Yuxarı

Məktəb rəhbərlərinə gürcü dili baryeri

Məktəb rəhbərlərinə gürcü dili baryeri

Zəlimxan Məmmədli: "İnsanlarımız gürcü dilini də, ingilis dilini də, rus dilini də, təbii ki, öz dilimizi də bilməlidir”

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində 9 məktəb direktorsuz qalıb. Ölkədə gürcü dilini bilmək hər direktorluğa namizəd üçün vacib şərt kimi irəli sürülüb. 2018-ci ildə Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcək. Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri yerli təhsil portalına deyib ki, direktor vəzifəsinə namizədlər üçün gürcü dilini bilmək məcburi olacaq. O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən orta məktəblərin yeni direktorlarına da dövlət dili ilə bağlı tələb qoyulacaq: "Kvemo Kartli bölgəsində 9 məktəbin direktoru yoxdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunacaq. Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir”.

Etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları üçün gürcü dili şərti təzyiq sayıla bilərmi? 

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dövlət dilini bilmək vacibdir:

"Dili bilməsən, nə ictimai- siyasi həyata, nə də hüquqi sistemə girə bilmirsən. Bu baxımdan insanlarımız Gürcüstanın qayda-qanunlarına alışmalıdır. İnsanlarımız Gürcüstan dövlətinə, onun bayrağına, dilinə, həm də mədəniyyətinə sidq ürəkdən bağlanmalıdırlar. Hüquq sistemində buraxılmış xətalar, soydaşlarımıza qarşı diskriminasiya elementləri olub, toponimlər dəyişdirilib, torpaq islahatları ədalətli aparılmayıb. Soydaşlarımız hüquq müstəvisində mübarizə aparmaq istəyiblər, ancaq əngəlləniblər. Bu inciklikləri aradan qaldırmaq lazımdır. Azərbaycanın siyasi sistemində təqdir etmək, alqışlamaq, tərif etmək, yaltaqlıq kimi məsələlər ordan çıxmalıdır. Gürcüstan tam demokratik sistemə  inteqrasiya etmək istəyir. Soydaşlarımızı da o qatara mindirmək, gedən yola çıxarmaq lazımdır. Əksinə, onu geri çəkmək lazım deyil. Təbii ki, Borçalıda yaşayanlar Azərbaycan türkləridirlər və onların milli kimliyini kimsə əlindən ala bilməz. Bu baxımdan məktəb direktorluğuna, parlamentə, bələdiyyələrə, yerli icra hakimiyyəti orqanlarına seçilmək istəyən insanlarımız, aktiv siyasi həyata müdaxilə etmək imkanını istəyən soydaşlarımız, ticarət, biznes qurmaq istəyən insanlarımız mütləq anlamda gürcü dilini də, ingilis dilini də, rus dilini də, təbii ki, öz dilini də bilməlidir. Belə olan təqdirdə onlar üçün baryerlər aradan qalxacaq.  9 məktəbə direktor seçilmək istəyənlər bu imtahana hazır olmalıdırlar”. 

Bununla belə Z.Məmmədli etnik ayrı-seçkiliyin əleyhinə olduğunu deyib:

"Orda olan mədəniyyət mərkəzləri, iriçinli məmurlar, eləcə də səfirlik bu məsələyə biganə qalmamalıdır. Ola bilər ki, gürcülərin içərisində də  o məsələdən  müxtəlif cür istifadə etmək istəyənlər olar. Biz etnik ayrı-seçkiliyin əleyhinəyik. Orda yaşayan azərbaycanlının da bir vətəndaş hüququ var. Amma milli məktəblərə Azərbaycanın genetikasını, fəlsəfəsini, tarixi yaddaşını əks etdirən zəngin, intellektual insanlar rəhbərlik etməlidir ki, Gürcüstanda layiqli vətəndaşlar yetişdirmək mümkün olsun. Bu məsələdə konkret diskriminasiyanın olduğunu hesab etmirəm. Sadəcə, Avropa dəyərlərinə uyğun olan Gürcüstan qanunlarına soydaşlarımız sayğılı yanaşmalı, öz üzərlərində işləməli, bilik öyrənməklə özlərinə problem yaratmamalıdırlar”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları