Yuxarı

Cəmiyyətin sivil müxalifət tələbi: Siyasətə söyüş gətirməyin

Cəmiyyətin sivil müxalifət tələbi: Siyasətə söyüş gətirməyin

Müstəqil Azərbaycanın öz inkişaf yolu var. Cəmiyyətə kənardan nəyisə ixrac etmək hər zaman uğurlu alınmır. Bəzi Qərb dairələrinin son 20 ildə Şərqin müsəlman ölkələrində apardıqları "demokratiya eksperimentləri”nin hansı nəticələr doğurduğu hər kəsə aydındır.

Əfqanıstan, İraq, Suriya, Liviya və  Yəmən xalqları "Süngünün ucunda Qərbdən gətirilmiş demokratiya”nın "bəhrə”sini dərməkdədirlər.

Azərbaycanda da xarici qüvvələrin dəstəyi ilə fəaliyyət göstərən  müxtəlif  ictimai-siyasi qurum və təşkilatlar düşünməlidir ki, xarici qüvvələrin gətirmək istədikləri  "demokratiya modeli” bizim xalqa sevgi və rəğbətdən irəli gəlmir. Əgər belə olsaydı, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı öz adı ilə çağırar, işğalçı dövlət kimi   tanıyardılar.  Ermənistana qarşı həm iqtisadi, həm hərbi, həm də diplomatik sanksiyalar tətbiq edilərdi.  İnsan Haqları üzrə Avropa Məhkəməsinin Ermənistan dövlətinə qarşı məlum qətnamələri icra edilərdi. Göründüyü kimi, Avropanın və ümumilikdə Qərb və bəzi yaxın qonşu ölkələrin bizə heç bir isti və ya qonşuluq münasibəti yoxdur. 

Xarici maraqlara xidmət edən müxalifət siyasi böhrana, sosial çaxnaşmaya xidmət edir,  dövlətçilik prinsiplərinə  ümumilikdə, milli  suverenliyimizə təhlükə mənbəyidir.  

Normal və sivil cəmiyyətlərdə ölkə və xalq maraqlarına xidmət edən müxalifət, əslində  dövlətin və cəmiyyətin inkişafında  katalizator rolunu oynayır, çoxluğun qəbul edə biləcəyi hüquq normalarına əsaslanan cəmiyyətin formalaşmasına, iqtisadiyyatın inkişafına nail olur.  

Ölkəmizdə xarici dövlətlərin maraqlarına xidmət edən, özlərini müxalifət adlandıran bəzi ictimai və siyasi qüvvələrin əsl məqsədi Azərbaycan xalqına məlumdur. Ənənəvi müxalifət tərəfdarlarını itirsə də,  cəmiyyətimizin müxalif mövqeyinə çox böyük ehtiyacı var. 

AXCP sədri Razi Nurullayev bu ehtiyacı tam ödəmək istəyi ilə müxalif meylli qüvvələrin fəaliyyətinə novatorluq gətirib. Razi bəyin ideyaları, mübarizə metodları bu günə kimi gördüyümüz müxalifətçilik prinsiplərinə canlanma gətirməklə cəmiyyətin müxalif qüvvələrə  itirdiyi inamını bərpa etməkdədir.  Sivil mübarizə üsulu cəmiyyət, xalq tərəfindən müsbət qarşılandığına və dəstəkləndiyinə görə AXCP sədri Razi Nurullayev prezidentliyə namizəd oldu. Onun prezidentliyə namizədliyinin irəli sürülməsi  və  rəsmən qeydiyyata alınması faktının özü  cəmiyyətin yeni müxalif qüvvəyə ehtiyac hiss etməsinin sübutudur. Bu hal həm müxalif  meylli qüvvələrin tərəqqisinə, həm də cəmiyyətimizin inkişafına,  iqtidar  mövqeyinin təklif, danışıqlar  və sivil tələblər əsasında milli maraqlara uyğunlaşmasına səbəb olacaq. Sivil müxalifətin həm cəmiyyətimiz, həm də dövlətçiliyimiz üçün nə qədər vacib amil olduğunu  sübut edəcək.    

Vüqar Dadaşov  
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas





Həftənin ən çox oxunanları