Yuxarı

Rusiya “Qarabağ açarı”nı vermir

Rusiya “Qarabağ açarı”nı vermir

Ərəstun Oruclu: “Üstünlüyümüzü qəbul etmək istəmirlər”

Sülhəddin Əkbər: “Kreml Azərbaycanı şirnikləndirmək istəyir”

İqbal Ağazadə: “Moskva çalışır ki, rıçaqı əlində saxlasın”

Azərbaycanın Ermənistana qarşı keçirdiyi uğurlu hərbi əməliyyatlar Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə olan ümidləri artırdı. Rusiyanın yüksək çinli rəsmilərinin Bakı səfərlərində həllə yaxınlaşmağa dair iddialar ortaya çıxdı. Bəlli idi ki, Baş nazir Dmitri Medvedyev və Xarici işlər naziri Sergey Lavrov Bakıya Kremlin yeni planıyla gəlmişdilər. Səfərlərin pərdəarxası məqamları bilinməsə də, Kremlin rəsmi Bakı ilə münaqişənin mərhələli həllinə razılaşdığı deyildi. Hətta bir az da irəli gedən iddialar Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sərkis-yanı da razı salması məsələsini manşetlərə daşıdı. Deyilirdi ki, Ermənistanın şəxsi təşəbbüsüylə pozulmuş atəşkəs rejiminə Azərbaycanın kəskin cavabı Moskvada narahatlıq yaradıb. Dağlıq Qarabağı da nəzarət altında saxlayan bir sıra strateji nöqtələrin Azərbaycan tərəfindən azad olunmasının Bakının diplomatik masadakı yerini möhkəmlətdiyi də gələn məlumatlar arasındaydı. Faktiki olaraq, Azərbaycan üstün görünürdü.

Lakin gözlənilməz atəşkəs elanı çoxmənalı suallar yaratdı. Bu əsnada da gələn məlumatlar Azərbaycanın lehinəydi. Münaqişənin kilid dövləti Rusiya ilə danışıqlar prosesində yerini möhkəmlədən Azərbaycanın diqtə dilində danışdığı bildirildi. Pakistan, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı kimi güc dövlətlərindən dəstəyin veriləcəyi vədi də bu qəbildən idi. Amma bu üstünlük müqabilində münaqişə yenidən gündəmdən düşür və vəziyyət aprelin 1-dən əvvəlki mövqeyinə qayıdır. “Üstünlük bizdə, hakimiyyət niyə maraqlarımızı diktə edə bilmir” kimi suallara da cavab birmənalı deyil.

“Azərbaycana müqavimət var”

“Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuriyət”ə bildirib ki, münaqişənin həll prosesində üstünlüyün hansı tərəfdə olduğunu demək hələ tezdir. Ə.Oruclu Azərbaycanın beynəlxalq ictimaiyyətdən diqqətli yanaşmalar gözlədiyini deyib:

“Rusiya rəsmilərinin də mövqelərində müxtəliflik görünür. Lavrov və Medvedyevin açıqlamalarında fərqli nüanslar var. Görünən odur ki, Putinin təmsilçisi olan Lavrov Azərbaycana münaqişənin qismən həlli müqabilində Rusiyanın lider olduğu təşkilatlara üzv olmağı təklif edir. Bu, birliklərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqı daxildir. Medvedyevin açıqlamasından isə göründü ki, Rusiya mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Amma bu variantların heç biri Azərbaycan üçün əlverişli deyil. Digər tərəfdən biz hələlik bilmirik ki, Almaniya beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə hansı təklifləri verir. Təbii ki, münaqişənin həlli üçün uyğun şərait var. Azərbaycanın üstünlüyü bu gün şübhəsizdir. Amma buna olan müqavimət açıq formada görünür. Heç də bütün tərəflər Azərbaycanın üstünlüyü qəbul etmək istəmirlər. Yaxud bu üstünlüyə kölgə salmağa, ya da bundan yararlanmaq imkanlarını məhdudlaşdırmağa çalışırlar. Düşünürəm ki, diplomatik cəbhədə geniş şəkildə mübarizə aparılmalıdır. Bundan sonrakı uğur da diplomatik sahədə əldə oluna bilər”.

“Rusiya Azərbaycana qoşun yeritmək istəyir”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə atəşkəs rejiminin pozulmasında Rusiyanın “Lavrov planı”nı Azərbaycan və Ermənistana qəbul etdirmək dayandığını bildirib. S.Əkbərin sözlərinə görə, Rusiyanın məqsədi Ermənistanı Azərbaycan vasitəsilə susdurmaq və bir neçə rayonun geri qaytarılmasıyla Azərbaycanı şirnikləndirmək idi:

“Görünür ki, tərəflər buna razı olmayıblar. Rusiya da danışıqlar prosesini davam etdirir və planın icrasını dayandırıb. Bu nə Ermənistan, nə də Azərbaycanın təşəbbüsüylə olan proses deyil, Rusiya tərəfindən başlayıb və onun tərəfdən də idarə olunur. İndiki şərtlərdə də planın tərkib hissəsi olan 5 rayonun qaytarılması məsələsinin həllini tapacağını real görmürəm. Bu o halda baş verə bilər ki, Rusiya Ermənistanı razı sala bilsin. Bu da çox çətin bir prosesdir. Digər tərəfdən, o halda həllini tapa bilər ki, Azərbaycan 5 rayon müqabilində öz suverenlik və müstəqilliyindən vaz keçsin. 5 rayonun qaytarılması müqabilində rus qoşunları sülhməramlı qüvvələr adı altında Azərbaycana yeridilməlidir. Heç bir dövlət başçısının buna gedəcəyini düşünmürəm, Azərbaycan xalqı heç vaxt buna razı olmaz”.

“Rusiya Azərbaycanı Qarabağdan imtina etməyə qoymaz”

Ümid Partiyasının sədri İqbal Ağazadə “Cümhuriyət”ə açıqlamasında taktiki uğurların Ermənistan - Azərbaycan münaqişəsinin həllini fərqli yerlərə gətirib çıxaracağına inanmadığını deyib. İ.Ağazadə hesab edir ki, Rusiya regiondan çıxmayanadək bu məsələ həll olunmayacaq:

“Bir anlıq fərz edək ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Fərqi yoxdur, biz işğal olunmuş torpaqlarımızı azad etmişik, yaxud gücümüz çatmayıb torpaqlarımızı əlimizdən alıblar, müharibə bitib, atəşkəs sazişi imzalanıb və sair.

Bu münaqişənin həlli istiqamətində Rusiyanın yeri bəlli olmayana, bir vəziyyətə çıxmayanadək problem həll olunmayacaq. Problem ona görə yaranmayıb ki, bu xalqlar dil tapa bilmirlər və torpaq uğrunda savaşırlar. Belə deyil. Bu Rusiyanın Cənubi Qafqazda qalmaq savaşıdır, proses də davam edir. Rusiyanın yeri bəlli deyilsə, münaqişənin həlli, həmçinin Qarabağa “müstəqilliyin” verilməsi də mümkün deyil. Rusiya bu gün Azərbaycanı Dağlıq Qarabağdan belə imtina etməyə qoymaz. Rusiya hər vəchlə Azərbaycan daxilində konflikt yaradacaq ki, bu problem münaqişəli vəziyyətdə qalsın ki, regiona diktə edə bilsin”.

Mənsur Rəğbətoğlu Cebhe.info





Həftənin ən çox oxunanları