Yuxarı

Erməni saxtakarlığının izi ilə: Tarixi adlarına qovuşan yurd yerlərimiz

Erməni saxtakarlığının izi ilə: Tarixi adlarına qovuşan yurd yerlərimiz

Erməni saxtakarlığının izi ilə: Tarixi adlarına qovuşan yurd yerlərimiz

Ermənistanın xalqımıza, dövlətimizə qarşı apardığı vandalizm siyasəti ərazilərimizin işğalı, əhalimizin soyqırımı ilə yekunlaşmır.

Düşmən həm də illər uzunu tarixi saxtalaşdıraraq öz ərazi iddialarına qanuni don geyindirməyə çalışıb. Bu saxtalaşdırma cəhdi sırasında toponim adlarının dəyişdirilməsi və erməniləşdirilməsi də baş verib.

Qeyd edək ki, hətta indiki Ermənistan ərazisində də türk tayfalarının adlarını əks etdirən toponimlər qalmaqdadır. Artıq "Vəng” - "Çınarlı”, "Madagiz” isə "Suqovuşan” adlandırıldı. Növbədə digər erməniləşdirilmiş toponimlər var.

Ümumiyyətlə, toponimlərimizin dəyişdirilməsinə nə zamandan başlanıb? Qeyd edək ki, "Cümhuriyət” qəzetinin araşdırmasına görə, Hadrut qəsəbəsinin adı XIX əsrə qədər "Ağoğlan” olub. 1939-cu ildə qoyulan Hadrut sözü isə fars mənşəlidir və "iki çay arası” anlamını verir.

Mardaket rayonun adı da həmin il "qoyulub”. AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bahramov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağda toponimlərin dəyişdirilməsinə Sovet dönəmində başlanılıb:

"İşğalçı sovet Rusiyasının, sonradan isə onun yaratdığı sovet dövlətinin qəbul etdiyi qərarlar əsasında bu adların dəyişdirilməsinə başlanıb. İlk addım 1925-ci ildə atılıb - Xankəndinin adını dəyişdirib, Stepanakert qoyublar, sonradan isə Mardaket, Martuni, Madagiz kimi adlar qoyublar. 1933-cü ildən başlayaraq Mircəfər Bağırov bu məsələlərə müqavimət göstərməyə çalışsa da, bu adları dəyişdirmək mümkün olmayıb. Sonradan isə yalançı beynəlmiləlçilik siyasəti nəticəsində və biz sadə və səmimi toplum olaraq bunun mahiyyətinə varmamışıq”.

Prezident İlham Əliyevin Vəng kəndinin adının dəyişərək "Çinarlı” qoyduğunu xatırladan tarix üzrə fəlsəfə doktoru bildirib ki, digər toponimlərin də dəyişdirilməsi istiqamətində müzakirələr aparılır:

"AMEA Dilçilik İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi toponimlərlə bağlı gözəl bir toplu hazırlayıb. Biz də öz qeydlərimizi bildirmişik. Adların çoxu dəyişdirilməlidir. Bunun üçün mənbələrə müraciət olunur. Vaxtilə Azərbaycana gəlmiş kartoloqlar olub, hərbi xəritələr var, çar Rusiyasının işğalı zamanı hərbi topoqrafiq xəritələr hazırlanıb. Bu xəritələrdə adlarının necə yazıldığına baxırıq, təkliflərimizi veririk”.

Qərbi Azərbaycan ərazilərinə gəldikdə isə, Ermənistan deyilən bir məkanın əvvəllər heç zaman mövcud olmadığını və yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "bağışlanılmaz addımı” nəticəsində İrəvanın güzəştə gedilməsi və 9 min kvadradmetr ərazinin ora əlavə edilməsindən sonra yarandığını xatırladıb:

"1935-ci ildən sonra onlar kütləvi sürətdə burada olan adları dəyişməyə başladılar. İrəvanın adını Yerevan etdilər, bundan başqa təxminən 40 minə qədər toponimi dəyişdilər. 1992-ci ildən başlayan işğaldan sonra da onlar həmin ərazilərin adlarını dəyişibər. Kəlbəcərin, Laçının, Ağdamın, Zəngilanın adlarını dəyişiblər. Şükürlər olsun ki, hazırda Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız azad edilir. Deyə bilərəm ki, dünya hərb tarixində görünməyən bir hadisədir ki, cəmi 20-25 gün ərzində 241 tank məhv edilsin, 39 tank qənimət olaraq götürülsün, böyük miqdarda döyüş texnikası məhv edilsin. Azərbaycan ordusunun tətbiq etdiyi yeni döyüş taktikası dünya əhəmiyyəti kəsb edir. Dünya silah istehsalı ilə məşğul olanlar "şokdadır”. 1990-cı ildə ABŞ İraqın təcavüzünün qarşısını almaq üçün 6 ay mübarizə apardı. Azərbaycan əsgəri, zabiti hər şeyi unudub öz vətəni üçün döyüşə gedib. İnşaalah bütün ərazilərimizin, dağlarımızın, çaylarımızın adları sırf Azərbaycan adları ilə adlandırılacaq, heç kimin şübhəsi olmasın ki, ölkənin Prezidenti, Ali Baş Komandan milli mənafeyi müdafiə edəcək səviyyədə bu məsələləri həll edir”.

Qeyd edək ki, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mahirə Abbasova şöbənin əməkdaşları ilə birlikdə təkcə Qarabağ bölgəsində son 25 ildə erməniləşdirilərək dəyişdirilən 280-ə yaxın coğrafi adın siyahısını tərtib edib və dəyişmə dərəcəsinə görə təsnifatlandırıb.

Mahirə Abbasova "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ və ətrafyanı kəndlər 90-cı illərdə Ermənistan tərəfindən işğal edildikdən sonra ərazilərimizin adlarının erməniləşdirilməsinə başlanıb:

"Ərazi adlarımız bütün internet şəbəkələrində təhrif olunmuş formada göstərilirdi - Ağdamı -Akna, Laçını- Bedsoprt, Kəlbəcəri -Kalvajar formasına salıblar. Onlar dünyaya bu adları təqdim edirlər. 278 adı ya dəyişidirmişdilər ya da təhrif etmişdilər. Biz bu sahədə tədqiqat apardıq və bunu təkzib etməyə başladıq. Bundan sonra isə onlar müxtəlif internet şəbəkələrində bunun ingilis dilində olan variantını çıxaraq, yalnız ermənicə olanı saxladılar. Bu sahədə gənclərin böyük köməyinə ehtiyac var ki, bunu izləsinlər və belə bir hal olduqda təkzib etsinlər. Onlar hər cür vəhşiliyə cəhd ediblər. Dövlətin varlığını təsdiq edən məsələlərdən biri də çoğrafi adlardır, heç bir dövlətin ixtiyarı yoxdur ki, bizə məxsus olan çoğrafi adı dəyişərək, özünküləşdirsin. Beynəlxalq qanunlar da buna yol vermir. Mətbuat bu məsələləri daim gündəmdə saxlamalıdır”. Elmlər namizədi bir məsələni də xatırladaraq bildirib ki, hazırda Ağdərə inzibati rayonu mövcud deyil. Bu rayon bölünərək, kəndlər Kəlbəcərə, Tərtərə və Ağdama birləşdirilib”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları