Yuxarı

"Quska”nın boyundan hündür kürsü

"Rəsul, okeanın o tayına tullanmaqla demokrat olmaq olmur”.Azərbaycan Xalq Cəbhəsinin lideri, mərhum prezident Əbülfəz Elçibəy vaxtilə bu sözləri parlamentin keçmiş sədri Rəsul Quliyevə xitabən demişdi.Bu, o dönəmə təsadüf edirdi ki, milyonlarla dollar dövlətə məxsus pulu götürüb ABŞ-a qaçan Rəsul Quliyev ölkəyə qayıdaraq demokratik dəyişikliklər edəcəyindən danışırdı.Rəsul Quliyev bu gün də Azərbaycana qayıdıb "demokratiya hərəkatı” yaradacağını, ölkənin siyasi həyatında ciddi dəyişikliklərə imza atacağını vəd edir. Lakin 20 ilə yaxındır sonu görünməyən bu yolda nə Rəsul Quliyev gözə dəyir, nə də onun gətirmək istədiyi "demokratiya”...

"Demokrat Quska”

Hüseyn Abdullayev - "Quska” ləqəbli keçmiş millət vəkili, zəngin iş adamı. O da Rəsul Quliyev kimi Azərbaycana qayıdacağını, namizəd kimi seçkilərə qatılıb dəyişiklik edəcəyini deyir. Artıq özünə köməkçilər də tapmaq üzrədir..

Əlbəttə, Hüseyn Abdullayevin digər Azərbaycan vətəndaşları kimi seçkilərdə iştirak etmək hüququna heç kəs etiraz etmir.Azərbaycan qanunvericiliyi ona bu istəyini həyata keçirməyə geniş imkanlar verir.Lakin qəribəlik başqa məsələdədir. Həm də məsələyə qəribəlik donu geyindirən "Quska”nın bu iddiası deyil, onun bu istəyini qəribə göstərən "əsl demokrat” kimi danışıb, özünü gözə "demokratiya adamı” kimi gözə soxmağa cəhd etməsidir. Əlbəttə, keçmişi etdiyi zorakı hərəkətlərlə zəngin olan və özünə qarşı olan ən xırda etirazı belə "qara köynəkli dəstəsi”nin əlinə verdiyi dəyənəklə yatırdan Hüseyn Abdullayev demokratiyadan danışanda bunun kənardan gülməli lətifə kimi görünəcəyini özü də bilməli idi. Mitinqlərdə müxalifətçiləri döydürməkdən tutmuş, rəqabətdə olduğu sahibkarlar və iş adamlarına qarşı zorakılığı ilə ad çıxarmış "Quska” millət vəkili olarkən, Milli Məclisin iclasında həmkarı Fəzail Ağamalını da hər kəsin gözü qarşısında açıq şəkildə təhqir etmişdi. F.Ağamalı ilə əlbəyaxa döyüşə səbəb olan bu qeyri-normal hərəkəti ilə Hüseyn Abdullayev "qırmızı xətti” keçdi və həbs olundu.Daha sonra azadlığa çıxmağı bacardı və ən sonda Almaniyaya qaçdı.

Hüseyn Abdullayev kimləri döydürüb?

Əlbəttə, "Quska”nın zorakılıqları, heç bir etik normalara sığmayan hərəkətləri bununla yekunlaşmır. Son günlər bu barədə yazılanlara dayansaq, iş adamı Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması, Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımovun döyülməsi, Məmmədtağı İbrahimovun ofisinə basqın cəhdi də prezidentliyə namizəd olmaq istəyən Hüseyn Abdullayevin adına yazılıb. Bundan başqa iş adamı Abdulbari Gözəl və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun döyülməsinin təşkilatçısının da "Quska” olduğu deyilir.

Başqa sözlə, özü öz əli ilə avtobioqrafiyasına "unudulmaz” izlər həkk edən və özünə qarşı olan bütün düşüncə və rəqabəti belə diktatorluq xislətindən irəli gələrək dəyənəklə qarşılayıb, təpiklə yola salan "Quska” beləcə bir qəribə tərzdə demokratik dəyişikliklərdən danışır. O, bu iddiası və bəzək-düzək vermək üçün üzərində xeyli əlləşdiyi cümlələri ilə gündəmə gəlməyə başlayanda sosial şəbəkələrə ağaran dişlər dolu kimi yağırdı. Şəkilləri gen-bol paylaşılan "demokrat namizəd”in bu iddiasına münasibət bildirənlər də bir cümlə ilə kifayətləndilər: "Tanış olun, prezident Quska”. Məşhur teletamaşanı yadımıza salsaq, Quskanın bu sözlərə belə ürəkdən inanıb özünü bir anda ən yüksək kürsüdə hiss edib "canına yağ kimi yayılmasını” da anlaya bilərik. Di gəl ki, o kürsü Quska üçün həddən artıq hündürdür... 

Mənsur






Həftənin ən çox oxunanları