Yuxarı

Körpəsini satışa çıxaran atanı hansı cəza gözləyir?

Körpəsini satışa çıxaran atanı hansı cəza gözləyir?

Əsabəli Mustafayev: "Ona 8 ildən 12 ilə qədər cəza tətbiq oluna bilər”

Nabil Seyidov: "Hüquq-mühafizə orqanları həmin atanı cinayət məsuliyyətinə cəlb etməlidir”

Bu günlərdə Azərbaycanda baş vermiş tükürpədici olay ictimaiyyətdə ciddi etiraz yaradıb. 

Elan saytlarının birində imkansızlıq səbəbindən bir aylıq uşaq atası tərəfindən satışa çıxarılıb. Elanı Orxan adlı şəxs verib və telefon nömrələrini qeyd edib. Uşağı satışa çıxardığını deyən şəxs ona baxa bilmədiyini və razılaşma əsasında onu uşaqsız ailələrə vermək istədiyini deyib.  Uşaq üçün ilkin qiymət olaraq 10 min manat müəyyən edilib.

Xəbər sosial şəbəkələrdə və mediada səs-küy yaradıb. Uşağını satışa çıxaran ata qınanılıb. 

Maraqlıdır,  sözügedən məsələdə ata barəsində hansı cinayət məsuliyyəti nəzərdə tutulur?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, bu, birbaşa insan alveridir: "Şəxsin köməksizliyindən istifadə etməklə istismara vermək, xüsusilə də azyaşlıdırsa, bu, Cinayət Məcəlləsində nəzərdə tutulub. Azyaşlının insan alverinə cəlb olunmasında ata təkdirsə, ağırlaşdırıcı maddə ilə məsuliyyətə cəlb oluna bilər. Ana da razıdırsa, yaxud qrup şəklində baş veribsə, müvafiq maddə ilə cinayət məsuliyyəti nəzərdə tutulur. Bu da ağır cinayət hesab olunur, şəxsə 8 ildən 12 ilə qədər cəza tətbiq oluna bilər. Hesab edirəm ki, buna hüquq-mühafizə orqanları münasibət bildirməlidirlər”.

Hüquqşünas onu da əlavə edib ki, ola bilsin ki, atanın uşağını satmaq qəsdi yoxdur: "Sadəcə olaraq bu, öz vəziyyətinə, işsizliyinə, maddi durumunun pis olmasına  etiraz formasıdır. Bunu bir qışqırıq, haray kimi də qəbul etmək olar. Yəni baxmaq lazımdır ki, həqiqətən o, bunu etmək istəyir, ya yox... Bunu araşdırmaq lazımdır. Hüquqda əsas məqsəd, motiv rol oynayır. Bunu bilmək lazımdır.  Doğrudan da satmaq motivi ilə edirsə, bu cinayətdir. Yox, əgər bunu qışqırıq, etiraz, haray məqsədilə edirsə və bunun əsasında elandan sonra kimlərsə kömək edə bilərsə, bu, ayrı motivdir. Yəni, bu halda cinayət tərkibi yoxdur”.

Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidovun sözlərinə görə, satış varsa, bu, konkret olaraq cinayətdir: "Hüquq-mühafizə orqanları həmin atanı cinayət məsuliyyətinə cəlb etməlidir. Uşaq alveri insan alveridir. Uşağa baxa bilmirsə, aidiyyatı icra hakimiyyətində  Azyaşlılar Komissiyası var, ora müraciət etsin. Bu halda onu ya müvəqqəti atalıq hüququndan məhrum edə, ya da uşağı qəyyumluğa verə bilərlər. Mümkün olmadıqda əlbəttə ki, onu internat müəssisəsinə də yerləşdirmək olar. Bütün hallarda ilk növbədə ona kömək etmək lazımdır. Əgər imkanı yoxdursa, icra hakimiyyəti çalışmalıdır ki, atanı işlə təmin etsin, başqa əmək bacarığı əldə etmək üçün məşğuliyyət idarəsinə kurs keçməyə  göndərsin. Yaxud müvəqqəti olaraq ona işsizliklə bağlı müavinət verilməlidir. Əgər bütün bu tədbirlər kömək etmədikdə, uşağa baxa bilmədikdə və ya baxmaqdan imtina etdikdə, onda şəxsə inzibati xəta tətbiq olunur. Uşaq həmin valideyndən alınır və valideyn hüququndan müvəqqəti olaraq məhrum edilir. Amma satışa çıxarmaq konkret cinayətdir”.

QHT rəhbəri bu elanı yerləşdirən saytları da qınağa çəkib. Deyib ki, belə elan yerləşdirən saytlar da məsuliyyət daşıyır: "Saytlar istənilən elanı yerləşdirməzdən əvvəl süzgəcdən keçirməli, məsuliyyətsizlik etməməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları