Yuxarı

Azərbaycan böyük əmək bazarına çevrilir?

Azərbaycan böyük əmək bazarına çevrilir?

Azərbaycan böyük əmək bazarına çevrilir?

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər. Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2 dəfə artıb. İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 7 600 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 46,7 faiz azdır. Göründüyü kimi, Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsinin məlumatından belə məlum olur ki, 2019-cu ildə Azərbaycana cəmi 55 nəfər əmək miqrantı gəlib. Bu kifayət qədər kiçik rəqəmdir, çünki adi müşahidələr ölkəmizdə daha çox Türkiyə vətəndaşının fəaliyyət göstərdiyini deməyə əsas verir. Bununla belə rəsmi rəqəmə görə, bu il - pandemiya ilində Türkiyədən işçi miqrant sayının iki dəfə artması da maraq doğurur. Məlumdur ki, ölkəmizdən digər ölkələrə, o cümlədən də Türkiyəyə əmək miqrantı kimi gedənlərin sayı kifayət qədər böyükdür.

Belə olan halda, Türkiyədən Azərbaycana əmək miqrasiyasının 2 dəfə artması nə ilə bağlıdır?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov "Cümhuriyət” qəzetinə bildirib ki, bir qədər əvvəl - koronavirus pandemiyası başlanana kimi Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan ofisinin eksperti olub: "Mən dəfələrlə türk işçilərinin hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə çəkişmələri etmişəm. Azərbaycanda minlərlə türk işçi olub. Sadəcə, onların 90 faizindən çoxu işçi miqrant kimi qeydə alınmır. Yəni iş icazəsi almadan fəaliyyət göstərirlər. Məsələn, məhkəmə çəkişmələrindən birində biz siyahını aldıq və məlum olub ki, bir şirkətdə 700 nəfər türk işçi çalışıb. Onların heç biri ilə əmək müqaviləsi bağlanmamışdı, iş icazələri yox idi. Qeyd olunan rəqəmlər və buradakı müsbət dinamika sadəcə rəsmiləşdirilənlərin sayıdır”.

Sahib Məmmədov deyir ki, Azərbaycanda fəaliyyət göstərən tikinti, sənaye, investisiya, istehsal şirkətində çalışanların əhəmiyyətli hissəsi türklərdir:

"110 nəfər çaşdırıcı rəqəmdir, görünür bunlar iş icazəsi alanlardır, hansı ki, Türkiyənin Məşğulluq Xidməti bu barədə məlumatlıdır”. Ekspert bildirib ki, vaxtilə Azərbaycanda olimpiya kompleksləri, Heydər Əliyev Mərkəzi kimi tikililər ərsəyə gətirilib: "Belə tikililər üçün Azərbaycanda ixtisaslaşmış fəhlələr çatmırdı. Məsələn, Alov qüllələrinin tikintisində yüksək montaj işləri tələb olunurdu ki, Azərbaycanda bu işləri yerinə yetirə biləcək fəhlələr yox idi. O cümlədən, bu cür tikintiləri ərsəyə gətirəcək mühəndis texnik işçilər də çatmırdı. Montajçılar, elektrik manyajçıları, işıq sistemlərini quraşdıranlar, əsasən Türkiyədən gətirilirdi. Ümumiyyətlə, Azərbaycanda çox sayda türk işçiləri çalışıb. Bizim milli şirkətlərimiz də türk işçiləri ilə çalışıblar. Dövlət sifarişi ilə tikilən obyektlərdə mühəndis texnik işçilərdən daha çox fəhlə işçiləri olub”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları