Yuxarı

Xidmət sektorunda özəlləşdirmə planı: ERTƏLƏNDİ?

Xidmət sektorunda özəlləşdirmə planı: ERTƏLƏNDİ?

Xidmət sektorunda özəlləşdirmə planı: ERTƏLƏNDİ?

2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər.

Yəni ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsi nəzərdə tutulub. Məlumata görə, artıq bununla bağlı hökumətdə müzakirələr gedir. Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyəti dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.

Xatırladaq ki, bir neçə il bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycanda sözügedən layihənin hazırlanmasına 1 milyon ABŞ dolları qrant ayırmışdı. Onu da qeyd edək ki, hazırda ölkədə əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/s-a qədər istifadə edildikdə 7 qəpik, 300 kVt/s-dan artıq istifadə edildikdə isə 11 qəpikdir. Məlumdur ki, cəmi bir neçə ay əvvəl dövlət qurumlarının özəlləşdirilməsi məsələsi əsas müzakirə mövzularından idi. Ekspertlər ilk növbədə kommunal xidmtət sektorunun özəlləşdirilməsini zəruri hesab edirdilər.

Qeyd olunurdu ki, bu sahədə özəlləşdirmə daha yüksək xidmətlərin təqdim olunmasına gətirib çıxara bilər. İndi isə hökumətdə kommunal xidmət sahəsində yeniliklərin edilməsi, yeni tariflərin tətbiq olunması müzakirə olunur.

Bu kommunal xidmət sahələrinin özəlləşdirilmə məsələsinin təxirə salnması deməkdirmi?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, özəlləşdirmə proqramının təxirə salındığını düşünmür: "Çox güman ki, özəlləşdirmə proqramında iştirak etmək niyyətində olanlarla danışıqlar gedir. Ola bilsin ki, onların da bu cür tariflər tətbiq etmək istəyi olsun. Çünki gündüz-gecə tarifləri dünyanın bir çox ölkələrində tətbiq olunur. Bu da əslində paylayıcı şirkətlərin xeyrinə olan bir məsələdir. Gündüz saatlarında verilən elektrik enerjisinin daha ucuz, axşam saatlarında verilən elektriki isə baha satmaqla balans yaradırlar. Burada qiymətin bir tarifə deyil, bir neçə tarifə bağlanması müzakirə olunur. Mən düşünmürəm ki, özəlləşdirmə proqramı arxa plana keçib, əksinə bunu proqramın tərkib hissəsi kimi görürəm”.

Natiq Cəfərli 2022-ci ilə qədər özəlləşdirmə ilə bağlı müəyyən addımlar atılacağını, ən azı yol xəritəsinin çəkiləcəyini gözləyir: "Özəlləşdirmədə əsas məsələlərdən biri də tarif siyasətidir ki, burada hər zaman dövlət "qızıl orta”-nı axtarmağa çalışır. Həm vətəndaşlara ziyan olmasın, həm də şirkətlərə maraqlı olsun. Yəqin ki, həmin "orta”-nı tapmaq üçün belə əsnək tarif siyasətinə keçməklə bağlı ilkin müzakirələr başlanıb”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları