Yuxarı

Bakı əcnəbi dillərdən nə vaxt qurtulacaq?

Bakı əcnəbi dillərdən nə vaxt qurtulacaq?

Bakı əcnəbi dillərdən nə vaxt qurtulacaq?

Azərbaycan ziyalıları Bakının "əcnəbi dillərin işğalından” azad edilməsini istəyir.Aralarında millət vəkili, akademik, professorlar olan qrup imza toplayaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.

Müraciətdə qeyd olunur ki, bu yaxınlarda yeni yaradılmış "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinq keçirib.

Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Ziyalılar təəssüflə bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir.

Müraciətdə qeyd olunur ki, əcnəbi dillərin təbliğatçılarına çevrilmiş obyektlərin sahibləri təkcə qanunlara deyil, dövlətin rəsmi Azərbaycançılıq ideologiyasına da etina etmirlər. Ziyalılar merdən dövlət dili haqqında qanuna əməl edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməsini xahiş edib.

"Milli məsələlərdə həssas olmaq bizim borcumuzdur”

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli "Cümhuriyət”ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum bu məsələni bir neçə dəfə qaldırıb:

"BAO olaraq bu məsələni dəfələrlə qaldırmışıq. Küçələrin, parkların, eyni zamanda digər yerlərin əcnəbi adlarla, yaxud da cümhuriyyət düşmənləri ilə bağlı olması yolverilməzdir.Şübhəsiz, bu kimi milli məsələlərdə həssas olmaq bizim borcumuzdur.Çox təəssüf ki, müstəmləkəçilik şüurundan hələ də qurtula bilməmişik.Rusdilli və ingilisdilli bir Bakı şəhərini ortaya qoymaq istəyənlər var. Biz, rusdilli mühitdən qurtulmağı ümid edərkən, bir tərəfdən onun yenidən qayıdışı baş verir, digər tərəfdən isə ingilisdilli mühit özünə yer tapır.Əlbəttə, çox dil bilmək yaxşıdır, ancaq bu, ana dilinə zərbə vurursa zərərlidir”.

"Söz və əməl üst-üstə düşmürsə...”

F.Ələkbərli bildirib ki, xüsusilə də, son zamanlarda yenidən rus dilində danışanların çoxalması, əhalinin xeyli bir qisminin övladlarını rusdilli məktəblər və bölmələrə qoyması, çox ciddi məsələdir:

"Özü də, övladlarını rusdilli məktəblərə və bölmələrə qoyanlar arasında cəmiyyətdə millətpərəst kimi tanınanlar da var. Bu onu göstərir ki, söz və əməl üst üstə düşmürsə, yalançı millətpərəstlikdir. Ən əsası odur ki, rusdilli məktəblərin çoxalmasında "5-ci kolon”un ciddi rolu var. Azərbaycanın gələcəyini yalnız Rusiyada görən tarixi simaların, bolşeviklərin heykəllərinin qalması təsadüfi deyildir. Əgər milli iradəmiz güclü olsaydı, Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin adı BDU-dan götürülməz və abidəsi də çoxdan ucaldılardı. Küçələrimizə Kərkük, Urumçi, Təbriz adı vermək, Ağa Məhəmməd Şah Qacara, Nadir şah Əfşara, Abbas Mirzə Qacara, Uzun Həsənə, Cavad xana, Nəsib bəy Yusifbəyliyə və başqa böyüklərimizə abidələr ucaltmaq üçün Milli iradənin güclənməsi lazımdır”.

"Çox vacib və faydalı bir kampaniyadır”

Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü də ziyalıların başladığı kampaniyanı təqdir edib:

"Çox vacib və faydalı bir kampaniyadır. Ölkəmizdə, paytaxtımızda küçə adlarının, meydanların və s. milliləşdirilməsi çox vacibdir, millətin taleyində mühüm əhəmiyyət daşıyan bir məqamdır. Bu addım milli düşüncənin inkişafında önəmli bir fəaliyyət sayıla bilər.Millət öz tarixi keçmişinə, qəhrəmanlarına, tarixi şəxsiyyətlərinə, onun tarixində mühüm yeri olan məqamlara həm də bu cür - onların adını əbədiləşdirməklə sahib çıxa bilər.Bir tək Nərimanovla bağlı məsələdə hansısa dəyişiklik edilməsini istəməzdim.Ziddiyyətli də olsa, ona münasibətin birmənalı olmadığını bilsəm də Nərimanovun adının qalmasını istərdim bir fərd olaraq.Digər məsələlərdə milliləşdirilməyə razıyam və onu dəstəkləyirəm”.

Aydın





Həftənin ən çox oxunanları