Yuxarı

ƏSRİN BƏLASI: Ən təhlükəli xərçəng növü - Azərbaycanda hansı daha çox yayılıb?

ƏSRİN BƏLASI: Ən təhlükəli xərçəng növü - Azərbaycanda hansı daha çox yayılıb?

ƏSRİN BƏLASI: Ən təhlükəli xərçəng növü - Azərbaycanda hansı daha çox yayılıb?


Son vaxtlar xərçəng xəstələrinin sayı artıb. 

Bu bəla cavan, yaşlı demədən insanları öz ağuşuna alır. Ötən illərin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, bu xəstəliyə düçar olanlar ilbəil artmaqdadır. Bu xəstəliyi digərlərindən fərqləndirən isə insanlarda ümid yeri qoymamasıdır. Dünyada xərçəngin müalicəsi ilə bağlı araşdırmalar nə qədər getsə də, o, əksərən insanların ölümü ilə nəticələnir. 

Hətta 2016-cı ildə İsraildə xərçəngin müalicəsinin tapıldığı da bildirildi. Məlumata görə, İsrailin biotexnika şirkəti xərçəng xəstələri üçün terapevtik vaksin hazırlayıb. Bu vaksin xəstəliyin residivi (təkrar ağırlaşması) hallarının təxminən 90 faiz qarşısını ala bilər. Lakin yenə də tam müalicəsi tapılmamış olaraq qalır. 

Maraqlıdır, xərçəng xəstəliyinin ən ağır növü hansıdır və hansı Azərbaycanda daha geniş yayılıb? 

Həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlama verərək qeyd edib ki, Azərbaycanda ən geniş yayılan xərçəng xəstəliyi növü süd vəzi xərçəngidir:

"Bir xəstəlik əksər hallarda ölümə gətirib çıxarırsa, o, onsuz da ağır xəstəlik hesab olunur. Düzdür, xərçəngin yüngül formaları da var, məsələn, dəri xərçəngi, süd vəzisi xərçəngi və s. Çox dərinə təsir etməyən xərçəng növləri vaxtında aşkar olunan zamanla sağala bilir. Lakin bədəndə xərçəngin genetik kodu işə düşdükdə o, bədənin başqa nahiyyəsində də üzə çıxır və xəstənin ölümünə səbəb olur. Qadınların əksəriyyətində süd vəzi xərçənginə rast gəlmək mümkündür, həmçinin qadın orqanları ilə bağlı digər növlər var ki, onlara da sıx rast gəlinir. Dəridə olan xərçənglər hazırda elə də çox yayılmayıb. Digər çox rast gəlinən isə mədə-bağırsaq sistemində olan xərçənglərdir. Onların əksəriyyəti, bağırsaqda olanlar xoşməramlı ola bilir, bu, xoşxassəli demək deyil, sadəcə xəstəyə əməliyyatdan sonra çox uzun müddət imkan verir ki, normal həyat tərzini davam etdirsin. Amma bəziləri çox sürətli şəkildə inkişaf edərək xəstənin ölümünə də səbəb olur. Statistikanı tam dəqiq ardıcıllıqla deyə bilmərəm, amma praktik olaraq bizim ən çox rast gəldiyimiz xərçəng xəstəlikləri sırasında bunları demək olar”. 

Ekspert xərçəng xəstəliyinin ən ağır növünə gəldikdə isə vurğulayıb ki, insanı ən tez öldürən ağciyər xərçəngidir: 

"Ən ağır xərçəng növünə beyin xərçəngini nümunə göstərməzdim. Elə mədə xərçəngi var ki, ondan da ağırdır, mədəaltı vəz xərçəngləri beyin xərçəngindən daha ağırdır. Ağciyər xərçəngi var ki, xəstəni 6 ay müddətinə, ən çoxu bir ilə ölümə aparır. Əslində, xərçəng xəstəliyinin bütün növlərini ağır hesab etmək olar, çünki ölümə gətirib çıxarır. Müasir dövrdə bu xəstəliyin aradan götürülməsi üçün ən yaxşı variant onu ilkin formada, hələ bədəndə genetik kodu işə düşmədən müəyyənləşdirməkdir. Amma bu gün insanların çox xərçəngdən müalicəyə gecikirlər. Təsadüfdən aşkar olunması çox nadir olur. Gecikmiş variantlarda, ətraf limfa düşünlərində onun izi qalanda həyatı xilas etmək mümkün olmur”. 

Qeyd edək ki, məsələ ilə bağlı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə əlaqə saxlasaq da, həkim telefonla açıqlama vermədiyini deyib. 

Ötən il mətbuata bədxassəli şişin yayılması haqqında danışan Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov onkoloji xəstələrlə bağlı statistikanı da diqqətə çatdırıb:

"2018-ci ildə Azərbaycanda təxminən 11 min 500 onkoloji xəstə aşkar olunub. Burada birinci sırada süd vəzi xərçəngi dayanır ki, 2000-ə yaxın insan bundan əziyyət çəkir. İkinci yerdə 1400 nəfər xəstə ilə ağciyər xərçəngi dayanır. Mədə xərçəngindən 1200, bağırsaq xərçəngindən 1100, qadın ginekoloji xəstəliyindən isə 1000 nəfər əziyyət çəkir. Ölüm göstəricilərində isə ağciyər xərçəngi ilk sıradadır”. 

Səyad Həsənli





Həftənin ən çox oxunanları