Yuxarı

Demirtaş və Kərimlini birləşdirən dəyərlər

Demirtaş və Kərimlini birləşdirən dəyərlər

rufet ehmetzade

Son zamanlar Türkiyə siyasətində Selahattin Demirtaş adı daha çox hallanır və bu ad yeni siyasi lider kimi cəmiyyətə sırınır. Maraqlıdır ki, Azərbaycanda da Demirtaşa simpatiya bəsləyən insanlar az deyil.

Sosial şəbəkədə bəzi müxalif dostlarımızın Demirtaşdan sitatlar paylaşdığını görürük. Onların təbirincə, “Türkiyənin yeni siyasi siması olan Demirtaş bu ölkədə zülmü bitirəcək və AKP iqtidarına son verəcək”.

Hər şeydən əvvəl düşünmək lazımdır - Türkiyədə zülm varmı?!

Varsa da, bircə zülm terrorun insanlara və dövlətə vurduğu ziyan, rahat yaşayışa göstərdiyi təhdidlərdir.

Kürd və türklərin birgə yaşamasına, ölkəni çiçəkləndirməsinə mane olan, “rədd olsun imperializm, rədd olsun kapitalizm” şüarları ilə xarici dövlətlərin, imperialist güclərin oyuncağına çevrilən bu qruplar nə Türkiyənin bütövlüyünü,nə də regionların inkişafını istəmirlər.

Əgər istəsəydilər, bu əraziləri anklav və girilməz yer şəraitinə gətirmək, blokadaya salmaq üçün əllərindən gələni etməzdilər.

Bu, terrorun mahiyyətidir. Yaxşı, bəs “Xalqların Demokratik Partiyası” (HDP) adlı qurumun və onun həmsədri Demirtaşın mahiyyəti nədir?

Bu adam Türkiyə siyasətinin gəlmiş-keçmiş ən tərbiyəsiz adamlarındandır... Əlbəttə ki, mənə görə. İcazənizlə, geniş açıqlayım.

Gəncliyini Kandildə, PKK terrorçularının sıralarında keçirən, partiya tədbirlərində PKK-çı geyimlərilə səhnəyə çıxan, polisə mina tələsi quran PKK-çını seçicisi elan edən, bir az da Avropaya xoş görünmək üçün “homofobiyaya yox” qışqırıqları atan Selahattin Demirtaş necə olur ki, birdən Azərbaycan demokratlarının favoritinə çevrilir?

Azərbaycanın milli-mənəvi dəyərlərini xoşlamırsınız?

Ümumiyyətlə, millətçiliyi dəstəkləmirsiniz?

Tamamilə demokratikləşmənin tərəfdarısınız?

Bəs o zaman etnik separatçıları necə dəstəkləyə, sevə, alqışlaya bilirsiniz - bunu anlamaq çətindir.

Daim Türkiyə dövlətini zalım, müstəmləkəçi kimi göstərməyə çalışan PKK-nın “siyasətçi” "kukla"ları Türkiyə siyasətini təmsil edə bilməz, bu ölkənin himnini və bayrağını qəbul etməyən adam heç vaxt Atatürkün mirasına layiq görülməz... Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sərhədləri açıb onlardan “soyqırım”a görə üzr istəniləcəyini bəyan edən “lider”dən bizə dost olmaz.

 Amma təəssüf ki, bəzi solçu gənclər və ya sırf AKP-ni sevmədiyinə görə Demirtaş tərəfdarı olan gənclər var. Azərbaycanda da, Türkiyədə də belə gəncləri görmək olar.

Bir müddət əvvəl (Türkiyədə prezident seçkiləri vaxtı) bəzi cəbhəçi dostlar  dalbadal Demirtaşı təbliğ edir və öz profillərində Əli Kərimli ilə Demirtaşın şəklini yan-yana qoyub paylaşırdılar.

Lakin son zamanlar ortaya sükut çöküb. Görünür ki, bu dostlara ciddi xəbərdarlıq olunub: “Bizi biabır etməyin, işlər fırıqdır!”...

Hər halda, kim kimlə ortaq nöqtə tapırsa, rahatlıqla özünü onunla müqayisə edə, şəkillərini yan-yana qoyub paylaşa bilər.

Utanmaq lazım deyil. Demokratiya deyilən bir şey var. Hər kəs öz mahiyyətini olduğu tək göstərmək hüququna malikdir.

Yazımın başlığına gəldikdə isə qəti qərəzim yoxdur. Amma səmimi şəkildə bəyan edirəm: Mənim öz ölkəsinin gələcəyi üçün çalışan bütün siyasətçilərə hörmətim var. Amma bu siyasətçilər də özlərinə hörmət etsinlər və ətraflarındakı gəncləri də düzgün yönəltsinlər.

Biri İŞİD-i dəstəkləyir, biri Taliban təəssübkeşi olur, o biri də PKK fanatı...

Geopolitik remiks buna deyirlərmi, bəy?!

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları