Yuxarı

Namaz və qiraət: Hansı qurumlarda ayrıca otaqlar var?

Namaz və qiraət: Hansı qurumlarda ayrıca otaqlar var?


Azərbaycan islam ölkəsidir. Dinin vacib əməllərini gündəlik həyatında icra edənlərin də sayı az deyil.  Demək olar ki, hər müəssisənin, təşkilatın işçi heyətinin tərkibində namaz qılan insan tapılar. Bu isə namaz otaqlarının  yaradılmasını gündəmə gətirir. Bir neçə il əvvəl Milli Məclisdə namaz otağının olmaması böyük sensasiyaya səbəb olmuşdu. Namaz otaqları ilə yanaşı, maraq doğuran digər məsələ qiraət otaqlarının olub-olmamasıdır.

Cebhe.info namaz və qiraət otaqlarının olub-olmamasını öyrənmək üçün bir sıra qurumlar arasında sorğu keçirib. Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli bildirib ki , Kamal Abdulla ADU-nun rektoru olduqdan sonra qiraət otağına xüsusi diqqət ayrılıb, lakin namaz qılmaq üçün ayrıca otaq mövcud deyil: "Bəli, ADU-nun yataqxanasında qiraət otağı var, Kamal müəllim gələndən sonra ora təmir də olunub. Tələblər də çox səmərəli formada qiraət otağından yararlanırlar. ADU-nun ikinci korpusunda da, kitabxananın tərkibində ayrıca qiraətxana var və tələbələr üçün bütün imkanlar yaradılıb. Namaz otaqları isə yoxdur, amma ehtiyac, təklif olarsa, bu barədə düşünmək olar”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva  universitetlərində namaz otaqlarının yaradıldığını deyib: "Bəli, bizim universitetdə namaz qılan tələbələr üçün belə otaqlar var. Həm qızlar, həm də oğlanlar üçün namaz otaqları yaradılıb. Ayrı-ayrı otaqlarda tələbələrimiz rahat şəkildə namaz qılırlar. Qiraətxana dedikdə, oxu zallarını nəzərdə tutursuzsa, var. Bütün korpuslarımızda belə zallarımız var. Həmin zallarda kompüterlər də var, tələbələr lazım olan ədəbiyyatı elektron şəkildə də əldə edə bilirlər”.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı isə hazırda qurumlarının tərkibində namaz və qiraət otaqlarının olmadığını diqqətə çatdırıb: "Hazırda belə otaqlar yoxdur. Bu otaqların nə vaxt yaradılacağını isə dəqiq deyə bilmərəm”.

"Araz” Marketlər Şəbəkəsinin fililalı olan, Babək prospektində yerləşən supermarketdən də məsələyə belə münasibət bildirilib:  "Bildiyim qədərilə, böyük supermarketlərdə namaz və qiraət otaqları mövcuddur. Amma tam dəqiq deyə bilmərəm. Çünki  bizdə böyük deyil, balaca marketdir. Düzdür, bu otaqların olması üçün şərait var. Hazırda isə işçilər namazlarını geyim otaqlarında qılırlar. Amma ayrıca namaz qılmaq üçün otaq yoxdur. Amma böyük marketlərin şəraiti daha yaxşıdır”.

Səyad Həsənli





Həftənin ən çox oxunanları