Yuxarı

Gender bərabər(siz)liyi: Kimdir müqəssir?

Gender bərabər(siz)liyi: Kimdir müqəssir?

 genderMüasir dünyada ən aktual məsələlərdən biri də gender problemidir. Cəmiyyətdə və ailədə cins bərabərliyi, qadın-kişi münasibətləri indiyədək müxtəlif quruluşlarda fərqli kontekstlərdə nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları, istər sosial, istər cinsi, istər də mənəvi aspektlərdə cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan mübahisəli məsələlərdəndir.     Gender bərabərliyi var yoxsa yox? “Qadın-kişi bərabərsizliyi” anlayışı XX əsrin 80-ci illərinin əvvəllərində “gender” termini ilə bərabər meydana çıxıb.  Amma qədim tariximizdə qadının cəmiyyətdə və ailədə böyük rolu və mövqeyi olub. Azərbaycan qadını dövlət başçısından tutmuş ən fərqli sahələrə kimi cəmiyyətdə təmsil olunub və ailədə kişi ilə bərabər hüquqlara malik olub.   Sosioloq Nail Nəbi deyir ki, Azərbaycanda cins bərabərsizliyinin qabarıq şəkildə ortaya çıxması islam dininin hakim mövqeyə yüksəlməsindən sonra daha çox müşahidə olunub: “Şəriət hökmlərində kişilərin qadınlar üzərində sərhədsiz hakimiyyətinin daha sərt şəkildə təsbit olunması cəmiyyətdə gender bərabərsizliyinin güclənməsinə səbəb olub”.   Qeyd edək ki, 1918-ci ildə Şərqdə yaradılan ilk respublika - Azərbaycan Demokratik Respublikası tarixdə qadınlara seçki hüququ və s. hüquqlar verilən ilk ölkələrdən sayılır. Sovetlər Birliyinin tərkibində olduğumuz zamanlarda isə qadınların cəmiyyətdə, ailədə, dövlət sistemində rolu daha sürətlə artdı və gender bərabərliyi həm hüquqi, həm də faktiki olaraq təmin olundu.   Məlumat üçün qeyd edək ki, Azərbaycanda qadın hüquqları və gender bərabərliyinə dair 142 sənəd imzalanıb. Lakin real həyatda qadın hüquqlarının pozulması, məişət zorakılığı, qadın alveri və cinsi istismar hallarının sayı artır.   Qadının sosial-siyasi həyatda çəkisi   Sosioloq deyir ki, qadına seçki hüququnu bu gün ən inkişaf etmiş ölkələr belə Azərbaycandan sonra verə bilib: “Seçkilərdə iştirak hüququnun rəsmi olaraq təmin olunması XX əsrin başlanğıcına təsadüf edir. Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrədə 1971-ci ildə  qadınlar səsvermə hüququ qazanıblar”.   Qeyd edək ki, Hazırda Azərbaycanın təhsil müəssisələrində qadınlar  77,4 faiz, tibb sahəsində isə 63,9 faiz təşkil edilər. Doktorantların 30,8 faizi, bütün elmi işçilərin isə 53,6 faizi qadınlardır. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15,0 faiz artıb. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə dövlət qulluğunda çalışanlar arasında qadınlar 28 %, sahibkarlar arasında isə 17 % faizdir. Ölkə Parlamentində qadınların xüsusi çəkisi 16 %-dir.   Amma ekspertlər hazırda Azərbaycanda qadınların hakimiyyətin seçkili orqanlarında və ali icra strukturlarında təmsil olunma faizini hələ də qənaətbəxş hesab etmir.   “Bizim qadınlar döyülməyi sevir”   Feminist Aynur Həsənzadənin fikrincə Azərbaycanda qadınlara münasibətdə yazılmamış qanunlar və formalaşmış stereotiplər çox zaman önə çıxır: “Ailədə və cəmiyyətdə qadının yeri kişidən sonra gəlir. Süfrənin başı kişi üçündür, xörəyin yaxşı yeri ona saxlanır, kritik məqamlarda ən son sözü o deməlidir. Bəziləri bunu mental xüsusiyyətlərlə izah etməyə çalışır. Əslində, bunu milli mentalitetlə bağlamaq doğru olmaz. Qadının düşünmək üçün beyni yoxdur? Yoxsa dindarlar kimi iddia edəcəklər ki, kişinin qabırğasından yarandıqları üçün qadın kişidən az bilir? İnkar etməyək, bizim qadınlar əzilməyə meyllidir Əri döyən qadın bunu gizlədir, döyülməyə razı olur, amma  qorxur ki, ətrafından kimsə bilər ki, o döyülür”.   Feminist deyir ki, əslində gender bərabərliyi heç vaxt olmayıb: “Bərabərlik ona deyirlər ki, eyni miqdarda göstərici olsun. Adicə misal, deputatlardan neçəsi qadın, neçəsi kişidir? Parlamentdə qadınlara 16-17 faizlik çəki veriləndə böyük iş hesab edilir. Axı bu ümumi payın 6-dan, 7-dən biridir, niyə bu qədər şişirdilir?”.   Müsahibimiz deyir ki, əvvəl boşanmağa qorxan qadın indi boşanmaq istədiyini dilə gətirə bilir: “Bizim uğurumuz yalnız budur, o statistik rəqəmlər yox. Amma boşanmalarda da çox vaxt qadın əzilən tərəf olur. Əri evdən atır, baxmayaraq ki, evdə qadının və uşaqların qanuni haqqı var. Amma o “kişi” bunu əvvəlcədən fikirləşib axı, evi keçirib başqasının adına. Qadın nə təzminat ala bilir, nə də uşaqlara kəsilən aliment pulunu. Boşandıqdan sonra kişi yoxa çıxır, qadın da tək başına 2-3 uşağa baxmağa məcburdur”.   136 pilləli siyahıda 94-cü yerdəyik   Dünya İqtisadi Forumu “Qlobal Gender Bərabərliyi” hesabatında 136 ölkəni resurs və imkanların kişi və qadın əhali arasında necə bölüşdürüldüyü üzrə dəyərləndirib. Hesabat dörd sahədə gender bərabərsizliyini ölçüb: iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma. Həmin siyahıya görə Cənubi Qafqaz ölkələri arasında lider Gürcüstandır, o siyahının 86-cı pilləsindədir. Sonra Ermənistan (94) və Azərbaycan (99) gəlir. İran (130) və Pakistan (135) aşağı səviyyəli ölkələr sırasındadır.   MDB ölkələri arasında ən yüksək nəticə Qazaxıstana (32) məxsusdur. Daha sonra Moldova (52), Rusiya (61), Qırğızıstan (63), Ukrayna (64), Azərbaycan (99) gəlir.   Beləliklə, bir tərəf Azərbaycan qadınlarını cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etdiyini iddia edir, başqa bir tərəf isə əksini deyir. İndi siz deyin, Azərbaycanda gender bərabərsizliyi varmı?   Lalə Mehralı    





Həftənin ən çox oxunanları