Yuxarı

Pandemiya və müharibə: Təhsil necə bərpa olunacaq?

Pandemiya və müharibə: Təhsil necə bərpa olunacaq?

Pandemiya və müharibə: Təhsil necə bərpa olunacaq?

Koronavirus pandemiyasının zərbə vurduğu tədris prosesinə sentyabrın 27-dən tətbiq olunan müharibə şəraiti də öz təsirlərini göstərməkdədir.

Orta ümumtəhsil məktəblərdə tədris 2 və ya 3 gün olmaqla davam etsə də, ali məktəblər də bu proses tamamilə dayanmış oldu.

İndiki şəraitdə ali təhsil müəssisələrində tədrisin davam etməsinin hansısa yolu mövcuddurmu? Yoxsa 2020-2021-ci ili tədris ili artıq itirilmiş il hesab olunur?

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, oktyabrın 15-dən etibarən yeni qəbul olanlar ali məktəblərlə tanış olmaq üçün qəbul olduqları müəssisələrə gəlməli idilər. Amma araşdırmamız zamanı məlum oldu ki, həmin tələbələrə hələ ki, ali məktəblərdən xəbər gözləmələri bildirilib. Yuxarı kurs tələbələri arasında keçirdiyimiz sorğu zamanı onların da tədrisin hansı formada davam edəcəyindən xəbərsiz olduqları məlum oldu. Tələbələr arasında I yarımilliyin təxirə salınacağı və dərslərin yanvardan sonra başlanacağını ehtimal edənlər də var. "Bizə dəqiq heç nə deyilməyib”- deyənlər də var və bu məsələdə ciddi qeyri - müəyyənlik yaranıb.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2020-ci il təkcə Azərbaycan təhsili üçün deyil, dünya təhsili üçün çox çətin bir dövr oldu:

"Doğrudur, dünya ölkələrində artıq problem həllini tapıb. Azərbaycanda isə problem iki hissədən ibarət oldu - birinci mart ayının 3-dən etibarən ənənəvi tədris ləğv olundu və onlayn təhsil sisteminə keçdik. 2020-ci ilin birinci yarısını bu qaydada başa çatdıra bildik. Nazirlər Kabinetinin qaydalarına görə, 15 sentyabrda orta məktəblərdə bir neçə gün olmaqla ənənəvi təhsil bərpa olundu. Çünki onlayn dərslər üçün heç də bütün şagirdlərin inteneti yox idi. Sentyabr ayının 27-dən isə müharibə şəraitinə görə təhsilimiz yeni problemlə qarşılaşdı. Şagirdlərin dərsə getmədiyi günlərdə onlayn dərslərdə iştirakı ilə bağlı ciddi problemlər yaranıb. Bu zaman şagirdlərin yalnız məktəbə getmə və teledərslərə qatılmaq imkanı qalır”.

Ekspert ali təhsil müəssisələrinin problemlərinin isə tamamilə qaldığını deyir: "Nazirlər Kabinetinin qərarına görə, ali təhsil müəssisələri tədrisi onlayn qaydada həyata keçirməli idilər.

Amma mövcud şəraitdə internetdə olan məhdudiyyətlərə görə, onlayn tədrisi qurmaq mümkün deyil. Çıxış yollarından biri tətil elan edilərək tədris prosesinin dayandırılması və semestrlərin yerinin dəyişdirilməsidir. 2020-2021-ci illər üçün tədris ili müddəti dəyişdirilə bilər. İnanıram ki, yaxın günlərdə Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edəcək.

Digər çıxış yolu isə orta ümumtəhsil məktəblərində olduğu kimi ali məktəblərdə də tədrisin qismən bərpa olunmasıdır. Hər halda, müharibə şəraitinin nə qədər davam edəcəyi bilinmir. Müharibə şəraiti ümumilikdə tədris prosesinə təsir etməsə də, təhlükəsizliklə bağlı problemlər yarana bilər. Bu baxımdan da məsələn, I, III, V kursların I,III IV günlər, II və IV kursların isə II, IV və IV günlər ali məktəblərə gəlməsinə şərait yaratmaq olar. Mövcud vəziyyətdə internetin olmaması onlayn tədrisi də dayandırıb və ümumilikdə tədris prosesi aparılmır. Bu isə ciddi akademik problemlərə gətirib çıxara bilər”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları