 15 yaşında qızın qapısına elçi getmək və verilişdə bunu nümayiş etdirmək çox ciddi nöqsandır: "15 yaşında qızı ərə vermək mesajının ötürülməsi, onun təhsildən yayınması, düzgün təbliğ olunmamasının özü də bir məsuliyyətdir. O cür televiziyanın verilişində belə bir məsələnin ictimailəşməsi qanuna zidd hərəkətdir. Hətta ictimai xadim və sənətçilərin iştirakı ilə belə bir kobud nöqsana yol verilməsi ciddi məsuliyyətdir. Onların ictimai qınaq və ictimai məsuliyyət kimi məsələlərdə kifayər qədər öhdəlikləri var. Çünki onlar ölkənin üzdə olan simalarıdır.

Bu cür məsələdə durub ora getmək və erkən nikahı təbliğ etmək nə dərəcədə düzgündür? Nə olsa belə, 15 yaşlı qız nişanlansa, təhsilə maraq göstərəcəkmi? Artıq o özünü ərə gedəcək tərzdə proqramlaşdıracaq. Valideyn kənd adamı olsa da anlayır ki, qızı hələ uşaqdır, ailə quracaq yaşda deyil. Amma verilişin özündə bu məsələnin qaldırılması kifayət qədər ciddi məsələdir. Bu açıq şəkildə erkən nikahın təbliğidir. Belə verilişlərə qətiyyən yol verilməməlidir. Ən azı verilişi aparacaq şəxslər ölkədəki qanunvericlikdən xəbər tutmalıdırlar. Əgər savadsız kənd adamı durub kiminsə qapısına elçi gedirsə, bu başqa məsələdir. Amma 9 milyondan çox əhalinin gözü qarşısında 7-ci sinif şagirdinə elçilik edilir”.

QHT sədri qeyd edib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib: "Onlar da bu məsələdən məlumatlıdı və tədbir görəcəklər. Qadın təşkilatı olaraq Xəzər TV-yə də etiraz məktubu ünvanlamağı düşünürəm. Bu çox kobud səhvdir. Bununla həm uşaq, həm də qadın hüquqlarını pozmuş olurlar. Heydər Əliyev Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı kifayət qədər işlər görür. Daxili İşlər Nazirliyi bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutur. Bir veriliş çıxıb deyir ki, biz sənin qapına elçi gəlmişik. Bu məsələyə etiraz edirik! Xahiş edirik ki, Xəzər TV bununla bağlı ciddi tədbir görsün. Eyni zamanda bununla sözügedən məsələyə cavab tələb edirəm”.

Hüquqşünas Əsabəli Mustafayev sözügedən məsələyə qanunvericilikdə nəzərdə tutulan prizmadan yanaşıb: "Qanunvericilikdə həddi-buluğa çatmayanla cinsi münasibətdə olmağa görə məsuliyyət nəzərdə tutulub. Bu evlənmək məqsədilə, yaxud başqa məqsədlərə görə olub, bunun əhəmiyyəti yoxdur. Əgər sadəcə, nişanlanıblarsa və deyirlər ki, tutaq ki, 18 yaşı olanda nikah quracaqlar, bu, ayrı məsələdir. Bu zaman göbəkkəsmədən danışıq gedir. Amma faktiki o yaşda ailə qurulursa, bu, artıq azyaşlı ilə cinsi əlaqədə olmaqla bağlı cinayət məsuliyyətidir”. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları