Yuxarı

Sünni-şiə savaşı yeni müstəvidə

Sünni-şiə savaşı yeni müstəvidə

putin1 raket 15 milyon sünni təşviş içində Bu günlərdə “İslam dövləti” (İŞİD) qruplaşması bütün dünyanın müsəlmanlarını Rusiya və ABŞ-a qarşı cihada çağırdı. “Xəlifə” bu dövlətləri “səlib yürüşündə” ittiham edərək, onlardan qisas alacağını bildirib. İŞİD dünyanın müxtəlif ruhani dairələri tərəfindən nə qədər lənətlənsə də, bu qruplaşmanın tərəfdarları, özünü bu təkfirçi “sələfi” cərəyanına şamil edənlər az deyil. Düzdür, sələfilər arasında da fikir ayrılıqları və cərəyan fərqləri var, lakin ABŞ və Rusiya müdaxilələri məsələsində yollar kəsişir.   Rusiyanın Suriyaya müdaxiləsi ABŞ-ın müdaxiləsindən də fərqli və daha çox qəzəb doğuran oldu. ABŞ-ın İraqa müdaxiləsi zamanı rejim dəyişmiş, müxtəlif qruplar üçün müəyyən şərtlər çərçivəsində “əməkdaşlıq” imkanları açılmışdı. Suriyada isə sünni qruplar ABŞ və onun müttəfiqi ərəb monarxiyaları tərəfindən dəstəklənir. İŞİD-ə birbaşa açıq dəstək olmasa da, ABŞ-ın Suriyanın ələvi rejimi ilə dialoqa getməməsi Rusiyaya nisbətən daha “insaflı” görünür. Hazırda İŞİD üçün daha təhlükəli oyunçu Rusiyadır. Təbii olaraq, Rusiyada İŞİD-lə həmfikir olan dairələr və ya sünni qrupların da “Suriya kampaniyası”na münasibəti birmənalı deyil. Rusiyada “Suriya kampaniyası”a münasibət üzrə belə qrup bölgüsü aparmaq olar: - Kremli dəstəkləyənlər: Bunlar əsasən Tatarıstan və digər müsəlman türkdilli xalqların, eləcə də mülayim mövqeli Şimali Qafqaz xalqlarının nüfuzlu nümayəndələrini bura şamil etmək olar. Çeçenistanda radikal qrupların zərərsizləşdirilməsindən sonra, Kadırov və loyal mövqeli digər çeçen başçıları esktremist islamçı qruplara qarşı daha barışmaz olub və Kremlin siyasətini “sabitliyin qarantı” kimi qiymətləndirirlər. Suriya məsələsində də, bu qruplar müsbət münasibət sərgilədilər. - Əsədə dəstəyi qınayan, lakin İŞİD-ə qarşı mübarizəni dəstəkləyənlər - Rusiyada bəzi sünni qruplar İran və onun dəstəklədiyi Əsəd rejimini sünni suriyalılara qarşı ayrı-seçkilikdə ittiham edir, Rusiyanın da ələviləri dəstəkləməsini asanlıqla həzm edə bilmirlər. Lakin onlar İŞİD-ə qarşı mübarizədə Rusiyanın mühüm rol oynayacağı fikrindədirlər. - İŞİD və digər radikal qrupları dəstəkləyənlər - onlar Suriyada “cihad”ın düzgün yolda olduğuna və həmin qrupların həqiqətən İslama xidmət etdiyinə inanırlar. Qərb mətbuatında Rusiyanın İŞİD-ə yox, mülayim sünni müxalifətinə zərbələr endirməsi barədə məlumatlar Rusiyada da narahatlıqla qarşılanır. Moskvanın bu məlumatları inadla təkzib etməsinə baxmayaraq, Rusiyadakı sosial problemlər və sistemin korrupsion xarakteri bəzi insanlarda inanmsızlıq yaradır ki, onlar Putinin “Suriyada nə istədiyi” mövzusunda heç də loyal düşünmürlər. Lakin radikallıq da o qədər hiss olunmur, çünki radikal İslam Rusiya vətəndaşlarında ümumi bir xof yaradır. 1990-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində tez-tez terror aktları ilə üzləşən Rusiya cəmiyyəti dünyanın istənilən yerində ekstremist qrupların güclənməsini özü üçün təhdid kimi qəbul edir. Bu yanaşma dünyanın “superdövlət”i ABŞ-dakı ictimai rəylə təxminən üst-üstə düşür. Lakin ABŞ-dan fərqli olaraq, Rusiya cəmiyyətində dinçi-ekstremist qrupların “imperializm layihəsi” olduğuna inanan, bu təbliğatların arxasında Qərb institutlarının olmasına inananlar yetərincə çoxluq təşkil edir. Məhz buna görə də, müxtəlif sorğulardan da belə qənaətə gəlmək olar ki, qeyi-müsəlman Rusiya vətəndaşları da daxil olmaqla, cəmiyyətin böyük bir hissəsi Yaxın Şərqdəki “qarşıdurma”da Rusiyanın Qəbin “oyununu pozduğuna” inam yaranıb. Rusiyada 80 müfti, minlərlə məscid var. Putin bu müftiliklərin çoxu üzərində müəyyən nəzarət sistemi formalaşdırsa da, fikir ayrılıqları icmaların tələbinə və şəraitə uyğun olaraq, vaxtaşırı özünü göstərir. 3000-dən çox məscid Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Berdiyevin nəzarətindədir. Təxminən, 2500 məscid Dağıstan ərazisində yerləşir və Dağıstan müftisi Əhməd Abdullayevə tabedir. Tatarıstan müftisi Kamil Samiqullin 1500-dən çox məscidə nəzarət edir. Nüfuz dairəsinə görə, sonrakı yerlərdə isə Rusiyanın ali müftisi Talqat Tacuddin (1200 məscid) və Rusiya Müftiər Şurasının sədri Ravil Qaynutdin (700 məscid) qəarlaşıb. Bu müftilərin hamısı bu və ya digər dərəcədə Rusiya qoşunlarının Suriyaya göndərilməsinə dəstək nümayiş etdirdilər. Onların əksəriyyəti sünnilərdir, odur ki, Dəməşq rejimi ilə bağlı olaraq Rusiyanın sünni din xadimləri nisbətən “təmkinli” mövqe tuturlar. Rafil Qaynutddin məzhəb söhbətlərindən və tələsik mühakimələrdən qaçaraq, bunu İslamdaxili qarşılaşdırmaya çevirməməyə çağırıb. Putinin təntənəli surətdə Moskvada Mərkəz Məscidinin açılışından sonra Suriyaya müdaxilə etməsi yerli müsəlmanlar arasında çaşqınlığa səbəb olub. Və bu, sosial şəbəkələrdə, dini forumlarda da özünü göstərir. Sıravi inanclı insanlar din xadimlərindən ölkə rəhbərliyi ilə görüşməyi və Suriyadakı vəziyyətlə bağlı müzakirələrdə yaxından iştirak etməyi tələb edirlər. Lakin bu tələbin irəli sürülməsi,  üstəlik dinlənilməsi hələlik inandırıcı görünmür. “Suriya kampaniyası”nın anti-sünni xarakter alması ehtimalı nəinki Rusiya müsəlmanları arasında, Kremldə də narahatlığa səbəb olub. Son günlər rəsmi KİV-də və qeyri-rəsmi olaraq Putin hakimiyyətini dəstəkləyən saytlarda müxtəlif loyal din xadimləri ilə müsahibələr dərc olunur, “müsəlmanlara çağırış” ruhunda açıqlamalar verilir. Qaraçay-Çərkəz Respublikasının ali ruhanisi, Şimali Qafqaz müsəlmanlarının lideri sayılan İsmayık Berdiyev də TASS-a verdiyi son açıqlamada vurğulayıb ki, Rusiyanın siyasi kursu və strategiyası ilə məzhəb məsələlərini qarışdırmaq doğru deyil. O, sünni-şiə münaqişəsinin Rusiyanın əməliyyatlarında da aid edilməsini “düşmənlərin planı” adlandırıb. Lakin məsələ ondadır ki, Rusiya bilərəkdən və ya bilməyərəkdən dini qruplar şəklində təzahür edən bir müharibəyə soxulub. Bu müharibədə Suriyanın sünni və şiə qrupları arasında mövqe tutmağa ehtiyac yaranır. İlk baxışdan lokal görünən bu münaqişə ABŞ və Rusiya kimi oyunçuların iştirakı ilə beynəlxalq xarakter alır. Münaqişənin formatı dəyişdikdə isə, sünni-şiə münaqişəsinin də formatı dəyişmiş olur. Fakt da odur ki, İraqda və İranda “Putin şiələrin dostudur” fikri yayılmağa başlayıb. Bu fikirlər günbəgün tirajlandıqca, Rusiyanın 15 milyondan çox sünni icmasındakı narahatlıqlar da o qədər artır. Rüfət





Həftənin ən çox oxunanları