Yuxarı

Qərb Türkiyə ilə Rusiyanı üz-üzə  qoymağa çalışır

Qərb Türkiyə ilə Rusiyanı üz-üzə  qoymağa çalışır

  [caption id="attachment_1307" align="alignleft" width="440"]ferhad memmedov Fərhad Məmmədov: “Moskva ABŞ-ın Vyetnamda qarşılaşdığı duruma düşəcək"[/caption] Suriyada Bəşər Əsəd rejiminin getməsini istəyən ölkələr arasında ən çətin duruma düşəni Türkiyədir. Toqquşmalar Türkiyənin qonşuluğunda baş verir ki, bu da onun üçün yaxşı heç nə vəd etmir. Türkiyə dövlət rəhbərlərinin çıxışlarından da aydın olur ki, Rusiya sözdə “dost” ölkədir və münasibətlərdə yaranan problemlər ciddi xarakter alıb. Belçika səfərini yekunlaşdıraraq Yaponiyaya yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə lazım gəlsə, qazı Rusiyadan yox, digər alternativlərdən də ala bilər: “Akkuyu AES-i rusların yerinə başqası gəlib inşa edər”.   Gərginliyin hərbi toqquşmaya səbəb olmasının mümkünlüyü və Putinlə əlaqə saxlayıb-saxlamayacağı haqda sualı cavablandıran prezident Rusiyanın Türkiyə ilə toqquşmaya girəcəyinə ehtimal etmədiyini vurğulayıb. Türkiyəli millət vəkili Sinan Oğan da söyləyib ki, Rusiya təyyarələri təkcə Türkiyə sərhədini yox, həm də NATO sərhədini pozub. Onun sözlərinə görə, bu hadisə Rusiya-Türkiyə münasibətlərini pozacaq: “Əgər Rusiya bu tərzdə siyasətini davam etdirsə, Ankaranın cavabı çox sərt olacaq”. NATO-dan sözdə “dəstək” Türkiyə prezidenti başda olmaqla, digər dövlət rəhbərləri, strateqlər, jurnalistlər Türkiyənin NATO ölkəsi olmasını xüsusi vurğulaslar da, NATO PKK məsələsində olduğu kimi, bu dəfə də deyəsən, Ankaranı tək qoymaq niyyətindədir. NATO-nun baş katibi Yens Stoltenberqin CNN telekanalına müsahibəsində bu daha aydın ifadə olunub. O, bildirib ki, Türkiyə NATO üzvü kimi öz hava məkanını pozuculardan qoruya bilər və Şimali Atlantika alyansı bu məsələdə onu dəstəkləyir. İsralin "Nativ" xüsusi xidmət orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi  “Trend”ə deyib ki, Rusiya Suriya məsələsi üzrə nə ABŞ-a, nə də Türkiyəyə güzəştə getməyəcək. Y.Kedmi bildirib ki, Rusiya və Türkiyə arasında əlaqələr ziddiyyətlərlə doludur: "Hər iki ölkənin Avropa ilə ümumi problemləri, iqtisadi maraqları var. Lakin Türkiyə NATO-nun üzvüdür". Ekspert əlavə edib ki, Rusiyanın üzr istəməsinə baxmayaraq, Türkiyə öz hava məkanının Rusiya təyyarələri tərəfindən qəsdən pozulduğunu düşünür və buna kəskin reaksiya verdi: "Rusiya Türkiyə aviasiyasının Suriya, o cümlədən kürdlərin kompakt yaşadığı rayonlar üzərində uçuşunun qarşısını almaq üçün ölkənin hava məkanını bağlayıb. Moskva və Ankaranın əlaqələrinin gələcək inkişafı Prezident Rəcəb Tayyib Ərdoğandan və onun impulsiv deyil, məntiqi və Türkiyə maraqlarına uyğun davranmaq qabiliyyətindən asılı olacaq". “Rus ordusu İŞİD-ə qarşı dayana bilməsə...” Rusiya isə həqiqətən Suriyada mürəkkəb situasiya ilə qarşılaşıb və bu, təkcə Türkiyə amili ilə bağlı deyil. Qəliz durumu artıq rusiyalı ekspertlər də müşahidə etməyə başlayıblar. Məsələn, rusiyalı politoloq Aleksey Makarkin bildirib ki, Rusiya üçün əsas təhlükə Suriyadakı situasiyanın özünün tam nəzarəti altında olduğunu hesab etməsidir. Onun sözlərinə görə, qısa zaman ərzində Suriyadakı problemləri həll etmək mümkün olmayacaq: “Bir azdan proseslər ən pik nöqtəsinə çatacaq. Moskva müəyyən müddətə Əsədin qaydaları ilə oyun başlada bilər. Rusiya elə hesab edir ki, Suriyadakı Əsəd qoşunları, İran ordusu və ”Hizbullah" onun rəhbərliyi altında birləşib, İŞİD-ə qarşı dayana biləcək. Əgər bu ordular İŞİD-ə qarşı dayana bilməsə, Moskva ABŞ-ın Vyetnamda qarşılaşdığı duruma düşəcək". Politoloq Fərhad Mehdiyev isə bildirib ki, Qərb Türkiyəni Rusiya ilə üz-üzə qoymağa cəhd edəcək. O, Qərbin Türkiyəni seçim qarşısında qoyacağını düşünür.   “Ya Qərb, ya da Rusiya” Politoloqun qənaətinə görə, Rusiyanın Suriyaya bu şəkildə müdaxiləsi daha böyük savaşın meydana çıxmasına səbəb ola bilər: “Qərb Türkiyəni Rusiya ilə üz-üzə qoymağa cəhd edəcək və çox güman ki, Türkiyəni seçim qarşısında qoyacaq: ya Qərb, ya da Rusiya. Hətta NATO Rusiyaya gözdağı vermək istəsə, bunu Türkiyənin əli ilə etməyə çalışacaq. Ancaq hava hücumuna qarşı müdafiə sistemləri zəif olan Türkiyə buna getməyəcək. Belə olan halda isə Türkiyə məcburən Qərbi seçəcək, halbuki, bu konfliktdə Rusiyanın yanında olmaq kürd probleminin həlli baxımından Ankaraya daha sərfəlidir. Türkiyə NATO kartını seçəcək və böyük ehtimalla, ”Patriot" raketlərinin quraşdırılmasını istəyəcək. Bu variant isə Türkiyə üçün daha təminatlı ola bilər. Rusiya kürdlərin müstəqilliyini və Suriyanın bölünməsini onsuz da dəstəkləməyəcək. Çünki nə Əsəd, nə də İran bunu istəyir. Üstəlik, bu, Qərb və İsrailin maraqlarına uyğun olduğu halda, Rusiyanın marağına uyğun gəlmir". Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəziinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyir ki, Ədalət və İnkişaf Partiyası "Ərəb Baharı"nın Suriyaya sıçramasına qədər rəsmi Dəməşqlə uğurlu münasibətlər qurub. Onun fikrincə, ancaq "Ərəb Baharı" Suriyanı öz təsiri altına aldıqdan sonra Türkiyənin Suriya siyasətində imkanlar ilə reallıqlar arasında ciddi  fərqlər yarandı: “Ankaranın  Əsad rejiminin yıxılması məqsədini daşıyan  yeni siyasətinə  Rusiya, İran və Çinin ciddi müqavimət göstərməsinə rəğmən, Qərb, xüsusilə də, ABŞ Türkiyəyə lazım olan dəstəyi vermədi. Rəsmi Vasinqtonun bu mövqeyində isə, Əsəddən sonra Suriyada Qərbə və İsrailə çox mənfi yanaşan dinc radikalların hakimiyyətə gələcəyi qorxusu  əsas rol oynadı. Hazırda Türkiyənin Suriya siyasətində həm Əsad rejimi, həm İŞİD, həm də PKK-nın Suriya qolu PYD mübarizə aparılması zəruri olan əsas təhlükələr kimi qiymətləndirilir. Ancaq həm Qərb, həm də Rusiya əsas təhlükə kimi İŞİD-i görürlər. Bu nöqtədə Qərb və Rusiya müttəfiq kimi PYD-ni nəzərə aldığl halda, Əsad rejimi barəsində mövqeləri haçalanır. Ancaq İŞİD-lə mübarizə fonunda bu haçalanma hələlik bir az geri planda qalıb. Mövcud şərtlərdə Türkiyənin Suriya siyasəti ciddi problemlər yaşayır. Müxtəlif yumşamalarının əlaməti görünsə də, AKP hakimiyyətinin Suriya siyasətində hələlik ciddi bir dəyişiklik yoxdur. Ancaq 1 noyabr seckilərindən və yeni bir hökumətin qurulmasından sonra bolgədəki proseslərin təsiri ilə bəzi dəyişikliklər ola bilər”. Ekspert əlavə edir ki, Rusiyanın Suriya siyasəti Rusiya-Türkiyə münasibətlərini, xüsusilə də, hərbi müdaxilədən sonra daha da gərginləşdirdi: “Rusiya təyyarələrinin Türkiyə sərhədini pozması, rəsmi  Moskva ilə Ankara arasındaki münasibətlərin pozulmasında maraqlı olan Suriya, İran və Qərb üçün də münasib şərtlər yaradır. İki ölkə arasındakı gərginləşmə başda enerji layihələri və "Aqquyu" AES-in inşası olmaqla müxtəlif əməkdaşlıq layihələrinə mənfi təsir göstərə bilər. Bu məsələyə prezident Ərdoğan verdiyi açıqlamalarda dolayı işarə vurub.  "Qazprom" isə "Türk Axını" lahiyəsinin illik nəqlinin yarıya yarı azaltdığını və müzakirələri 1 il təxirə saldığını açıqlayıb.  İki ölkə arasında münasibətlərdə rəqabət tendensiyası qabarıb və bu proses Cənubi Qafqazda da özünü göstərəcək. Bu çərçivədə Rusiya ilə Türkiyə arasındaki gərginliyin yüksəlməsi Azərbaycanın regionda tarazlıq siyasətini aparmasını çətinləşdirəcək. Elə Türkiyə Silahlı Qüvvələrinin qərargah rəisinin Azərbaycanda səfərdə olduğu bir vaxtda Rusiyanın Xəzər donanmasından Suriyadaki İŞİD-i raketlə vurması həm bölgə ölkələrinə, həm rəsmi Ankaraya, həm də Qərbə mesaj xarakteri daşıyır”.   Cavad





Həftənin ən çox oxunanları