Yuxarı

Həyatınız müqabilində 1000 addımlıq girov

Həyatınız müqabilində 1000 addımlıq girov

Hər gün 2 saat ömrünüzü azaldar

İnsan sağlamlığı üçün vaciblərdən biri də təmiz havada gəzintidir. Mütəxəssislər bunu yaş məhuddiyyəti qoymadan hər kəsə tövsiyə edir və açıq havada gəzintinin səhhətimiz üçün faydalarını sadalayırlar. Araşdırmalara görə, belə gəzinti insanın həyat fəaliyyətini uzadır. Orqanların daha yaxşı işləməsini təmin edir və sistemi qoruyur. Mütəxəssis rəyinə görə, açıq havada gəzinti ilin bütün fəsillərində xeyirlidir. Əsas olan həmin havaya uyğun geyinməkdir. Gün ərzində enerjinizi qorumaq üçün gəzinti zamanını doğru seçməlisiniz. Yəni, sutkanın hansı zamanında belə gəzintinin orqanizm üçün daha çox fayda verdiyinə dair tövsiyələr var. Hər kəs fərqli orqanizmə malik olduğuna görə bəziləri üçün bu faydalı zaman səhər, bəziləri üçün isə axşamdır. 

1000 addımı girov qoyun

Yaponlar hesab edir ki, uğur əldə etmək üçün açıq havada maksimum çox olmaq lazımdır. Buna görə də bu ölkədə mütəxəssislər piyada gəzinti zamanı minimum 1000 addım getməyi məsləhət görür. "Bu, sağlamlıq müqabilində qoyduğunuz girovdur”,- deyə yaponlar bildirir. Amerikalı alimlər isə hesab edir ki, addımlar yox, açıq havada keçirilən saat önəmlidir. Bu zaman isə gün ərzində 1 saatdan az olmamalıdır. 2 saat açıq havada gəzinti bu ölkə mütəxəssisləri üçün  ən ideal hesab edilir. Bu zaman 5 min addım getməyə şans yaranır. "Ağıllı biləkliklər”dən istifadə etməklə addımlarınızı ölçə bilərsiniz. Açıq hava xeyrini fiziki hərkətlərlə tamamladıqda daha faydalı olur. Allergiyadan əziyyət çəkənlər gəzinti üçün axşam saatlarını seçsələr, daha yaxşıdır. Çünki allergenlərin təsiri səhər saatlarında daha yüksək olur. Fiziki hərəkətlər orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmçinin ürəyin fəaliyyətini gücləndirir. Elmi araşdırmalar da sübut edib ki, fiziki hərəkətlər onkoloji xəstəliklər riskinin azaldır. Əzələləri möhkəmləndirən fiziki hərəkətlər insanı həm də gümrah saxlayır. 

"Meşələr arasında üzün ki...”

Yaponiyada artıq uzun müddətdən bəridir həm stressdən qorunmaq, həm də orqanzimə daha da faydalı olması üçün bir metoddan istifadə edilir. Bu metod "Shinrin-yoku”, yaxud da "forest bathing” adlanır. Bu isə "meşələr arasında üzmək” anlamına gəlir. Yaponiya Tibb Məktəbi,  dünyada məşhur "Nippon Medical School”un mütəxəssisləri bildirir ki, meşədə ağaclar arasında gəzinti şiş hüceyrələrinə qarşı killer rolunda çıxış edən hüceyrələri aktivləşdirməyə xidmət edir. Buna görə də "meşə vannası” qəbul etmək olduqca effektlidir və şiş xəstliyinin yayıldığı dünyada ona qarşı ən yaxşı profilaktik tədbirlərdən hesab olunur. Metodu hazırlayan mütəxəssislər onun işləmə qaydasını belə təsvir edir: Meşədə gəzin, dərindən nəfəs alın. Bu havada ağacların efir yağını özündə gəzdirən hissəciklər-  fitonsidlər var. Bütün məsələ də məhz həmin fitonsidlərdədir. Onlar xəstəlik törədən bakteriyaların inkişafını əngəlləyir. Stressi götürmək və immuniteti gücləndimək üçün bu vasitələrdən istifadə etməklə yanaşı nəzərdən qaçırmayın ki, meşə gəzintisi həm də arterial təzyiqi aşağı salır. Eyni zamanda beləliklə stress hormonu olan kortizolun istehsalına mane olur. 

Şəhərlilər niyə aqressiv olur?

Xüsusilə, qış və payız aylarında insanların əhval-ruhiyyəsindəki dəyişiklik depressiya həddinə qədər çatır.Bunun qarşısını almaq üçün bu 2 mövsümdə açıq havada çox gəzintini məsləhət görürlər. Stendford Universitetndə aparılan araşdırmalar göstərib ki, meşədə 90 dəqiqəlik gəzinti insan beynində depressiyaya səbəb ola biləcək, mənfi emosiya və ya depressiya yaradacaq hissənin fəallaşmasının qarşısını alır. Mütəxəssislər bildirir ki, şəhərdə yaşayan insanlar kəndə alışanlara nisbətən 20 faiz çox həyəcanlı olurlar.Onların affekt vəziyyəti isə kənd sakinlərinə nisbətən 40 faiz artıq olur.Şəhərdəki qarışıqlıq, tıxac, maşınların səsi, səs-küy, işdəki problemlər, nəqliyyatda keçirilən uzun zaman, növbələr insanın əhval-ruhiyyəsinə mənfi təsir göstərir.Bütün bunların insana verdiyi mənfi təsiri azaltmaq üçün ağac gördüyünüz hər yerdə piyada gəzin.

Təmiz havanın insan orqanizminə daha bir təsiri isə yaddaşı yaxşılaşdırmasıdır.Xüsusilə, tələbələr, şagirdlər, elmi fəaliyyətlə məşğul olanlar üçün bu, olduqca vacibdir.İntahana hazırlaşanlar gün ərzində bir neçə dəfə açıq havaya çıxmaqla, 15-20 dəqiqəlik gəzintilərlə mənimsəmə faizlərini artıra bilərlər.Miçiqan Universitetində aparılan araşdırma göstərir ki, hətta qış aylarında meşədə gəzinti yaddaş və diqqəti 20 faiz artırmağa qadirdir."American Journal of Public Health”də dərc olunan məqaləyə görə, diqqət azlığı problemindən əziyyət çəkən uşaqlar, eləcə də hiperaktivlər açıq havada daha çox zaman keçirməlidirlər.

Daha yaxşı yatmaq üçün

Açıq havada gəzintinin bir xeyri də yuxunun keyfiyyətinin yaxşılaşmasıdır.Yaxşı yuxu gəzintidən və günəşlə "görüşdən” yaranr. "The Journal of Clinical Sleep Medicine”də  bununla bağlı dərc olunan məqalədə bildirilir ki, küçədə daha çox zaman keçirən adamlar digərlərinə nisbətən daha 46 dəqiqə çox yatırlar. Həmçinin onların əhval-ruhiyyəsi yaxşılaşır, fiziki aktiv olurlar.Maraqlı bir məqam isə ailə bağlarının möhkəmlənməsində təbiət faktorudur.Bir çoxları bunun ailə həyatı ilə birbaşa əlaqəsinin olmadığını düşünə bilərlər.Elmi araşdırmalar isə bunun tam əksini göstərir.İllions Universitetinin mütəxəssislərinin nəticəsinə görə, əgər ailə mütəmadi olaraq bir yerdə təbiət qoynunda zaman keçirirsə, bu onların bir-birinə olan münasibətinə də müsbət təsir göstərir.Cütlük problemləri daha anlayışla qarşılayaraq müzakirə ilə həllinə tərəfdar olur. Meşə zolağında, yaxud yaşıllıqlar arasında səhər qaçışı isə gün ərzində yorğunluq hissinin yaranmamasına səbəb olur. Həmçinin yaxın insanlara qarşı diqqətin artması ilə nəticələnir. Bu isə ailə bağlarının daha da möhkəmlənməsi üçün vacibdir. Deməli, "meşə üzməsi” təkcə insanları yox, həm də ailələri qoruyur.  

Bu xəstəlikləriniz varsa, küçəyə çıxmayın

Ancaq mütəxəssislər həm də xəbərdarlıq edir. Çirkli havada gəzinti nəinki müsbət təsir edəcək, əksinə, bir sıra problemlər yaradacaq. Buna görə də açıq hava deyərkən həm də onun təmiz olmasına diqqət yetirmək lazımdır. London Kollecinin mütəxəssislərinin gəldiyi ortaq qənaətə görə, təmiz və bol oksigenli havada zaman keçirən xəstə insanlarda problemlər tədricən azalmağa başlayır. Çirkli havada gəzintiyə çıxıb idman edənlərdə isə bunun əksi olan proseslər başlayır. Yəni, orqanizmdə müxtəlif xəstəlik əlamətləri özünü göstərir. Xüsusilə, ürək-damar xəstəlikləri və ağciyər xəstəliklərindən əziyyət çəkənlər üçün oksigenlə bol açıq hava yüngülləşmə vəd edir. Çirkli hava isə ürək-damar xəstəlikləri olan insanlarda ağırlaşmalara səbəb ola bilər. "Lancet” jurnalında dərc olunan araşdırma nəticəsinə görə, xəstə insanlar üçün çirkli hava həm də tətikləyici effekt verir. Buna görə də gəzinti üçün seçdiyiniz məkana diqqət yetirin.

Ev işləri ölümdən qoruyur

Başqa bir maraqlı araşdırma isə ev işlərinin insan sağlamlığına təsirini öyrənmək məqsədilə aparılıb. Məlum olub ki, ev işlərini görməyin xeyri velosiped idmanı ilə məşğul olmaqdan az deyil. Başqa sözlə desək, qadınların ev işləri problemi həm də onlara sağlamlıq, daha aktiv həyat vəd edirmiş. Ev işləri insanın ömrünü uzadır və ürək tutmasından ölüm riskini azaldır. Ev işləri ilə mütəmadi məşğul olan qadınların beyni ev işləri görməyən həmyaşıdlarına nisbətən daha 10 il gənc görünür. 

Sevil Ağazadə






Həftənin ən çox oxunanları