Yuxarı

"Sosial yardım” sabiq naziri həbsə aparır

Xəbər veridiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyi qurumun bir sıra bölmələrində ciddi qanun pozuntularına yol veriblər.

Hesablama Palatasının 2017-ci il üzrə açıqladığı hesabatda da əsas diqqət məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlmişdi. Külli miqdarda yeyinti faktları, qanunsuz fəaliyyət və büdcə vəsaitlərinin aidiyyatı üzrə xərclənməməsi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu gündəmə gətirdi. İddia olunur ki, Səlim Müslümov fəaliyyəti müddətində ciddi pozuntulara yol verib. Saxta sənədlərlə təqaüdlərin düzəldilməsi, saxta əlillik dərəcəsinin verilməsi, dünyasını dəyişmiş insanlara pensiya verilməsi və sair qanunsuz hallar aşkarlandı.

Məlumata görə hazırda nazirliyin tərkibində fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyasında (TSEK) ciddi yoxlamalar aparılır. Son məlumatlara əsasən artıq bu qurum haqqında cinayət işi də açılıb. İşdən kənarlaşdırılanlar da var. 

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işdən çıxarılmasından sonra qurumda olan nöqsanlar bir-bir üzə çıxmağa başlayıb. Səlim Müslümovun yeni hökumətdə yer almaması da məhz bu cür amillərlə əlaqələndirilir. Hətta iddia olunur ki, Səlim Müslümova işində səliqə-sahman yaratması üçün zamanında dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıqlar olunub

 Ancaq görünən odur ki, sabiq nazir xəbərdarlıqları qulaqardına vurub və bu da yekun nəticədə onun postunu istirməsilə nəticələndi.

Hətta sabiq naziri həbs təhlükəsinin gözlədiyi ilə bağlı da iddialar var. Ümumiyyətlə, Səlim Müslümov haqqında xeyli sayda ciddi ittihamlar səslənir. Bir müddət öncə Səlim Müslümovun 2 milyard manat dövlət vəsaitini mənimsədiyi haqqında iddialar da sıradan xəbərlər deyil. İddialara görə, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxan məbləğ 2-2,5 milyard manata yaxındır.

Məlumatlara görə bu faktlar bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamaların aparıldığı haqqında da informasiyalar var. Ancaq hələlik Səlim Müslümovun səslənən iddialarla bir əlaqəsinin olub-olmaması haqqında konkret faktlar yoxdur.
Sabiq nazir bu günlərdə yenidən gündəmə gəlib. Məlumata görə bu dəfə də ünvanlı sosial yardımla bağlı araşdırmalar başlayır. Bütün regionlar üzrə yoxlamalar haqqında ən yüksək səviyyədə göstəriş verilib. Bəzi məlumatlara görə yoxlamalar zamanı yardım alanlar da dindirilir və onların hansı faizlə yardım aldıqları öyrənilir. Ünvanlı sosial yardımla bağlı kifayət qədər ciddi iddialar var. 

Qeyd edək ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulur. Ancaq dəfələrlə ünvanlı sosial yardıma ehtiyacı olanların dövlətin bu yardımdan məhrum olduğu haqqında iddialar səslənib. Məlumdur ki, ünvanlı sosial yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır. Hətta bir müddət öncə, daha dəqiq desək 2017-ci ilin noyabrında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirə zamanı keçmiş nazir Səlim Müslümov ünvanlı sosial yardımla bağlı diqqət çəkən açıqlama vermişdi. 

Keçmiş nazir bildirib ki, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq. Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək”.
Görünən odur ki, sözügedən açıqlama nəyinsə xatirinə deyilən sözlərdən başqa bir şey olmayıb. Çünki Səlim Müslümovun dövrünə aid aşkarlanan nöqsanlar, sabiq nazirin əslində əhaliyə yox, öz marağına işlədiyinin göstəricisidir. 

Ehtimal olunur ki, bütün regionlar üzrə başladılan yoxlamaların nəticəsi bəlli olduqdan sonra bu yöndə konkret addımlar atılacaq. Bütün hallarda veriləcək qərar heç də sabiq nazirin üzünü güldürməyəcək. Ən azından proseslərin gedişatı bunu deməyə əsas verir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları