Yuxarı

Növbəti seçim: şəriksiz  iqtidar, yoxsa koalisiya?

Növbəti seçim: şəriksiz  iqtidar, yoxsa koalisiya?

partilerTürkiyədə keçiriləcək 1 noyabr parlament seçkiləri ilə bağlı Yaponiyadakı Türkiyə vətəndaşları üçün keçirilən səsvermədə türk və kürdlər arasında qarşıdurma baş verib, 2 polis əməkdaşı olmaqla 12 nəfər xəsarət alıb. Qarşıdurmanın səbəbləri məlum olmasa da, bildirilir ki, Türkiyənin Tokiodakı səfirliyi qarşısında türklər və kürdlər arasında mübahisə düşüb və sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib.

Bu ölkədə 3600 Türkiyə vətəndaşı yaşayır. On minlərlə, yüz minlərlə Türkiyə vətəndaşının yaşadığı digər ölkələrdə də vəziyyət ürəkaçan deyil. Xüsusilə də, Almaniyada kürd və türklər arasında gərginlik artmaqdadır.

Gərginlik olsa da, seçkiyə maraq artır

Türkiyənin 54 ölkədə 113 səfirlik və konsulluğunda səsvermələr artıq başa çatıb. Ölkədən kənarda olan seçici sayı 2 milyon 899 min nəfər olduğu halda, onlardan 1 milyon  264 min nəfərə (43,7 faiz) çatıb. Gömrüklərdə səsvermə işləri noyabrın 1-də sona çatacaq, lakim bu ana qədər keçirilmiş seçkilərə görə, xaricdə səs hüququndan istifadə edən Türkiyə vətəndaşlarının sayında 233 min nəfər artım müşahidə olunub.

2014-cü il Avropa Parlamenti seçkilərində məktubla səsvermə mexanizmi də olduğu halda, bütün Avropadan iştirak 43 faiz olmuşdu. Almaniyadakı seçicilərin sayında böyük artım (19 faiz) müşahidə olunur.  Almaniyada bu seçkilərdə iştirak səviyyəsi 7 iyun seçkilərindən 100 min seçici sayıyla artıb. Niderlandda Türkiyənin parlament seçkilərinə qatılanların sayında artım 37 min, Fransada 30 min, Belçikada 9 min, Britaniyada isə 7 min  seçici oldu. Parisdə 7 iyun seçkilərində 44 min nəfər səs verdyi halda, 1 noyabr seçkilərinə 54 min nəfər qatıldı. Səsvermə nəticələri hələ açıqlanmasa da, xaricdəki Türkiyə vətəndaşları arasında keçirilən sorğularda üstünlük AKP-dədir.

Ölkə daxilindəki vəziyyət

Türkiyənin şərqindəki gərginlik, anti-terror mübarizəsi müəyyən qədər terror qruplarının istədiyi şəkildə “inkişaf edir”. Yəni, özünün “milli azadlıq hərəkatı” apardığını iddia edən PKK terrorçuları HDP və digər “kamuflyaj” təşkilatlar vasitəsi ilə müəyyən qədər sosial baza yarada biliblər. Sosial bazasının gücləndiyini görən “siyasi qanad” təmsilçiləri isə davamlı olaraq küçə aksiyaları keçirməyə və hökumətə təzyiqlər göstərməyə çalışır, bununla da güc nümayiş etdirirlər.

Bu gərginliyin seçkilərdən sonra da davam edəcəyi şübhə doğurmur. Lakin yaşanılan bu gərginlikfonunda Türkiyə hökuməti, AKP iqtidarının da dayaqlarının da möhkəmləndiyi müşahidə olunur.Terrorla mübarizə aparıldığı zamanda AKP-nin koalisyon hökumət çağırışlarına MHP və CHP kimi əsas müxalifət partiyalarının barışmaz mövqe tutması, HDP-nin isə daha da “uzağa” gedərək PKK-ya açıq-aşkar dəstək verən bəyanatlarla gündəmə gəlməsi sadə vətəndaşlar arasında Ərdoğan və Davudoğlunun reytinqinin yüksəlməsinə səbəb oldu. Bu da, vətənpərvərlik və dövlətçilik baxımından Türkiyə cəmiyyətinin iradəsini göstərdi. Bir çox analitik və ekspertlər də bu fikirdədir ki, 7 iyun seçkilərindən sonra iqtidarla dialoqa və koalisiyaya getməyən müxalifət partiyaları 1 noyabr seçkilərində daha zəif nəticə göstərəcəklər.

Ölkə daxilində son sorğularda liderlik AKP-dədir. Seçkilərə 5 gün qalmış müxtəlif sorğu mərkəzlərinin təşkil etdiyi rəy sorğularında AKP 43-46 faiz səslə birinci yerdə, CHP 25-28 faiz səslə ikinci, MHP 18-21 faiz səslə üçüncü, HDP isə 13-16 faiz səslə dördüncü sıradadır. HDP-nin Türkiyənin cənub-şərq vilayətlərində daha çox səs almaq ehtimalı yüksək olsa da, bu ərazilərdə ölkənin sabitliyini və sülh içində yaşamağı tələb edən elektorat da zəif deyil və xüsusilə də dinə bağlı əhalinin çoxluq təşkil etdiyi Şərqi Anadoluda favorit olaraq AKP qalmaqdadır.

İstər siyasi dairələrdə, istərsə də cəmiyyətdə belə düşüncə var ki, “tək partiya” parlamenti formalaşmasa, terror və iğtişaşlara ara vermək, sabitliyə nail olmaq çətinləşəcək. Bu üzdən də seçicilər arasında “ən şanslıya səs” vermək düşüncəsi, böyük ehtimalla AKP-nin “əl”ini gücləndirəcək.

Təkpartiyalı iqtidar olmaq uğrunda

Ötən seçkilər göstərdi ki, hökumətin taleyini üstünlük yox, təkpartiyalı iqtidar yaratmaq üçün yetərincə səs faizləri təyin edir. Bunun üçün də, AKP hökuməti 7 iyun seçkilərindən zəif çıxdığı yerlərdən namizədləri dəyişdi və MHP ilə CHP-dən bir sıra önəmli transferlər etdi. Digər tərəfdən, dindar milliyyətçilərin PKK və HDP-yə hiddəti onları koalisyon hökumətə ruhlandırmışdı. MHP bu variantdan imtina etdikdə isə, MHP-çilər arasında sədr Dövltə Bağçalıya qarşı dərin bir məyusluq yarandı. Hazırda Dövlət Bağçalı seçkilərə MHP daxilindəki müxalif əhval-ruhiyyənin müşayiəti ilə gedir.

CHP-də də durum xoşagələn deyil. Kemal Kılıçdaroğlunun 7 iyun seçkilərində qələbə qazanmış bəzi millət vəkillərindən imtina etməsi, digər tərəfdən də Anadolunun Qərbində, xüsusilə İzmirdə möhkəmlənməyə çalışması digər vilayətlərdəki CHP-çilərin çaşqınlığına səbəb olub. Lakin buna baxmayaraq, CHP əsasən solyönümlü elektoratın nüfuzunu qazanmağa və şəhərlərdə, universitet şəhərciklərində təbliğat aparmaqla səslərini artırmağa çalışır.

HDP-nin 10 faizlik həddi keçə biləcəyi proqnozlaşdırılsa da, elə ciddi artım gözlənilmir. 7 iyun seçkilərindən sonra PKK-nın fəallaşması, HDP-çi deputatların provokasyon bəyanatları kürd olmayan solyönümlü elektoratın böyük bir qismini uzaqlaşdırdı.

Əgər yenidən koalisiyaya ehtiyac yaranarsa

7 iyun seçkilərindən sonrakı koalisiya danışıqları və danışıqlardan sonrakı rəy sorğuları da göstərdi ki, ölkənin bütövlüyü təhdid altında olarkən, Türkiyə seçicisi radikallığı, barışmazlığı dəstəkləmir. AKP öz hakimiyyətini gücləndirmək, prezident respublikasına keçidin əsasını qoymaq üçün təkpartiyalı iqtidar qurmağı hədəf qoyub. Lakin proseslər koalisiyaya ehtiyac yaradarsa, AKP və MHP arasında dialoq daha real görünür. Həmçinin CHP daxilindəki Dəniz Baykal tərəfdarlarının, Kemal Kılıçdaroğlundan narazı olan qüvvələrin 1 noyabr seçkilərindən sonra daha çox fəallaşacağı gözlənilir. Beləliklə, Kılıçdaroğlu da, Bağçalı da ya Davudoğlu ilə dialoqa gedəcək, ya da müxalifətdə qalaraq həm iqtidarla, həm də partiyadaxili müxalifətlə mübarizə aparmağa məcbur qalacaqlar. Seçkilərdən sonra PKK-nın fəallaşması isə artıq ciddi məna daşımayacaq. Təcrübə göstərdi ki, PKK-nın siyasi qanadı HDP-nin imkanları dövlətə və cəmiyyətə təsir etmək üçün hələ çox məhduddur.

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları