Yuxarı

Putin Əsədi neçəyə satdı?

Putin Əsədi  neçəyə satdı?

İran Rusiyanı ittiham etdi

Rusiyanın Suriyadan geri çəkilməsi İranın narazılığına səbəb olub. İranlı diplomat Əli Xürrəm Rusiyanın Suriyada İranı aldatdığını deyib. Xürrəm qeyd edir ki, Rusiya İranla birlikdə Bəşər Əsədi və İraqı  bir müddət dəstəklədi: “Sonra güclərini geri çəkib atəşkəs edən Rusiya bölgədə güclənən İranın rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə  Rusiyanın bu işindən məmnun oldular. Rusiya bu addımı ilə İranın strategiyasına zərbə vurdu. Rusiya və yanındakı Çin hər fürsətdə ABŞ-la əlaqə qurmağa çalışır”.

Geri çəkilmənin pərdəarxası

İranlı diplomatın Rusiyanın ABŞ-la əlaqə qurmaq iddiasında həqiqət var. Analitiklər də Rusiyanın Suriyadan geri çəkilməsinin arxasında ABŞ-la əldə edilmiş gizli razılaşmanın olmasından danışırlar. Xüsusilə Əsəd ordusunun Rusiyanın köməyi olmadan tarixi Palmira şəhərini İŞİD-in işğalından azad etməsi rusların buradan çıxmasının səbəbləri barədə suallar yaradır. Məlumdur ki, Rusiya Suriyaya ordu göndərməzdən əvvəl Əsəd müharibəni uduzmaq üzrə idi. Bunu nəzərə alan Rusiya vəziyyəti rejimin lehinə dəyişdirmək üçün Suriyaya girdi və istəyinə nail oldu. Əsədi müxaliflərə və İŞİD-ə qarşı gücləndirdi. Rusiyanın bunu növbəti Cenevrə danışıqlarından əvvəl etməsi ABŞ-a bir mesaj da ola bilər. Həmçinin, Rusiya - ABŞ əlaqələrinin istiləşmə dönəminə girdiyi vaxt bu addımın atılması tərəflər arasında gizli razılaşma ehtimalını da yaradır. Məlumdur ki, Rusiya Ukraynadakı işğallara görə, Qərbin sanksiyaları ilə üzləşib. Nəticədə Moskva Vaşinqtona həmin sanksiyaları yüngülləşdirmək üçün Suriyadan çıxmaq vədini verib. Başqa bir ehtimal isə odur ki, Rusiya Suriyadakı hədəflərinə nail olub. Məsələn, Tarsus və Xamaneyn bazalarında təhlükəsizliyi tam təmin etdiyi üçün geri çəkilib. Digər yandan Vladimir Putin yeni silahların sınaqdan keçirilməsi üçün Suriyanın əhəmiyyətli poliqon olduğunu demişdi. Bu o ehtimal da ola bilər ki, Rusiya 50-dən çox yeni döyüş təyyarəsi və hərbi helikopterlərini uğurla sınaqdan keçirdi və geri çəkildi.

Siyasi manevr

Analitiklərə görə isə, naməlum geri çəkilmə əməliyyatı Əsəd rejiminə məğlub olmuş müxaliflərə qarşı Qərbin təzyiqlərini yaratmaq üçün siyasi manevrdir. Yəni Moskva Əsədi gücləndirməklə Qərbə göstərmək istəyir ki, müxaliflər onlara verilən dəstəkdən lazımınca istifadə edə bilmədilər. Yenə də bunun Cenevrə danışıqlarından əvvələ təsadüf etməsi xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən Suriyadakı əməliyyatlar Rusiyaya baha başa gəlirdi. Barak Obama da “Suriya əməliyyatları Rusiya üçün bahalı işdir və bataqlıqdır” demişdi. Beləliklə də, Rusiya əzəli rəqibi qarşısında daha da zəifləməmək üçün və düşdüyü tələdən geri çəkilməklə çıxdı. Paralel olaraq, Rusiya Amerikaya İŞİD kimi təhlükəylə döyüşmək gücündə olan qlobal güc kimi göstərdi və masadakı yerini möhkəmlətdi. Həmçinin, Rusiyada çoxlu sayda müsəlman yaşayır və burada İŞİD-ə simpatiya bəsləyənlərin sayı da az deyil. İŞİD-lə uzun müddətli savaş bu baxımdan bumeranq effekti verə bilər.

