Yuxarı

Rusiya Azərbaycanı şantaj edir

Rusiya Azərbaycanı şantaj edir

Cümşüd Nuriyev: “Moskva sərhəd olmayan əraziləri özünə birləşdirə bilər”

Əli Orucov: “Azərbaycan nə Gürcüstan, nə də Ukrayna deyil”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinə və Qarabağda 4 günlük müharibə mövzusuna toxunub. Jirinovski deyib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb, o davam edir və bundan sonra da davam edəcək. RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır:

“Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”. Vladimir Jirinovski bundan əvvəl də Qarabağla bağlı ilginc iddia ilə çıxış etmişdi. O, Dağlıq Qarabağın nə Azərbaycana, nə də Rusiyaya məxsus olduğunu, Rusiyanın tərkib hissəsi olduğunu demişdi: “Gec-tez Qarabağ Rusiyaya birləşdiriləcək”.

Qara dənizdən Qarabağa

Azərbaycan və Avropada şovinist və ağılsız siyasətçi kimi tanınan Jirinovskinin bu açıqlaması Qarabağ gərginliyinin pik həddə olduğu vaxt heç də qeyri-ciddi deyil. Çünki tez-tez sensassion açıqlamalar və təkliflərilə gündəmə gələn Jirinovski haqqında “Putinin beynində olan onun dilindədir” deyirlər. Yəni Kreml öz uzaq hədəflərini və planlarını RLDP liderinin diliylə açıqlayır. Təsadüf deyil ki, Ukraynada “Maydan” İnqilabının baş verdiyi vaxt o, Kreml və Donbasın Rusiyaya birləşdirilməsini təklif etdi. Həmin vaxt Avropa, ABŞ, elə Azərbaycanın özündən olan siyasətçilər bu çıxışını qeyri-ciddi adlandırıb, münasibət bildirməkdən imtina etsələr də, Jirinovskinin kəhanəti gerçəkləşdi. Krım Rusiyaya birləşdirildi. Paralel olaraq, 2015-ci ilin ortalarında RLDP lideri Qara dənizinin adını “Rus dənizi” adlandırılmasını təklif etdi. Bu da ciddiyyə alınmadı. Lakin əvəzində Rusiyanın Qara dənizdə hərbi qüvvələrinin sayını artırması, əlavə qüvvələr göndərməsi prosesi müşahidə olundu. Bunu Qara dənizin NATO üzvü olan dövlətlərinə təhdid kimi başa düşən alyans hövzəyə əlavə qüvvələr göndərdi. Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsilə müşahidə olunan hadisələr fonunda regionda NATO-Rusiya savaşının başlaması siqnalları verildi. Çünki Putin sələflərinin Qara dənizi işğal planının yol xəritəsini masasında açmışdı.

İstanbula atom bombası atmaq, “Nə mutlu türkəm deyənə”

İstanbula atom bombasının atmaq təklifindən tutmuş “Nə mutlu, türkəm deyən”ə qədər təzadlı çıxışlarıyla tez-tez gündəmə gələn Jirinovskinin fikirləri qeyri-ciddi deyil. Bu adam həmişə Rusiyanın izlədiyi xarici siyasətə uyğun danışır. Keçmiş Sovet respublikaları Kremlin qravitasiya sahəsindən uzaqlaşan kimi federasiya daxilindəki keçmiş SSRİ vətəndaşlarına qarşı ifrat millətçiyə çevrilə bilən Jirinovski həssas məqamlarda “vurduğu” dövlətlərin Rusiyaya dost olduqlarını deyə biləcək qədər də peşəkar siyasətçidir.

Dəfələrlə ermənilərin lehinə verdiyi açıqlamalarla və azərbaycanlıları təhqir etməklə Azərbaycanın ictimai rəyində “ermənidən çox erməni” adını qazanmış RLDP lideri 2014-cü ildə Bakıya səfərindən sonra kəskin dönüş etdi. Hətta Bakının küçə və məktəblərində insanların rus dilində danışmalarından kövrələrək ağladı, Moskvaya qayıtdıqdan sonra aylarla Rusiya - Azərbaycan dostluğuna dair pafoslu çıxışlar etdi. Bu o zamana təsadüf edirdi ki, Rusiya Qərb dövlətlərinin sanksiyaları altında idi, ölkəsinin iqtisadiyyatının asılı olduğu neft bazarlarda reanimasiyaya girmişdi, ölürdü.

Bu məqamda da Rusiya Azərbaycanı ucuz kənd təsərrüfatı məhsulları bazarı kimi önə çəkirdi. Federasiyanın düşdüyü bataqlıqda batması Kreml üçün “İşin xatiri üçün ayıya dayı demək” prinsipini işlək vəziyyətə gətirmişdi. Yəni Azərbaycan həmin vaxt batan rus gəmisi üçün xilas limanı kimiydi. Putin Rusiyanın bütün yüksək vəzifəli diplomatları, ranqlı məmurlarıyla yanaşı Jirinovskiyə də Azərbaycanı “vurmamaq” göstərişi vermişdi.

Bəs bu gün nə dəyişdi?

Jirinovskini dayandırdığı yerə qaytaran səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən yeni gəlişmələrdir. Azərbaycan Kremlin mərhələli həllini təklif edən “Lavrov planı”nı qəbul etmədi. Hakimiyyətdəki “5-ci kolon” funksiyasını yerinə yetirən kəsim buna loyal münasibət bəsləsə də, xalq və müxalifətdən buna kəskin reaksiya gəldi. Aprelin əvvəlində 4 günlük müharibə də göstərdi ki, hakimiyyət Qarabağ məsələsində xalqla hesablaşacaq. 5 rayonun qaytarılması müqabilində Qarabağlı Ermənistana güzəştə getməyəcək. Paralel olaraq, Rusiyanın Qarabağa sülhməramlı qoşun yeritmək səyləri qarşısında hakimiyyətdəki bəzi dairələrin məsələyə həlli ABŞ və Türkiyə ilə birlikdə axtarmaq cəhdləri də Kremli qıcıqlandırır. Belə bir vəziyyətdə Jirinovskinin çıxışı birbaşa Putinin özü tərəfindən Azərbaycana ünvanlanmış mesajdır. Bu, Azərbaycanın Rusiyanın təsir dairəsində olduğunun xatırlatmasıdır. Yəni Azərbaycan bu dairədən çıxdığı halda rus qoşunları Qarabağa girə bilərlər. Beləliklə Rusiya həssas vəziyyətdə Azərbaycana həmlə edən Qərbin qarşısını kəsmək istəyir. Onu da unutmaq lazım deyil ki, Jirinovski Azərbaycanın da daxil olduğu böyük bir arealda yaradılacaq imperiyaya imperator olmaq təklifini edib.

“O, dəli deyil”

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə bildirib ki, Vladimir Jirinovski dəli kimi qəbul olunsa da, o, Rusiya təhlükəsizlik orqanlarının generalıdır. C.Nuriyev həm də RLDP liderinin Rusiya dövlətinin sözçüsü olduğunu deyib:

“Rusiya hansısa planı həyata keçirmək istəyirsə, əvvəlcə Jirinovskinin diliylə bunu gündəmə gətirir. O, birincə deyil ki, bu fikiri səsləndirir. 1991-ci ildə SSRİ Kommunist Partiyasının sonuncu qurultayında partiyanın buraxılması məsələsi gündəmə gətirildi. Azərbaycanlı deputatlardan ya Araz Əlizadə, ya da Tofiq Qasımov bu qurultayda iştirak edirdi. Jirinovski burada dedi ki, “Ermənilər və azərbaycanlılar Qarabağda biri-birlərini qırırlar, amma Rusiya nə vaxt istəsə bu məsələ həll olunacaq, Qarabağ bizimdir. Biz bu bölgəni kiməsə istəsək verərik”. Dediyi kimi də oldu. İndi bunu təkrarlaması ciddi məsələdir. Çünki Rusiya yeni qanun qəbul edib, buna görə də Rusiya sərhəd olmayan əraziləri özünə birləşdirə bilər. Gürcüstandan sonra Azərbaycanın özündən uzaqlaşması Rusiyanı narahat edir. Nəticədə açıq şəkildə Azərbaycanı təhdid edirlər. Yəni Jirinovski də növbəti təhdidi dilə gətirən adamdır, bu Rusiya dövlətinin mövqeyidir. Onu tam ciddiyə alıram”.

“Jirinovski həm ciddidir, həm də qeyri-ciddi”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə Kremlin deyə bilmədiklərini Jirinovski vasitəsilə gündəmə gətirdiyini bildirib. Ə.Orucov qeyd edib ki, o, təkcə Azərbaycanı yox, beynəlxalq ictimaiyyəti də bu yolla şantaj edir:

“Jirinovskinin fikrini həm ciddiyə almaq olar, həm də yox. Çünki o, Rusiya Dumasının üzvüdür, burada bir fraksiyanın rəhbəridir. Vaxtilə Dumada vitse-spiker də olub. Eyni zamanda regionda və dünyada siyasi proseslər elə bir vəziyyətdə cərəyan edir ki, Rusiya heç özünün çarəsinə baxmaq gücündə deyil, qaldı ki, özünə yeni düşmənlər qazansın. Rusiya Ukrayna, Moldova, Gürcüstan və Suriyada ilişib qalıb. Buna görə də, Azərbaycanı özünə qarşı çevirə bilməz. Çünki Azərbaycan nə Gürcüstan, nə də Ukrayna deyil, bura digər regionlarla müqayisə oluna bilməz. Azərbaycan Yaxın Şərq və Orta Asiyaya açılan qapıdır, eyni zamanda beynəlxalq enerji, nəqliyyat, kommunikasiya xətlərinin keçdiyi, nəhəng enerji resurslarına malik bir ölkədir. Faktiki olaraq, Azərbaycan Qərbin strateji müttəfiqi statusundadır. 4 günlük müharibədə Ermənistanın darmadağın olunması prosesi başladı. Amma ən yaxın strateji, siyasi və hərbi müttəfiqi olan Rusiya Ermənistanı müdafiə edə bilmədi. Rusiya heç vaxt Azərbaycanı itirmək istəməz. Azərbaycanı itirmək Rusiyanın Cənubi Qafqaz və Orta Asiyanı itirməsi deməkdir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları