Yuxarı

Qadağalar turizmi məhv edib: "Bölgələrə səfərlərə icazə verilməlidir ki…”

Qadağalar turizmi məhv edib:

Qadağalar turizmi məhv edib:


Məlum olduğu kimi, koronavirus pandemiyasının təsirlərinin ən çox zərbə vurduğu sahələrdən biri də turizmdir.

Demək olar ki, dünyanın bütün ölkələrində turizm iflasa uğrayıb, bununla yanaşı nəqliyyat, o cümlədən də hava nəqliyyatı şirkətləri böyük zərərlərlə üzləşib.

Hazırda dünya ölkələrində bir sıra hotel sahiblərinin müflis olması və nəticədə öz hotellərini satışa çıxarması xəbərləri yayılır. Azərbaycanda da hələ ki, hotellərin fəaliyyətinə icazə verilməyib. Amma amma onlar fəaliyyət göstərməsi üçün metodiki göstərişlər hazırlanıb.

Qeyd edək ki, artıq bir sıra ölkələrdə, o cümlədən də qonşu ölkələrdə iqtisadiyyatların açılması prosesi başlanıb. Qonşu Türkiyə artıq turizm sektorunun bərpası istiqamətində addımlar atmaqdadır. Burada kafe və restoranlar açılması ilə bağlı qərar verilib.

Hətta Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.

Bunu Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.

"Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların xərclərinin qismən təzminatı üçün ayrılıb”, - deyə, hökumət başçısı bildirib.

Azərbaycanda isə paytaxtdan bölgələrə gediş-gəlişə ciddi məhdudiyyət var. Bu məhdudiyyət 4 aydır ki, davam edir. Məhdudiyyətin aradan qaldırılması üçün pandemiya şəraitində uyğun bir sıra təkliflər verilsə də, hələ ki, bu rejim davam edir.

Dünya ölkələrində bərpa prosesi getdiyi halda, Azərbaycanda ciddi məhdudiyyətlərin tətbiqi ölkə turizminin bərpasını əngəlləyərək, bir qədər də geri salmırmı?

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, pandemiyanın ən böyük zərbə vurduğu sahələrdən birincisi turizmdir: "Çünki məlum məsələdir ki, gediş-gəliş, hərəkət olmadan turizm gəlirlərindən danışmaq mümkün deyil. Karantin və ya sərt karantin rejimlərinin, məhdudiyyətlərin tətbiq olunması turizmə öz təsirlərini vurmaqdadır. Nəzərə almaq lazımdır ki, tətbiq olunan məhdudiyyətlər insanların sağlamlığını qorunması, onların səhətti ilə bağlı təhlükələri minimuma enridmək məqsədi daşıyır. Ona görə də təkcə turizm deyil, digər sahələrə dəyən zərərlərin də əsasında insan faktoru dayanır”.

İctimai Şura rəhbəri turizm sahəsinin üzləşdiyi çətinliklərin ölkə başçısının diqqət mərkəzində olduğunu deyir: "Ən yüksək səviyyədə keçirilən son toplantılarda da bu məsələyə bir neçə konteksdə toxunulub. Prezident İlham Əliyev Ümumdünya Turizm Təşkilatının rəhbərliyi ilə onlayn görüşdü. Burada da əsasən vurğulandı ki, sərhədlərin bağlı olduğu şəraitdə xarici turizmi inkişaf etdirmək çətindir. Bəzi ölkələr - o cümlədən də Türkiyə istirahət zonalarını qismən açır və bəzi şəhərlərdəki otellərdə müəyyən qaydalar müəyyən edilir ki, insanlar pandemiya şəraitində həmin qaydalara uyğun davransınlar. Hesab edirəm ki, Azərbaycan üçün xarici turizmi açmaq təhlükəli ola bilər”.

Azər Allahverənov hesab edir ki, ilk növbədə diqqət daxili turizmə ayrılmalıdır: "Cənab Prezident də bunu vurğuladı. Daxili turizm potensiallarından maksimum istifadə olunmalıdır ki, bu sahə yenidən özünə gəlsin və inkişaf etsin. Bu istiqmətdə müvafiq qurumlara tapşırıqlar verilib. Növbəti mərhələdə isə xarici turizmdən danışmaq olar. Hələ ki, avqust ayının 5-nə qədər gücləndirilmiş karantin mövcuddur.

Bundan sonrakı dövrdə aidiyyəti qurumlar, Operativ Qərargah müəyyən qiymətləndirmə aparıb, nəticəyə uyğun olaraq, qaydaların yumşaldılması ilə bağlı qərar qəbul etməlidir. Yalnız bundan sonra işlərin hansı səviyyədə qurulmasını təhlil etmək olar. İndiki şəraitdə isə xüsusilə də Bakı şəhərində sakinlərin gediş-gəlişinə məhdudiyyət tətbiq edildiyi təqdirdə daxili turizmi inkişaf etdirmək olduqca çətindir. Hərəkət olmalıdır, insanların bölgələrə səfərlərinə icazə verilməlidir ki, turizm yavaş-yavaş inkişaf etsin. Bu sektora daxil olan infrastruktur, burada çalışan insan resursları işlək mexanizm kimi işə düşməlidir. Hələ ki, bunu etmək çox çətindir. Sonrakı mərhələdə isə buna dair qərar veriləcəyini gözləyirik. Ölkə rəhbərliyi tərəfindən cızılmış müəyyən strategiya var, yəqin ki, aidiyyəti strukturlar da təkliflərini hazırlayıb verəcəklər”.

Xatirə Nəsirova