Yuxarı

İŞİD-kürd qarşıdurması Türkiyə ərazisinə keçir

İŞİD-kürd qarşıdurması Türkiyə ərazisinə keçir

[caption id="attachment_385" align="alignleft" width="260"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Türkiyədə “ərəb baharı" mümkün olmadı”[/caption]

Qardaş Türkiyədə törədilən qanlı terror aktı bütün dünya mediasının gündəmindədir. Terrorun miqyası və onu kimin törətdiyi ilə yanaşı, ağla gələn ilk sual məqsədin nə olduğudur. Türkiyə kəşfiyyatının ilkin açıqlamalarına görə, Ankarada baş vermiş partlayışı Suriya kəşfiyyatı (Muxabərat) planlaşdırıb.  Açıqlamalarda həmçinin Suriya kəşfiyyatının hazırladığı partlayışda canlı qüvvə olaraq PKK terror təşkilatının üzvlərinin istifadə olunduğu bildirilir.

Ankarada baş vermiş qanlı terror hadisəsi ilə bağlı araşdırma aparmaq məqsədilə Ankara baş polis idarəsinin tərkibində xüsusi əməliyyat qrupu yaradılıb. Əməliyyat qrupu hər iki partlayışın baş verdiyi nöqtədən toplanan dəlillər üzərində araşdırma apararaq araşdırmanın nəticələrini müzakirə edib. Terror təşkilatlarının və xarici ölkələrin kəşfiyyat orqanlarının son bir ayda nəzərə çarpan aktivliyi xüsusi araşdırılıb.

Əldə olunan ilkin nəticə isə terror aktının arxasında Əsəd rejiminin kəşfiyyat orqanı olan Muxabəratın olduğudur. Aparılan araşdırma zamanı həmçinin son dövrlərdə xüsusilə PKK-nın Suriya qolu olan PYD ilə yaxınlaşan Muxabəratın hücum üçün PKK-nın fədailərindən istifadə etdiyi məlum olub.

Xatırladaq ki, bu, Suriya kəşfiyyatının Türkiyədə törətdiyi ilk terror aktı deyil. Muxabərat bundan əvvəl də Hatay vilayətinin Reyhanlı rayonunda da buna bənzər terror aktı təşkil etmişdi.

“Sputnik” agentliyi isə xəbər verir ki, Ankaradakı terror aktı İŞİD terror təşkilatı tərəfindən həyata keçirilib. İŞİD lideri Bağdadinin də dəstəklədiyi terror aktı barədə qərar təşkilatın Türkiyə “şura”sı tərəfindən qəbul edilib. Agentliyin iddiasına görə, İŞİD Türkiyənin İncirlik bazasının ABŞ üçün açılmasına cavab olaraq Ankarada terror aktı törədib. Bildirilir ki, İŞİD-in ilk hücum üçün Ankaranı hədəf seçməsinin səbəbi başda Xalqların Demokratik Partiyası (HDP) olmaqla Türkiyədəki sol partiyalardan intiqam almaq, həmçinin paytaxtda terror aktı həyata keçirmək gücündə olduğunu Türkiyə hökumətinə göstərməkdir.  Agentliyin iddiasına görə, İŞİD Suriyadan Türkiyəyə 100 nəfəri göndərib. Türkiyəyə keçən bu qrupun böyük əksəriyyətinin Türkiyə vətəndaşı olduğu və təcrübəli İŞİD üzvlərinin olduğu bildirilir.

Türkiyədə terror aktının arxasında başqa hansı güclər ola bilər? Məqsəd nədir? Terror aktı seçkilərə necə təsir edəcək?

Hollandiya Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, araşdırmaçı Vüqar Abbasov “Cumhuriyət”ə bildirib ki, bu terror hadisəsi təbii ki, Türkiyəni sevməyən və qardaş ölkə ilə bağlı xüsusi planları olan qüvvələrin işidir: “Gəlin bir qədər də əvvələ gedək. Türkiyənin hazırkı iqtidarı “Barış sürəci” adı altında PKK terror təşkilatı ilə bir növ saziş imzalamışdı ki, mən əvvəldən bunun yanlış qərar olduğu düşüncəsindəyəm. Terrorçu bir təşkilat ilə heç bir danışıq olmalı deyildi. Həm də bu danışıqlar o vaxt baş verdi ki, Suriyadakı vəziyyətin gərgin olması səbəbindən PKK silah əldə etməyə çətinlik çəkirdi”. Onun fikrincə, dünyanın əksər ölkələrinin terorçu təşkilat kimi tanıdığı PKK vaxt qazanmış oldu: “Bu və digər bu kimi yanlışların nəticəsi idi ki, ötən seçkilərdə AKP yetərincə səs toplaya bilmədi və bunun əksinə olaraq PKK - nı açıq-aşkar dəstəkləyən HDP gözlənildiyindən daha artıq səs topladı. Əslində nəticə o qədər də gözlənilməz deyil. Ona görə ki, AKP - ni məğlubiyətə aparan “Barış sürəci” qərarı HDP - nin uğuru hesab oluna bilərdi ki, bu da seçkilərdə öz nəticəsini göstərdi. İndi isə qarşıda yeni seçkilər gəlir. Bu partlayışın olmasının AKP üçün heç bir siyasi dividenti ola bilməz. MHP və CHP isə qeyd -şərtsiz olaraq bu hadisədən kənardadırlar. Baş vermiş terrordan HDP uduşlu çıxa bilər. Belə ki, bu olay HDP seçicilərində qəzəb və kini artıra və HDP ətrafında daha sıx birləşməyə sövq edə bilər. Mən, bununla baş vermiş terrorun HDP tərəfindən təşkil edildiyini demək istəmirəm”. O əlavə edib ki, ancaq bu terrorun PKK tərəfindən gerçəkləşmədiyini də iddia etmək olmaz: “Türkiyədə qarışıqlığın olması həm də Türkiyəni Suriya müharibəsinə cəlb etmək istəyən qüvvələrin də marağındadır. Rusiya hər cəhdlə Bəşər Əsəd rejimini müdafiə edir. Unutmayaq ki, PKK lideri Abdulla Öcalan da vaxtilə Keniyaya qaçmazdan öncə bir müddət həm də Suriya və Rusiya ərazilərində gizlənmişdi. Yəni bu dövlətlər heç bir vaxt Türkiyəyə dost olmayıblar. Təbii ki, İŞİD və onu dəstəkləyən qüvvələri də unutmaq olmaz. Bir sözlə, seçkiqabağı Türkiyədə aranın qarışmasını istəyən yetərincə qüvvələr var ki, məqsəd özlərinə yaxın partiyanın seçkilərdən daha uğurlu çıxmasına nail olmaqdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, həmin mitinq də solçuların, kürd silahlı hərəkatına rəğbət bəsləyənlərin mitinqi idi. Ankaradakı partlayışı da İŞİD-in təşkil etdiyindən şübhələnmək üçün əsaslar var: “Bu partlayış da solçuların və PKK-ya rəğbət bəsləyən qismlərin mitinqi idi. Biz də bilirik ki, İŞİD Suriyada silahlı kürdlərlə də mübarizə aparır. İŞİD bütün istiqamətlərdə savaşır. İŞİD-lə savaşda silahlı kürdlər müəyyən qədər uğurlar qazanıblar. Rusiya prezidentinin də belə bir bəyanatı oldu ki, Suriyada İŞİD-ə qarşı iki güc savaşır, bunlar Bəşər Əsədin ordusu və silahlı kürdlərdir. Putinin bu sözündə müəyyən qədər həqiqət var. Suriyadakı İŞİD-kürd qarşıdurması tədricən Türkiyəyə inikas olur. Kürdlərin mitinqlərində həyata keçirilən partlayışlar bunun təzahürüdür. Belə bir ehtimallar da səslənir ki, bəlkə də Ankaradakı terror aktını radikal kürdlər özləri törədiblər ki, seçkiöncəsi reytinqlərini artırsınlar. Bu partlayışdan sonra PKK-nın siyasi qanadı olan HDP-nin reytinqinin qalxması mümkündür. Çünki HDP məzlum obrazında özünü göstərir.  Amma mən hesab etmirəm ki, bu terroru kürdlər özləri təşkil edib. Bütün təhlillər bu terroru İŞİD-in təşkil etdiyinə aparıb çıxarır".

Ekspertin sözlərinə görə, mümkündür ki, bu partlayışın arxasında hansısa xarici qüvvələrin də siyasi marağı olsun: “Ola bilsin ki, hansısa mərkəzlər, dövlətlər ərəb ölkələrində, xüsusən də Suriyada gedən prosesin Türkiyədə də olmasını istəyirlər. Türkiyədə ”ərəb baharı" mümkün olmadı. Bu səbəbdən terror hadisələri ilə ölkənin daxilində qarışıqlıq yaratmaq istəyində olan qüvvələr ola bilər. Canlı bomba ilə terror həyata keçirmək üsulundan adətən İŞİD istifadə edir. PKK bu üsuldan yox, yollara mina döşəmək kimi üsuldan istifadə edir. Bu nüans da Ankaradakı terroru İŞİD-in təşkil elədiyini söyləməyə əsas yaradır".

E.Şahinoğlu onu da vurğuladı ki, Türkiyəni Suriyaya çevirmək mümkün olmayacaq: “Çünki Türkiyə oturuşmuş dövlətdir. Suriyada uzun on illiklərdə demokratiya olmayıb, avtoritar diktatura rejimi olub, sülalə rejimi daim müxalif səsləri məhv edib. Uzun on illiklər keçdi və hardasa qırılma nöqtəsi baş verməli idi və belə də oldu. Türkiyə isə oturuşmuş, demokratiyanın olduğu, fərqli fikirlərə yer verilən ölkədir.  Türkiyənin güclü ordusu var, NATO-nun üzvüdür. Suriyadakından fərqli olaraq Türkiyədə güclü siyasi partiyalar var ki, onlar son anda dövlətə olan təhlükə qarşısında ortaq məxrəcə gələ biləcəklər”.

Cavad





Həftənin ən çox oxunanları