Obamanın məxfi 2017-ci il planı

İlin əvvəlində ABŞ prezidenti Suriya ilə bağlı Konqresə məktub göndərdi. Məktub ABŞ-ın 2017-ci il üçün Suriya planından bəhs edirdi. Detallar mediaya açıqlanmasa da, plan “Assoşieyted Press” tərəfindən ələ keçirildi. Plana əsasən, Əsədin hakimiyyəti 2017-ci ilədk davam edəcək: “Fevraldan başlayaraq Suriyadakı proseslər keçid mərhələsinə girəcək. Əsəd 2017-ci ilin martınadək hakimiyyətdə qalacaq. Obamanın planı Əsədin 2017-ci ildən əvvəl hakimiyyətdən getməsini dəstəkləmir. Məxfi sənəd Suriya müharibəsinin addım-addım baş çatdırılmasından bəhs edir. Burada Suriya böhranının həllinə mane olan tərəflərə diqqət edilir. Suriyada yeni siyasi proseslər martdan başlayacaq. Bu Suriyada keçid hökumətinin qurulmasını rəsmiləşdirəcək və mayda Parlament seçkiləri keçiriləcək. Yeni Konstitusiya isə 2017-ci ilin yanvarında təsdiq ediləcək və bununla Əsədin hakimiyyətdən getməsi gündəmə gətiriləcək. Beləliklə, 2017-ci ilin martında Əsəd hakimiyyətdən gedəcək və həmin ilin avqustunda növbəti Parlament və Prezident seçkiləri keçiriləcək”. Mənbə həmçinin, ABŞ və Rusiya arasında əldə edilmiş razılaşma əsasında martda rus qoşunlarının tədricən Suriyadan çıxacağını yazırdı. Bu gün Rusiyanın Suriyadan çıxması fonunda baş verənlər iddiaların haqlı tərəflərini izah edir.

Kerri qara qutuda Moskvaya gitar gətirmişdi?

Ağ Evə yaxın “Assoşieytdet Press”, “Vaşinqton Tayms” və “Nyu-York Tayms” kimi nəşrlər yanvar ayında Əsədlə bağlı bağlı ABŞ və Rusiya arasında əldə edilmiş gizli anlaşmanın daha ilginc detalları haqqında məlumat verirdilər. İddia olunurdu ki, Rusiya iqtisadiyyatında dərinləşən böhranı aradan qaldırmaq, Ukrayna və Suriyadakı müharibələrə çəkilən xərcləri kompensasiya etmək üçün Kreml Suriyadan çıxmaq müqabilində ABŞ və Avropanın siyasi-maliyyə maqnatlarının iri məbləğdə maddi vəsait təkliflərini qəbul edib. Bu nöqteyi-nəzərdən ABŞ Dövlət katibi Con Kerrinin son Moskva səfəri xüsusi əhəmiyyət kəsb edir. Kerrinin bu səfərində gizlin anlaşmanın xırda detalı göründü. Belə ki, dövlət katibi Moskvaya əlində iri qara qutuda gitarıyla getdi. Putin Kerridən qutuda nə olduğunu soruşur və gitara cavabını aldıqdan sonra gülümsəyərək cavab verir: “Mən elə bilirdim, dollar gətirmisiz”. Analitiklər də Kerri və Putin arasındakı bu yumoristik dialoqun lətifədən uzaq olduğunu deyirlər. Burada söhbət razılaşma əsasında Kerrinin ABŞ-ın Rusiyaya Suriyadan çıxmaq müqabilində vəd etdiyi pulları Putinə təhvil verməsindən gedir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları