Yuxarı

Yeni hotellərdə qiymətlər ucuzlaşmayacaq

Yeni hotellərdə qiymətlər ucuzlaşmayacaq

Bu gün Azərbaycanda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək mümkün olmur. Əvvəla xidmətin aşağı, qiymətlərin isə həddindən artıq baha olması buna imkan vermir. Azərbaycanda kifayət qədər lüks hotellər var və onlar ən müasir tələblərlə xidmət göstərməkdədirlər. Amma bu fəaliyyət Azərbaycanda turizm sektorunun yüksək səviyyədə inkişaf etməsi deyil. İllərdir ki, bu sahədə hər hansı irəliləyişə nail olmaq da mümkün olmur. Ən azından ona görə ki, istər yerli, istərsə də xarici turistlər üçün göstərilən xidmət ürəkaçan deyil. 

Ekspertlər hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyinin turizmlə bağlı strategiyası düzgün qurulmur. Bu səbəbdən Azərbaycanda turizmin inkişafı yalnız gəlir əldə etmək üçün formalaşır. Bu gəlirin müqabilində xidmətdən yararlananlara yüksək xidmət göstərilmir. Ölkədə turizm qiymətləri əmək haqqı ilə müqayisədə 6-7 dəfə yüksəkdir. Nəzərə alsaq ki, qarşıdan yeni il gəlir. Bayram günlərini evdən kənarda, müxtəlif məkan və bölgələrdə keçirmək istəyənlərin  sayı da çox olur. Amma təklif edilən qiymətlər bu istəyə adekvat olmur. Turizm məkanları yeni il axşamı, ölkə daxilində iki günlük gecələmək üçün adambaşına nə az, nə çox 2000 manat və daha çox qiymət təklif edir. Bakıdakı hotellərin də qiyməti kifayət qədər yüksəkdir. Lakin ölkə xaricində turizm qiymətləri Azərbaycanla müqayisədə kifayət qədər aşağıdır. Məsələn, yeni il axşamını Azərbaycanda deyil, məhz xarici ölkələrdən birində keçirmək daha maraqlı, əyləncəli və sərfəlidir. Bir dəfə ölkə daxilində istirahət etmək həvəsinə düşənlər növbəti dəfə bu istəkdə olmurlar. Ekspertlərin fikrincə, Azərbaycanda yeni-yeni hotellərin açılması azad rəqabətin formalaşmasına xidmət etməli və bu mənada turizm qiymətlərinə baxılmalıdır.Yəni kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməlidir. 

Turizmdən əldə olunan gəlir...

Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub. Bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur. Xidmət göstərilən turistlərin 19,9 min nəfəri xarici ölkələrinə, 6,3 mini ölkə ərazisinə səyahət edən Azərbaycan vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olub. Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq yollayış almış Azərbaycan ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artmış, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.

Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılib ki, bunların da 1,1 minini Azərbaycanda səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil edib. Azərbaycan vətəndaşları tərəfindən alınmış yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub. 

Əhaliyə satılmış turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub ki, bunun da 14,0 milyon manatını və ya 88,1 faizini xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarına satılmış yollayışların dəyəri təşkil edib. Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq 1059,8 manat, o cümlədən Azərbaycan vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılmış bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182,0 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış bir yollayışın orta dəyəri isə 812,1 manat olub.

Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20,0 min nəfər olub. Onların 47,7 faizi Türkiyəyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 12,4 faizi Rusiya Federasiyasına, 9,1 faizi İrana, 3,0 faizi Almaniyaya, 1,6 faizi Gürcüstana, 1,4 faizi İtaliyaya, 1,3 faizi Çexiyaya, 0,7 faizi Ukraynaya və 10,1 faizi digər ölkələrə səyahət edib. 2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 6,3 min nəfər olub ki, onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələdə, 16,7 faizi Xaçmazda, 12,7 faizi Xəzərdə, 9,7 faizi Qusarda, 5,4 faizi Qubada, 4,5 faizi Qaxda və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət edib.

Daha 50 mehmanxana...

Qeyd edək ki, Azərbaycanda gələn il daha 50 mehmanxana açılması nəzərdə tutulub. Bunu Bakıda keçirilən "Azərbaycan Turizm Forumu"nda "New Baku Hotel"inin rəhbəri Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, xarici turistlərin sayında artım var. Təkcə ötən il Azərbaycana 2 milyon 249 nəfər turist gəlib. "Turist sayının çox olmasına baxmayaraq marja azalıb. Çünki iqtisadi vəziyyəti nəzərə alsaq, görərik ki, xərclər gəlirdən çox olub. Mehmanxana sayında da artım olub. Statistikaya görə, ötən il mehmanxanaların sayı 563 olub, 760 turizm şirkəti açılıb. Gələn il isə əlavə 50 mehmanxana açılacaq. Onu da qeyd edim ki, bu sektor tərəfindən bu il dövlətə ödənilən vergilərin həcmi də artıb". Maraqlıdır, 50 hotelin açılması turizm sektorunda nəyi dəyişəcək? Hotellərin artması qiymətə təsir edəcəkmi? 

Turizm, vergi və azad rəqabət...

Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iqtisadi sahədə inkişafın əldə edilməsi üçün rəqabət formalaşmalıdır:

"Rəqabətin davamlılığı üçün hansısa bir sahə irəli çəkilir. Bazarın tələblərini nəzərə alan, potensial turistləri cəlb etmək üçün alıcılıq qabiliyyətini düzgün formalaşdıran, normal qiymətlər qoyan hotellər gəlir əldə edəcəklər. Kim bunları anlamayıb, yüksək qiymətlər qoysa, bu biznesdən nə ölkəsinə, nə də özünə heç bir şey əldə etməyəcəklər. Hər bir turist firmanın, hotelin fəaliyyətini dəyərləndirən göstərici vergidir. Təhlil etmək lazımdır ki, bu hotellər ildə nə qədər vergi veriblər…Yəni o vergi də rəqabətə davamlılığı əks etdirəcək. 

Onun üçün turizm institutunda, hotel təsərrüfatında çalışan mütəxəssislər belə təhlil aparmayaraq, qiymətləri elə göydəntutma qoyacaqlarsa, bu heç bir nəticə verməyəcək. Hesab edirəm ki, hansı hotellərdə ki, bu şəkildə düşünülmüş qiymət siyasəti aparılacaqsa, orada keyfiyyət və xidmət yüksək səviyyədə  təmin olunacaq. Buna riayət olunsa, özləri də, gəlir əldə edəcək, ölkəyə də xeyir verəcəklər. Həmçinin ölkənin imicinin qaldırılmasına da kömək olacaqlar. Bu sahədə müvafiq işlər aparılmalıdır. Əgər aparılmazsa, gəlir əldə etmək mümkün olmayacaq”.

Ekspertin fikrincə, ilk növbədə turizmin inkişafı üçün bazarın tələbinə uyğun olaraq azad rəqabət formalaşmalıdır:

"Məsələn, 5 ulduzlu 3 otel varsa, hansının qiyməti aşağı, xidməti yüksək olacaqsa, o da rəqabətdə önə çəkiləcək. Hansında isə qiymət dəyişməyəcək, yüksək tutulacaqsa, ora turist gəlməyəcək”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları