Yuxarı

Peşəkar orduya keçilməsi zərurəti yaranır?

Peşəkar orduya keçilməsi zərurəti yaranır?

Ermənistanın Azərbaycana təcavüzü ilə  başlanmış Dağlıq Qarabağ münaqişəsi 30 ildir davam edir.

1994-cü ilin mayın 12-dən tərəflər arasında atəşkəs sazişi imzalansa da vaxt aşırı cəbhədən şəhid xəbərləri gəlir. Mayın 20-də cəbhədən daha bir şəhid xəbəri aldıq. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. A.Tatarov ailənin tək oğul övladı, 4 bacının qardaşı olub. 

Evin tək oğul övladının hərbi xidmətə çağrırılmaması, ən azı arxa cəbhədə xidmət etməsi ilə bağlı təkliflər yeni deyil. Son şəhid xəbərindən sonra bu məsələ yenidən gündəmə çıxdı. Xatırladaq ki, belə bir məsələ parlamentdə də müzakirə olunub. Ancaq bununla bağlı hər hansı bir konkret qərar qəbul olunmayıb. Beynəlxalq təcrübədə isə alternativ hərbi xidmət anlayışı var. Məsələn, qonşu Türkiyədə qəbul edilən ən son qanuna görə, hərbi xidmət çəkmək istməyən şəxs dövlətə külli miqdarda pul ödəməlidir. Bu məbləğ də, nə az, nə çox 10 min avro təşkil edir. "Bədəlli əsgərlik” adlanan bu qayda artıq bir neçə ildir ki, qüvvədədir.

Rusiyada da əsgərliyə getməmək üçün müəyyən şərtlər var. Belə ki, əgər şəxsin valideynləri və ailə üzvləri (bacısı, qardaşı, nənəsi, babası) sağlamlıq durumuna görə başqası tərəfindən daimi qayğıya möhtacdırsa, yaxın qohumları birinci və yaxud ikinci qrup əlildirsə, 55 yaşdan yuxarı yaşdadır və pensiya yaşına çatmayıbsa, yoldaşı 26 həftəlik hamilədirsə, 3 yaşadək əlil övladı varsa,  2 və daha çox övladı varsa və elmi dərəcəsi varsa hərbi xidmətə getməyə bilər.

Eyni zamanda Rusiyada,  ölkədən kənarda yaşayanlar hərbi qeydiyyata götürülmür. Qeyd edək ki, 27 yaşadək bu hallar artıq aradan qalxsa, həmin şəxs yenidən hərbi xidmətə çağırılır.

Azərbaycan qanunvericiliyində də hərbi-xidmətdən möhlət hüququ almaq şərtləri açıq şəkildə göstərilib. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. Bunun üçün isə konkret əsaslar müəyyən edilib. Belə ki, bu əsaslar ailə vəziyyətinə görə, sağlamlıq vəziyyətinə görə və təhsili davam etdirməkdən ibarətdir. Digər heç bir halda hərbi xidmətdən möhlət hüququ verilmir.

Bundan başqa peşəkar orudunun yaradılması məsələsi də aktuallaşıb. Hesab edilir ki, Silahlı Qüvvələrdə müəyyən müddətə müqavilə ilə dövlətdən əmək haqqı alan hərbçilər xidmət etməlidir. Azərbaycanda belə bir mexanizmin yaradılması mümkündürmü?

Hərbi-siyasi icmalçı Ramil Məmmədli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, burada əsas diqqət yetiriləsi məqam ailə institunun, genefondun qorunmasıdır: "Bu məsələ həm parlamentdə, həm də mətbuatda müzakirə olunub. Burada əslində iki yanaşma var. Birincisi, heç kimin övladı digərindən artıq deyil. Yəni, bir ailədə 4-5 oğlan da olsa, hər biri valideyn üçün əzizdir. Digər tərəfdən məsələyə yanaşanda isə burada söhbət genefonddan gedir. İstənilən dövlət, ölkə ailə institutu üzərində qurulub. Xüsusilə də Şərq ölkələrində bu məsələ daha aktualdır. Hesab edirəm ki, Azərbaycan hökuməti ailə institutunun qorunub saxlanılması, möhkəmlənməsi üçün bir sıra tədbirlər həyata keçirməlidir. Əslində müəyyən qədər bu işlər görülür. Bunlardan biri də evin tək oğlunun, soyad, genefond daşıyıcının hərbi xidmətdə qoşunların təmas xəttinə göndərilməsinə məhdudiyyətin qoyulmasıdır. Hesab edirəm ki, bu cür şəxslərin cəbhənin ön xəttində xidmət aparması o, qədər də doğru deyil”. 

Ramil Məmmədli qeyd edib ki, Azərbaycan Ordusu artıq neçə illərdir peşəkar orduya keçid mərhələsinə başlayıb: "Bu gün Silahlı Qüvvələrin bir çox qoşun növlərində, bölmələrində, birləşmələrində artıq manqa komandirləri müddətdən artıq xidmət aparanlardır (MAXE). Bunlar isə kifayət qədər yüksək əmək haqqı alır və peşəkar hərbçi kimi xidmət edirlər. Bu proses hər il genişləndirilir, davam etdirilir. Hesab edirəm ki, bir müddətdən sonra ordunun faiz tərkibi ilə böyük bir hissəsi MAXE-lərdən ibarət olacaq. Amma Aəzrbaycan müharibə şəraitində olan ölkədir.

Belə bir vəziyyətdə Azərbaycan gənclərinin hərbi xidmətə çağrılmaması da çox yanlış olardı. Çünki peşəkar hərbçinin formalaşması üçün onun məcburi həqiqi-hərbi xidmətə çağrılması vacibdir. Hər bir oğlan ən az  1-1.6 il hərbi xidmət keçməlidir. Bu müddət bitdikdən sonra onun peşəkar hərbçi kimi xidmət edib-etməməsinə artıq özü qərar verməlidir. Yəni, Silahlı Qüvvələrin birbaşa peşəkar hərbi sisteminə keçid etməsi doğru deyil. Gürcüstan Silahlı Qüvvələri artıq bu sistemə keçib və orada məcburi həqiqi-hərbi xidmətə çağırış yoxdur. Amma düşünürəm ki, cəmiyyətin ayaqda durması, möhkəm olması, gənclərdə hərbi vətənpərvərlik hisslərinin  yüksək olması üçün məcburi həqiqi-xidmətə çağırış çox vacibdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları