Yuxarı

Ət bazarında bahalıq: Bu gedişlə vegeterian olacağıq

Ət bazarında bahalıq: Bu gedişlə vegeterian olacağıq

Ət bazarında bahalıq: Bu gedişlə vegeterian olacağıq

2019-cu ilin 11 ayı ərzində Azərbaycana 71 milyon 662 min dollar dəyərində 46 298 ton ət idxal edilib. 

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin 11 ayı ərzində ölkəmizə 63 milyon 651 min dollar dəyərində 43 261 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 8 milyon 11 min dollar və ya 12,6%, miqdar ifadəsində isə 3037 ton və ya 7% artıb. Dəyər ifadəsinin miqdar ifadəsindən daha çox artması idxal ətin bahalaşdığına işarədir. 1 ton ətin orta idxal qiyməti 1471 dollardan 1548 dollara qalxıb. 

Məlumdur ki, bir sıra sahələrdə olduğu kimi, ölkəmizdə ət tələbatının önəmli hissəsi idxal sayəsində ödənilir. Azərbaycanda ət istehsalı aşağı səviyyədə olduğundan idxaldan asılılıq ilbə-il artır. Ona görə də bazarda bu məhsulun qiyməti birbaşa idxalçı ölkələrdəki qiymətlərdən asılı olur.  Xatırladaq ki, hazırda ölkəmizdə dana ətinin orta qiyməti 11-12 manat, qoyun əti 12-13 manat arasında dəyişir. Ətin qiymətinin bahalaşması, onu orta və aztəminatlı ailələr üçün əlçatmaz edir. 4-5 nəfərlik orta təminatlı ailə ay ərzində yalnız 4-5 kq ət alırsa, bunun üçün təqribən 50 manat ödəməli olur. Aztəminatlı ailələr üçün isə bu məbləği də ödəmək problemə çevirilir. Xatırladaq ki, ölkədə minimum əmək haqqı 250 manat, minimum təqaüd 200 manatdır. Bu baxımdan da rəsmi statistik məlumatlara görə, ət idxalı artsa da, demək olar ki, istehlakçıların arasında aztəminatlı ailələrin sayı azalmaqda davam edir.

"Cümhuriyət” qəzetinin araşdırmasına görə, dünyada adambaşına düşən orta ət istehlakı 31 kiloqramdır. Beynəlxalq təşkilatların araşdırmasına görə, istehlak edilən ətin 36 faizini quş, 36 faizini donuz, 28 faizini isə iri və xırdabuynuzlu heyvan ətləri və ciyər əti təşkil edir. 

Azərbaycanda adambaşına illik orta ət istehlakı 36 kiloqramdır. Bu isə heç də Azərbaycanda çox ət yeyildiyinə dəlalət etmir. Çünki dünyada adambaşına ət istehlakının ölkəmizdən daha aşağı səviyyədə, yəni 31 kq olması az ət yeyən ölkələrin hesabınadır. Məsələn, məlumdur ki, buddizmin hökm sürdüyü bir sıra ölkələrdə ət haram hesab edilir. Hindistan kimi əhali sayı yüksək olan ölkədə istehlakın aşağı səviyyədə olması ümumilikdə dünyanın göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Buna görə də ət istehlakının səviyyəsində Azərbaycan təxminən 100-cü yeri tutur. İnkişaf etmiş ölkələrdə adambaşına düşən illik ət istehlakı 75 kiloqram, o cümlədən ABŞ-da120 kiloqrama çatır, Avropa ölkələrində bu rəqəm 75-90 kq aralığındadır. BMT-nin Ərzaq və Təsərrüfat Təşkilatının təqdim etdiyi il ərzində adambaşına ən çox ət yeyilən ölkələrin siyahısı isə belədir.

1. ABŞ- 120 kiloqram
2. Küveyt - 119,2 kiloqram
3. Avstraliya - 111,5 kiloqram
4. Baham Adaları - 109,5 kiloqram
5. Lüksemburq - 107,9 kiloqram
6. Yeni Zellandiya  - 106,4 kiloqram
7. Avstriya - 102 kiloqram
8. Polineziya - 101,9 kiloqram
9. Bermud Adaları - 101,7 kiloqram
10. Argentina - 98,3 kiloqram

Bir nəfərin illik istehlak etdiyi ətin həcminə görə, ən az ət yeyən ölkələr isə bunlardır:

1. Banqladeş - 4 kiloqram
2. Hindistan - 4,4 kiloqram
3. Burundi - 5,2 kiloqram
4. Şri-Lanka - 6,3 kiloqram
5. Ruanda - 6,5 kiloqram
6. Syerra-Leone - 7,3 kiloqram
7. Eritreya - 7,7 kiloqram
8. Mozambik - 7,8 kiloqram
9. Qambiya -8,1 kiloqram
10. Malavi - 8,3

Onu da əlavə edək ki, bu il Azərbaycanda ümummilikdə 336 min ton ət istehsal olunacağı ilə bağlı proqnozlar mövcuddur. 2018-ci ildə bu göstərici 326 min ton təşkil edib. Gələn il isə Azərbaycanda ət istehsalının bu illə müqayisədə 3% artacağı proqnozlaşdırılır. Bu da ümumilikdə 346 min ton ət deməkdir. Rəsmi açıqlamalara görə, 146,7 min tonu mal ətinin (2019-cu illə müqayisədə artım 4%), 84 min tonu qoyun ətinin (artım 2%), 114,7 min tonu isə quş ətinin (artım 2,3%) payına düşəcək. Respublikada ət istehsalının artım tendensiyasının 2024-cü ilədək davam edəcəyi gözlənilir. 2021-ci ildə 356 min ton, 2022-ci ildə 367 min ton, 2023-cü ildə 378 min ton ət istehsal olunacağı proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 12,5% artım deməkdir. Rəsmi rəqəmlərdə göstəricilər müsbət tendensiyalı olsa da, ət istehsalının artması üçün bir sıra vacib şərtlərin həyata keçirilməsi zəruridir. Mütəxəssislər hesab edir ki, bunun üçün ilkin növbədə otlaq sahələrinin artırılmasına ehtiyac var.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları