Yuxarı

"Ölüyə "Yasin” oxumazlar” fikri qalmaqal yaratdı

İlahiyyatçı Elşad Mirinin fikirləri ətrafında müzakirələr səngimək bilmir.Onun İslam dini və müqəddəs "Qurani Kərim”lə bağlı açıqlaması dindarlar arasında rezonans doğurub.Elşad Miri hesab edir ki, yasda "Quran” oxunması düzgün deyil, "Yasin” surəsinin isə ölüyə heç bir xeyri yoxdur. Onun sözlərinə görə, Azərbaycanda ən çox yayılan adət ölünün arxasında "Yasin” oxunmasıdır: 

"Bu surədə Günəşin hərəkət istiqaməti, 70-ci ayəsindən "Quran”ın diriləri xəbərdar etmək üçün gəldiyindən bəhs edilir.Belə olan halda O necə ölülər üçün oxuna bilər?"Quran”da peyğəmbərimizə belə buyurulub ki, sən bu sözləri ölülərə eşitdirə bilməzsən. Peyğəmbərin eşitdirə bilmədiyini bizim mollalar bir az pul alan kimi yaxşı eşitdirir. Peyğəmbərimizin vəfat etmiş arvadı, uşaqları, yaxınları üçün bütün günü "Quran” xətm etməsi barədə heç bir məlumat yoxdur.Amma bu gün mollalar ölü üçün Quranı 40 gün ərzində xətm edirlər.Xətm zamanı bütün ayələr, həmçinin əvvəldə sadaladıqlarım da oxunur.Təsəvvür edirsiniz, həmin ayələrdə həm də "borc verərkən onu yazın” kimi ifadələr də yer alır”.

Araşdırmaçı Namiq Hacıheydərli "Cümhuriyət” qəzetinə açıqlamasında Elşad Mirinin fikirləri ilə razılaşdığını deyib:

"Mənim Elşad Miri ilə şəxsi tanışlığım yoxdur. Ancaq tez-tez mətbuatda dinlə bağlı açıqlamalarını oxuyuram. Onun dini məsələlərlə bağlı yazılı mövqeyinə və düşüncələrinə əsaslanaraq deyə bilərəm ki, Elşad Miri Azərbaycanda elmdən xəbərdar olan az sayda ilahiyyatçıdan biridir. Onu həmkarlarından fərqləndirən əsas cəhət də budur.Ölkəmizdə fəaliyyət göstərən ilahiyyatçılarımızın böyük qismi din adı altında xurafat yayırlar.Bu da ondan irəli gəlir ki, bu ilahiyyatçıların bir çoxu dindən xəbərdar olsalar da elmdən anlayışları yoxdur.Lakin nədənsə, hər açıqlamasından sonra mollalar Elşad Mirini kəskin tənqid atəşinə tuturlar.Əksinə, onu dəstəkləmələri daha məntiqli görünərdi.Nədən ki, Elşad bəyin dinlə bağlı düşüncələri insanları dindən uzaqlaşdırmır, əksinə, dinə daha da yaxınlaşdırır.İnsanların təsəvvüründəki qorxulu, yandırmaqla hədələyən, bir çox qadağalarla həyatlarını çərçivəyə salan, hər kəlməbaşı "qorxun”- deyən bir dini təsəvvürü silib, əvəzinə xoşgörülü və heç də insanların yaşam istəklərini məhdudlaşdırmayan bir din təqdim edir.Hesab edirəm ki, Elşad bəy bu fikirlərində tam haqlıdır.Qədim insanlar dəfn olunan şəxsin yanına yemək qoyurdular.İnanırdılar ki, bir azdan ölü yerindən qalxacaq və məzarında oturub o yeməyi yeyəcək.El-obalarımızda hələ də ölünün qəbir daşının üzərinə müxtəlif növ yeməklər düzmək adəti var. Bütün bunlar əlbəttə, ibtidai düşüncənin qalıqlarıdır.Ölmüş insana yemək təqdim etmək nə dərəcədə yanlışdırsa, ölmüş insana "Quran” və ya "Yasin” oxumaq da eyni dərəcədə yanlış sayılmalıdır.Bu baxımdan Elşad Mirini bu məsələdə kifayət qədər haqlı hesab edirəm”.

"Ehsan süfrəsində təkcə araq çatışmır”

Yas məclislərində ölü üçün nə oxunması məsələsinə gəlincə, Namiq Hacıheydərli qeyd edib ki, əslində ölkəmizdə bəzi sahələr ayrı-ayrı məmurlar tərəfindən monopoliyaya alındığı kimi, yas məclisləri də mollaların monopoliyasına çevrilib:

"Bu sahə onlara asan yolla, heç bir əziyyət çəkmədən davamlı gəlir gətirdiyi üçün mollalar xurafatı və mövhumatı davam etdirməkdə israrlıdırlar. Harda, hansı kitabda yazılıb ki, yas məclislərini mollalar idarə etməlidir?Axı, ölüm dini anlayış deyil.Ölümü öyrənən xüsusi elm sahəsi var - Tanatalogiya elmi.Tanatalogiya isə dünyəvi elmdir.Deməli, əslində yas məclislərini dünyəvi biliklərə yiyələnmiş insanlar idarə etməlidir.İnsanlar yasa mövhumat və xurafat dinləməyə deyil, maariflənməyə, ayrı-ayrı elm sahələri üzrə müəyyən bilgilər qazanmağa gəlməlidir.Üstəlik, nəzərə almalıyıq ki, İslam dinində molla anlayışı yoxdur.Sadəcə olaraq, bu zümrə özlərini topluma dinin təmsilçisi kimi qəbul etdirib və dindən ticari gəlir sahəsi kimi yararlanırlar. Digər müsəlman ölkələrində də ölüyə "Quran” oxumaq adəti var. Yəni eyni problem bir çox müsəlman ölkələrində də var. Bu da ondan irəli gəlir ki, İslam ölkələri elmi-texniki tərəqqiyə çalışmaq, təhsilin səviyyəsini yüksəltmək, sivil dünya ilə ayaqlaşmaq əvəzinə ibtidai ənənələri yaşatmaqla məşğuldu. Yas adətlərimiz isə bəzi müsəlman ölkələrindən öz ifarata varmağı ilə fərqlənir.Bizim yas yerlərimizdə masaların üzərində təkcə araq çatışmır.Bu baxımdan Türkiyədən örnək götürə bilərik.Onlarda yas məclisləri olduqca sadə təşkil olunur, fərqlənir”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları